UEFA-dan “İnter”, “Latsio”, “Ayntraxt” və “Şaxtyor”a cəza
UEFA Avropa Liqasının oyunları ilə əlaqədar bəzi klubları cəzalandırıb.
Komanda.az xəbər verir ki, Ukraynanın “Şaxtyor” klubu, azarkeşlərinin Frankfurt “Ayntraxt”ı ilə fevralın 14-də Xarkovdakı “Metallist” stadionunda baş tutan oyundakı irqçi davranışları səbəbindən cəzalanıb. Belə ki, Donetsk təmsilçisi növbəti avrokubok matçında stadionunun bir tribunasını boş buraxmalı və orada UEFA-nın “Equal game” (Bərabər oyun) bannerini yerləşdirməlidi. Azarkeşlər pirotexniki vasitələrdən də istifadə etdiyi üçün, “Şaxtyor” həm də 10 min avro cərimə ödəyəcək.
İtaliyanın “Latsio” klubu da oxşar cəza ilə üzləşib. Paytaxt klubu da “Sevilya” ilə səfər matçında (20 fevral) azarkeşlərinin xoşagəlməz davranışları səbəbindən cəzaya məruz qalıb. İtaliyalı fanatlar həmin oyunda irqçi şüarlar səsləndiriblər. Buna görə “Latsio” növbəti avrokubok matçında stadionunun bəzi tribunalarına bilet satışı həyata keçirə bilməyəcək. Həmin boş qalan tribunalarda isə “Equal Game” banneri yerləşdirilməlidi.
UEFA ən sərt cəzanı “Ayntraxt”a kəsib. Almaniya təmsilçisi 50 min avro cərimə olunub. Buna Frankfurt klubunun Milan “İnter”i ilə 1/8 final mərhələsinin cavab matçında (14 mart) alman fanatların meydana kənar əşyalar atması, eləcə də pirotexniki vasitələrdən istifadəsi səbəb olub. Sözügedən komanda avrokuboklar çərçivəsində keçirəcəyi növbəti 3 səfər matçına azarkeş aparmaqdan da məhrum edilib.
Sözügedən oyuna görə “İnter” də cəzalanıb. Təhlükəsizlik qaydalarına əməl olunmadığına görə, İtaliya klubu 15 min avro cərimələnib.
Bizi Facebook-da izləyin