Üç medal qazandı, uğurunu Azərbaycan Ordusuna həsr etdi
11-18 noyabr tarixlərində Perunun təşkilatçılığı ilə keçirilən ağır atletika üzrə yeniyetmələr arasında dünya kuboku başa çatıb.
Komanda.az xəbər verir ki, yarışda 61 ölkədən 399 (181 qadın və 218 kişi) idmançı medal mübarizəsi aparıb.
Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olub. Onlardan daha ikisi qüvvəsini sınayaraq millimizin çıxışlarına yekun vurublar.
Qeyd edək ki, kubok qeyri-ənənəvi qaydada təşkil edilir. Dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən idmançıların bir araya gələrək eyni məkanda yarışması mümkün deyildir. Bu səbəbdən də Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən alternativ variant olaraq onlayn yarış keçirilməsi qərarı qəbul edilib. Belə ki, kubokda iştirakı təsdiqlənən ölkələrin idmançılarının hər biri öz ölkəsində (məkan seçimi sərbəstdir) təyin olunan yarış vaxtında “Zoom” proqramı vasitəsilə qoşulur, hər biri öz yanaşmasını qaydalar uyğun və sıralama ilə yerinə yetirir.
73 kq çəki dərəcəsində C qrupunda çıxış edən Sənan Sahibov toplam 228 kq (100+128) nəticə ilə bu qrupda 4-cü yeri tutub.
102 kq çəki dərəcəsində isə idmançımız böyük uğur qazanıb. Əli Şükürlü birdən qaldırma hərəkətində 145 kq-ı ram edərək bu hərəkətdə dünyanın ən yaxşısı olub. Təkanla qaldırma hərəkətində 165 kq-ı başı üzərinə qaldıran atletimiz bu hərəkətdə gümüş medal əldə edib. Toplam 310 kq (145+165) nəticə Əli Şükürlü dünya kubokunun yekun sıralamasında da gümüş medal qazanıb.
Tarixi uğur qazanan Əli Şükürlü uğurlu yarışı barədə təəssüratlarını da bölüşüb:
“Bütün çətinliklərə rəğmən bu medalları qazana bilməyim məni çox sevindirir. Birdən qaldırmada qızıl, təkan və toplamda gümüş böyük nəticədir və pandemiya şəraitində buna nail olmağıma xüsusilə adam. Hazırlıq çox çətin keçdi. Sumqayıtda ev şəraitində məşq edirdim, təlim-məşq toplanışlarımız yox idi. Sağ olsun məşqçilərim Ağalar Muxtarov, Oktay Muxtarov və Emil Əliyev ruhdan düşməyimə imkan vermədilər. Məhdud imkanlarla çalışmalarımı davam etdirdim, formamı qorudum və inkişaf etdirdim. Dünya kubokunda bu medalları qazanmağım bütün əziyyət və əməyimizin bir əvəzi oldu. Atama da təşəkkür edirəm ki, mənə çox dəstək oldu, inandı. Onu da bu uğurum münasibətilə təbrik edirəm. Cəbhədəki qələbəmizdən sonra bu əlavə bir sevinc oldu. Mən Qubadlıdanam. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad etməsi böyük bir bayram idi. Ata-baba torpaqlarımız geri qayıtdı və biz ərazi bütövlüyümüzü təmin etdik. Mən də bu uğurumu Azərbaycan Ordusuna həsr edirəm! Hər bir əsgərimizə təşəkkür edirəm ki, bizə belə xoş hissləri yaşatdılar. Mən də bir idmançı kimi bu qələbəyə əlavə töhfəmi verə bildiyimə görə şadam. İnanıram ki, uğurlarımız davamlı olacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Bizi Facebook-da izləyin