AÇ-2020: Sevilya Bilbaonu əvəzlədi, Dublin ev sahibliyi hüququndan məhrum edildi
UEFA AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlərlə bağlı qərar verib.
Komanda.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının prezidenti Zbignev Bonek “tvitter” hesabında məlumat yayıb. O, İspaniyanın Sevilya şəhərinin də AÇ-2020-yə ev sahibliyi edəcəyini bildirib.
Daha əvvəl UEFA İspaniyanın Bilbao şəhərindən AÇ-2020-nin ev sahibliyi hüququnu almışdı. İrlandiyanın paytaxtı Dublində keçirilməli olan oyunları isə Sankt-Peterburqa həvalə edilib. Dublin AÇ-2020-yə ev sahibliyi etməyəcək.
Koronavirus pandemiyasına görə təxirə salınmış AÇ-2020-yə Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Sevilya (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri ev sahibliyi edəcək. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.
Daha əvvəl Bakı (Azərbaycan), Roma (İtaliya), Sankt-Peterburq (Rusiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka) və Qlazqo (Şotlandiya) UEFA-ya azarkeşlərlə bağlı təminat verib.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyunun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.
Bizi Facebook-da izləyin