Azərbaycanın üç güləşçisi Avropa çempionatının finalında
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, yarışın ikinci günündə 60, 67, 72, 82 və 97 kq-da yer alan yunan-Roma güləşçilər çıxış edib.
Mübarizəyə 1/4 finaldan qoşulan Elmir Əliyev (60 kq) türkiyəli Mert İlbarsla gərgin keçən görüşdə əzmkar qələbə qazanıb – 6:5. Həmyerlimiz yarımfinalda gürcüstanlı Dimitre Xaçidzeni üstələyib – 7:1. Elmir finalda israilli Melkamu Fetene ilə qarşılaşacaq.
Həsən Məmmədli (67 kq) debütdə israilli Mixail Portmanna heç bir şans tanımayıb – 10:1. Güləşçimiz 1/4 finalda türkiyəli Mustafa Yıldırıma məğlub olub – 2:4. Ancaq rəqib finala yüksəldiyi üçün Həsən bürünc medal uğrunda güləşəcək. Rəqib bolqarıstanlı İvo İliyev olacaq.
Qurban Qurbanov (72 kq) ilk mərhələdə xorvatiyalı Luka Malobabiçi vaxtından əvvəl xalçadan məyus yola salıb – 8:0. Qurbanov 1/8 finalda rumıniyalı İqor Botezdən güclü olub – 6:0. Qurban 1/4 finalda finlandiyalı Coni Komppaya qalib gəlib – 4:1. Yarımfinalda gürcüstanlı Giorgi Çixvadzeylə görüş gərgin mübarizə şəraitində keçib. Sonuncu xal prinsipinə əsasən (1:1) rəqibini üstələyən güləşçimiz adını finala yazdırıb. Qurbanov həlledici qarşılaşmada ukraynalı İrfan Mirzoyevlə üz-üzə gələcək.
İsmayıl Rzayev (82 kq) 1/8 finalda Norveç təmsilçisi Eksaus Mukubuya uduzub – 0:9. Ancaq rəqib finala yüksəldiyi üçün güləşçimiz bürünc medal uğrunda mübarizəni davam etdirmək şansı əldə edib. Rzayev təsəlliverici görüşdə polşalı Adam Qardziola ilə qarşılaşacaq.
Murad Əhmədiyev (97 kq) debütdə serbiyalı Luka Katiçə qalib gəlib – 7:2. Pəhləvanımız 1/4 finalda ukraynalı Aleksandr Yevdokimovu məğlub edib – 5:2. Əhmədiyev yarımfinalda almaniyalı Lukas Lazogianisi 7:4 hesabıyla üstələyərək finalda macarıstanlı Aleks Şokeyə rəqib olub.
Bu çəkilərdə təsəlliverici və medal görüşləri martın 15-də keçiriləcək.
Bizi Facebook-da izləyin