“Təsadüfi deyil, yaxşı oyunla qələbə qazandıq” – Şahin Diniyev

“Öncə “Qarabağ”ı təbrik edirəm. Ardıcıl 10-cu dəfə avrokuboklarda qruplara qaldılar. Düşünürəm ki, bu il uğurlu olacaq və qrupdan çıxacaqlar”.

Komanda.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 5-ci turunda bu gün “Qarabağ”a qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 2:1 hesablı qələbəni belə şərh edib: “Bu gün güclü rəqibə qarşı mübarizə apardıq. Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Əks-hücumları düşünürdük. “Qarabağ” kimi komandaya qarşı geridönüş etmək çətindir. Bu gün bunu bacardıq. Futbolçularıma təşəkkür edirəm, ritmi pozmadılar. Yaxşı oyunla qələbə qazandıq, təsadüf deyil”.

O, rəqib baş məşqçi Qurban Qurbanovun “Səbail” futbolçularının vaxt aparmasından narazılığı ilə bağlı bildirib: “Razıyam, mən də belə deyərdim. Heç kim uduzmaq istəmir. Bunlar futbolun bir hissəsidir. Mən də vaxt aparmağın tərəfdarı deyiləm, amma futbol belədir. Təzyiq altında qalmışdıq və fasilə verməli idik. Bunlar tapşırığım deyildi, futbolçularım etdi”.

Ş.Diniyev komandasının daha yaxşı olacağını qeyd edib: “Bu gün 11 nəfərdən 9-u yenidir. Komandanın özünü tapması üçün çalışırıq. Addım-addım gedirik. Oynadığımız 5 matçda heç bir rəqibə oyun planında məğlub olmadıq. Vaxt keçdikcə, daha yaxşı “Səbail” olacaq”.

Ş.Diniyev “Qarabağ” qələbəsinə görə mükafat olacaqmı” sualını isə belə cavablandırıb: “Bu rəhbərlk heç vaxt bonus məsələsində bizi incitməyib. Bizə fərqi yoxdur, qələbənin mükafatı üç xaldır. Vacib olan da budur. Futbolçular da çəkdikləri əməyə görə bonus alırlar və bu, sıradan bir şeydir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button