Avropa Cüdo Birliyi Azərbaycan Cüdo Federasiyasını təltif etdi
Türkiyənin İstanbul şəhərində Avropa Cüdo Birliyinin (ACB) növbəti konqresi keçirilib.
Komanda.az Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə ACF-nin vitse-prezident Elnur Məmmədli və baş katib Rəşad Rəsullu iştirak ediblər.
Konqresdə ACB-nin prezidentinin, vitse-prezidentlərin, baş katibin, hakimlər üzrə direktorun, həmçinin baş xəzinədarın hesabatları, o cümlədəm 2020-ci il üçün maliyyə hesabatı dinlənilib və təsdiq edilib.
Qəbul edilmiş qərara əsasən, ACB-nin hüquqi qeydiyyatı və mərkəzi Maltadan Avstriyaya keçirilib.
Konqres zamanı ACF nümayəndələri ACB-nin prezidenti Sergey Soloveyçik, təhsil üzrə vitse-prezidenti Ceyn Bric, marketinq üzrə vitse-prezidenti Otto Naytinqer, hakimlər üzrə direktor Aleksandr Yatskeviç ilə görüşlər keçirərək qurumlar arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər və iş birliyinin genişləndirilməsi üçün atılacaq növbəti addımları müəyyən ediblər.
Eyni zamanda, konqresdə iştirak edən müxtəlif ölkələrin (Türkiyə, Almaniya, Polşa, Ukrayna, Belarus, Avstriya, Fransa, Yunanıstan, Şimali Makedoniya, İsveçrə, Estoniya və s.) cüdo federasiyaları ilə ikitərəfli görüşlər keçirilərək federasiyalararası əməkdaşlıq potensialı müzakirə olunub.
Konqresin sonunda Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazanmış Avropa ölkələrinin federasiyaları, o cümlədən Azərbaycan Cüdo Federasiyası “ACB Olimpiya Mükafatı – Tokio-2020” ilə təltif olunub. Mükafat ACF-nin vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədliyə verilib.
Olimpiadada bürünc medal qazanmış xanım cüdoçu İrina Kindzerskayaya da ACB-nin eyniadlı mükafatı təqdim olunub və mükafatı onun adından ACF-nin baş katibi Rəşad Rəsullu qəbul edib.
Bizi Facebook-da izləyin