Təfəkkür problemi – Və ya, uşaqları rahat buraxın!

Əmir

Bu gün Azərbaycan millisi İsveçlə taleyüklü matça çıxacaq. İsveçlə oyun, taleyüklü matç… Nə vaxtsa bu ifadələrin Avropa futbolunun “zirzəmə”si olan D Liqası ilə assosiasiya olunacağını düşünməzdim. Bu ifadələr insanın ağlına ilk növbədə hansısa mötəbər yarışın pley-off mərhələsini gətirir. Amma bugünkü taleyüklü matç o taleyüklü matçdan deyil. Nə vaxtsa olacaq, ya yox, onu bilmirəm, amma bu gün yox, bəlkə də, sabah da olmayacaq. Niyə? “Niyə”si ilə bağlı çox yazılıb, çox deyilib. Amma daha az deyilən, qabardılan bir səbəb də var: təfəkkür.

O gün (müsəlmanın “o günü”) klublarımızdan birinin aşağı yaş qrupları üzrə komandalarından birinin məşqində idim. Məşqdə hərənin ağzından bir avaz çıxırdı. “Məşqdə” deyəndə ki, söhbət azyaşlı futbolçular arasında olan “ötürməni mənə ver”, “çəkil, mənlikdir”, “açıl”, “vur” və s. kimi “meydança söhbərlər”indən və ya məşqçilərin taktiki, texniki tapşırıqlarından getmir, meydançadan kənarda olan avazdan gedir. Yox əşi, ölkə çempionatının oyunlarına barmaqla sayılacaq qədər tamaşaçı (azarkeş yox ha) gəldiyi ölkədə hardandır aşağı yaş qruplarının məşqlərinə azarkeş gəlsin? Söhbət meydanda var-gəl edən azyaşlıların valideynlərindən gedir. Allah kömək olmuşlar (bir də susmaqla meydandakı məşqçilərə özləri kömək olsa…) məşq boyunca susmaq bilmədilər. Görən də bu səs-küy salanları valideyn yox, federasiyadan cəza aldığına görə komandasından ayrı düşmüş məşqçi zənn edərdi.

Valideynlərin göstərişləri, müdaxilələri fonunda məşq başa çatdı. Məşqdən sonra isə bu valideynlər arasında pıçhapıç başladı (Nikolayın evini yıxan pıçhapıçlardan) – ay “məşqçi mənim oğluma az şans verdi, filan uşaq zəifdir, amma oynayır, mənim uşağımsa yox”, “məşqçiyə “görüm-baxım” etmirəm deyə, oğlumu oynatmır”, “məşqçi yaxşı məşq keçmir”, “oğluma şans verilmir, komandasını dəyişəcəm” və s. və ilaxır. Fkirləşəndə ki, bu valideynlər evdə uşaqlarını nə cür “doldurur”, nə cür “motivasiya” edir, adamın bədənində tüklər biz-biz olur.

İndi siz deyin, infrastrukturu, şəraiti, istedadların olub-olmamasını qoyaq bir kənara, bu cür təfəkkür olan ölkədə futbol niyə inkişaf eləməlidir?

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button