Tərlan Əhmədov: “Az qala sürprizlə qarşılaşacaqdıq”
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 3:1 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra “CBC Sport” telekanalına açıqlamasında bunları söyləyib:
“Yaşar Vahabzadəni təbrik edirəm, intizamlı komanda gördüm. Birinci divizionda belə klubun olması məni sevindirdi. Belə kubok oyunları həmişə çətin olur. Birinci divizion amili futbolçuların motivasiyası baxımından asan olmur. Gördüyünüz kimi, bu gün qırmızı vərəqə aldıq, qol buraxdıq. Amma ikinci hissədə dəyişiklik etdik, Kamaranı meydana buraxdıq, bununla da oyunumuzu tapdıq. Ölkə kuboku bir oyundan ibarət olduğundan, çətin alınır. Az qala sürprizlə qarşılaşacaqdıq. Amma ikinci hissədə 2 qol vuraraq, qələbə qazandıq. Qırmızı vərəqə alan Franko Floreslə bu barədə söhbət etməmişə. İsti başla futbolçularla heç nəyi müzakirə etmirəm. Bunun zamanı var. Futbolda vərəqə hər zaman olur. Mən Sezar Meza Kollinin “Zirə” ilə oyundakı qırmızı vərəqə almasına sərt reaksiya göstərmişdim. Çünki dirsəklə zərbəyə görə cəzalanmışdı. Mübarizə zamanı olan vərəqənin cəriməsini hətta klub da ödəyər. Buna görə, futbolçunu qınamaq olmaz. Ancaq azarkeşə, rəqibə haqsızlığı bağışlamıram. Flores isə ikinci sarı vərəqə ilə meydandan qovuldu. Miyuşko Boyoviç də “Sumqayıt”la matçda zədələndi, ili tamamladı. Qarşıdakı kubok matçında hər ikisi bizə kömək edə bilməyəcək. İndi müdafiənin mərkəzində kimi oynacağımız sual altındadı”.
Bizi Facebook-da izləyin