
“Təmiz qolumuzu saymadılar” – Samir Abasov
“Neftçi” Azərbaycan Premyer Liqasının 32-ci turunda səfərdə “Sumqayıt”la 2:2 hesablı heç-heçə edib.
Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“İlk dəqiqələrdən oyunu diqtə etməyə çalışırdıq. Bir neçə dəfə pressinq etdikdən sonra topu almağı bacardıq. Sadəcə qərarlar düzgün olmadı. İlk hücumda qapımızda qol gördük.Hakim idarəçiliyi böyük problemə çevrilmişdi. Son vaxtlar üzərimizdə təzyiq çoxdur. Bir az neqativ ab-hava formalaşıb. Amma buna görə kimlərsə istədiklərini edə bilməzlər. Bu gün hakim oyunu ələ ala bilmədi. Topdaşıyanlar topu gec verirlər, oyunun tempini salırlar. Ağadadaşın sayılmayan qolu… Planşetdə epizodlara biz də baxırıq. Ola bilər ki, VAR otağında başqa görüntülər var. Biz gördüyümüz videolara əsasən deyirəm ki, təmiz qol idi. Həmin qol qeydə alınsaydı, qalib gələ də bilərdik. Təmiz qolumuzu saymadılar. Çox vaxt hesabda öndə olanda biz qollar buraxmışıq. Amma bu gün 0:2-dən sonra qollar vurub heç-heçə etdik. Futbolçular sağ olsunlar.
Peşəkar liqada oynayırıq. Heç birimizin aqibəti bilinmir. Heç bir futbolçunun ixtiyarı yoxdur ki, təslim olsun. Dünyada nə qədər komanda var. Ən azından burada oynamalısan ki, kimlərinsə rəğbətinə qazanasan. Amma komandanı oyunlara kökləmək çətindir. Amma neynəyək? Bu, futboldur. Bundan da dərs çıxarmalıyıq. Biz öz problemlərimizi bilirik. Bu gün qapanan komandaya qarşı oynadıq. “Neftçi”dəki futbolçular digər klublardan maddiyyatı ilə seçilir. “Neftçi”nin müdafiəyə çəkilməsi, digər komandanın oynaması yolverilməz haldır. Problemləri aradan qaldırmağa çalışacağıq.
Bütün gün gələcəklə bağlı fikirləşirik, planlar qururuq. Heç kimə sirr deyil ki, bu, oyunçularla bağlıdır. Axtarışdayıq.
Son oyunda Emin Mahmudov zədələndi. Ola bilər ki, mövsümü erkən başa vursun. İki aydır oynamırdı. Çox güc sərf etdi və ayağında problem yarandı. Bəlkə də, yaşla bağlıdır. Ümumi baxanda, orta xətdə oyunçularımız çoxdur. Amma Rafael Quzzo, Rio, Emil Səfərov zədəlidir. Heyət quranda, dəyişiklik edəndə problemlə üzləşirik”.
Bizi Facebook-da izləyin