“Vacib olan futbol deyil, müharibənin bitməsidir” – Rıza Çalımbay
Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rıza Çalımbayın Avropa Liqasında “Vilyarreal”a (İspaniya) qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransı keçirilib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çalımbay, UEFA-nın Dağlıq Qarabağdakı hadisələrə görə “Qarabağ”ın ev oyunlarını neytral meydanda keçirməsiylə bağlı qərarından da danışıb:
“Hər şeydən əvvəl oradakı kədərləndirici hadisələrə görə çox məyusuq. Müharibələrin olması mənim nifrət etdiyim şeylərdən biridir. Burada vacib olan futbol deyil, müharibənin bitməsidir. Bir orta yol tapılmır, atəşkəs olmur. Harada oynamağımızın fərqi yoxdur. Həm ev, həm də səfər oyunlarına final matçı kimi çıxacağıq. Bundan başqa, Azərbaycan ilə qardaşıq”.
“Sivasspor” Avropa Liqasının İ qrupunda “Qarabağ”, “Vilyarreal” (İspaniya) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə mübarizə aparacaq. Türkiyə klubu ilk tur çərçivəsində bu gün səfərdə “Vilyarreal”la qarşılaşacaq. “Qarabağ” isə “Makkabi”nin qonağı olacaq. Hər iki görüş saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin