UEFA-dan avrokuboklardan kənarda qalan klublara güzəşt
UEFA avrokuboklar üçün yeni həmrəylik ödənişi modelini təsdiqləyib.
Komanda.az xəbər verir ki, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin (İK) Moldovanın paytaxtı Kişinyovda dünən keçirilmiş iclasında qəbul olunub.
Bundan sonra UEFA-nın bayrağı altındakı yarışlarda iştirak edə bilməyən daha çox kluba vəsait ayrılacaq. Belə ki, UEFA TOP-5-ə daxil olmayan ölkələrin klublarının paylarını artıracaq:
- “Böyük beşliy”ə daxil olmayan bütün ölkələrin milli assosiasiyalarının payının artırılması, İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa üçün ödənişlərin məhdudlaşdırılması;
- UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil olunan və olunmayan assosiasiyalar arasındakı uçurumun aradan qaldırılması;
- Bazar paylarının azaldılması və bölgünün tanınan idman prinsipləri əsasında ədalətli aparılması.
Dəyişikliyə əsasən, avrokubok iştirakçısı olmayan klublar üçün nəzərdə tutulmuş 140 milyon avroluq həmrəylik ödənişinə turnirlərdən əldə olunmuş ümumi gəlirin maksimum 30 faizi qədər (35 milyon avro) əlavə ediləcək.
2018-2021-ci illərlə müqayisədə klublar üçün həmrəylik ödənişi 175 milyon avro təşkil edəcək. İlk beşliyə daxil olmayan assosiasiyalar üçün ayrılan vəsait 132,5 milyon avroya yüksələcək. Bu, əvvəlki ilə müqayisədə təxminən 50 milyon avro – 60 faizdən çox artım deməkdir.
Bizi Facebook-da izləyin