Tərlan Əhmədov: “Kəpəz”ə yeni futbolçular lazımdır”
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Komandamız iki fərqli hissə oynayır. Birinci hissədə daha istəkli, maraqlı, hücuma meyilli çıxış edir. Hesabda irəlidə olsaq da, ikinci hissədə tamamilə fərqli futbol oynadıq. Şamaxıda da bunun şahidi olduq. Arxayınlıq yaranır. “Sumqayıt” ilə ev oyununda da eyni ssenari idi. Bu gün də ilk yarıda 1:0 hesabı ilə öndə olduğumuz halda fasilədən sonra istənilən kimi oynaya bilmədik. Bəlkə də vura bilmədiyimiz penalti sınma nöqtəsi oldu. Ümumillikdə birinci hissədə üstünlükdən dolayı rahat oynadıq. Son üç oyunda komanda geri addım atır. Bunun da uzun səbəbləri var. Bəlkə də məğlub olmamalı idik. 11 metrlik icra olunsaydı, komanda başqa cür nəticə əldə edə bilərdi. Şanslar hələ ki, kubokda bərabərdir. Cavab görüşü var. Çalışacağıq məsələni öz xeyrimizə həll edək, növbəti mərhələyə keçək. Komandaya yeni futbolçular cəlb olunmalıdır. Bəzi futbolçularda arxayınlıq var. Çünki mövqelərində oyunçu yoxdur. Yorğunluq da var. Böyük ölçüdə komandaya bir neçə futbolçu cəlb olunmalıdır. Yeni nəfəs olmalıdır. Hücum xəttində aqressivliyin olmaması, topa nəzarətin itirilməsi istər-istəməz həmin problemləri müdafiədə yaşamağımıza gətirib çıxarır. Rəqib bizi əks-hücumda yaxalayıb boşluqlardan yararlanır. Problemi aradan qaldırmaq üçün bizə futbolçu lazımdır”.
Bizi Facebook-da izləyin