UEFA “Düdelanj” – “Qarabağ” oyunundakı erməni təxribatına dair ilkin mövqeyini açıqlayıb
UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”ın Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi oyunda baş verənlərlə bağlı hələ intizam işi açmayıb.
Komanda.az xəbər verir ki, UEFA intizam işinin açılıb-açılmayacağını müəyyənləşdirmək üçün matçdakı rəsmi şəxslərin hesabatını gözləyəcəyini açıqlayıb.
“Stadionda dronun uçması ilə əlaqədar hakim təhlükəsizlik səbəbindən qarşılaşmanı ilk hissədə dayandırıb. 24 dəqiqədən sonra oyun davam edib və insidentsiz başa çatıb” deyə cavabda vurğulanıb (Report).
“Düdelanj” – “Qarabağ” oyununun 30-cu dəqiqəsində Miçelin rəqib qapısından 2-ci qolu keçirməsindən sonra stadionun üzərində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı asılmış dron uçmağa başlayıb. Bu isə Rəşad Sadıqov başda olmaqla Ağdam klubunun futbolçuları tərəfindən sərt etirazla qarşılanıb. Onlar hakimə etirazlarını bildiriblər. Qarşılaşmanın baş hakimi isə vəziyyətin ciddiliyini nəzərə alaraq, futbolçuları paltardəyişmə otağına göndərib. Bu zaman azarkeşlərdən də meydan daxil olmağa çalışanlar olub. Nəticədə, qarşılaşmada 10 dəqiqədən çox fasilə yaranmışdı.
Bizi Facebook-da izləyin