UEFA Həmzəzadəni niyə hakim yerinə qoysun?

Kürşad

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sabah”la “Neftçi” arasındakı cavab oyununu izlədikcə bir mövzuda yəqinliyim daha da möhkəmləndi: azərbaycanlı futbolçular bu hüsn-camalla, bu oyunla, bu performansla Biləcəridən o tərəfə ancaq Dubaya, Antalyaya təlim-məşq toplanışına gedərlər. Avropada özünə hörmət edən heç bir klub Bəxtiyar Həsənalızadə, Ceyhun Nuriyev, Elvin Camalov, Camal Cəfərov, Xəyal Nəcəfov, Azər Salahlı kimiləri “futbolçu” kimliyi ilə transfer etməz. Avropada özünə hörmət edən klublar Eddi İsrafilovu futbolçu kimi yüksək qiymətləndirmədiyi üçün də İspaniyada fırlanıb, fırlanıb özünü “Neftçi”yə atdı. Nə isə, yerli futbolçu məsələsi əbədi və ağır dərddir. Bazarda qabağına 10 kilo kartof qoyub satmalı olanlar AFFA rəhbərliyinin qanmazlığı ucbatından “limit” adlı zadın sayəsində kef edirlər.

“Sabah” – “Neftçi” matçını izlərkən bir suala da cavab tapdım: UEFA bizim futbol hakimlərini niyə referi yerinə qoyub, normal təyinatlar vermir? Sualın cavabını “Sabah” – “Neftçi” görüşünün hakimliyində tapdım. Deməli, “Neftçi”nin futbolçusu Eddi İsrafilov açıq ayaqla, ildırım sürətiylə, bütün gücü ilə “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayevin ayağına zərbə endirir. Baş hakim Rəvan Həmzəzadə bu epizoda qiymət verməmiş, İsayev Eddiyə hücum edir, onu vurur. Baş hakim də haqlı olaraq “Sabah”ın futbolçusunu meydandan qovur. Bura kimi hakim haqlıdır. Bəs Eddi İsrafilovun cəzası? Sarı vərəqə (!). Halbuki Eddi rəqibinin ayağına o cür girdiyi üçün istisnasız, tərəddüdsüz meydandan qovulmalı idi. Belə deyək, futbolda rəqibinə qarşı bu cür davranış “futbol cinayəti” adlana biləcək qədər qəbuledilməz sayılır. Çünki futbol, oyun, nəticə bir yana, qarşındakı insandır və rəqibə qarşı o cür kobud oynamaq sağlamlığına ciddi zərər vura, hətta şikəst edə bilər. Amma görünür, Rəvan Həmzəzadənin bütün bunlardan xəbəri yoxdur. İsayevin epizoddan sonra Eddiyə qarşı hədsiz aqressiv davranmasının səbəbi də bu idi – şikəst etməyə yönəlik kobud oyun.

Xülasə, bu cür hakimliklə, bu cür yerli futbolçularla bizi elə xaricdə görüb tanımasalar yaxşıdır. Oturun burda, işləriniz Rəvan getsin!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button