“Atalanta”nın bir aylıq transferi Türkiyə klubunda

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi slovakiyalı müdafiəçi Martin Şkrteli heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan futbolçu ilə 1 illik müqavilə imzalanıb. 35 yaşlı futbolçu yeni komandasında 37 nömrəli formanı geyinəcək.

Son 3 mövsümü Türkiyənin digər təmsilçisi “Fənərbaxça”da keçirən Şkrtel bu yay İstanbul klubundan ayrılaraq, İtaliyaya üz tutmuşdu. O, avqustun 9-da “Atalanta” ilə müqavilə bağlamışdı. Amma ötən gün A Seriyası təmsilçisi Şkrtellə müqaviləyə xitam verildiyini açıqladı. Bu müəmmalı ayrılığın dəqiq səbəbi açıqlanmasa da, futbolçunun baş məşqçi Can Pyero Qasperini ilə arasındakı davaya görə komandadan kənarlaşdırıldığı iddia olunur. Digər iddialarda isə Şkrtelin sağlıq probleminin olduğuna görə “Atalanta”dan uzaqlaşdırıldığı bildirilir.

“Başakşəhər” Avropada transfer pəncərəsinin son günündə Berkay Özcanı da heyətinə qatıb. Türkiyə millisinin də şərəfini qoruyan 21 yaşlı yarımmüdafiəçi Almaniyanın “Hamburq” klubundan 1 illik icarəyə götürülüb. Müqavilədə satınalma şərti də mövcuddur. Özcan İstanbul təmsilində 41 nömrəli formanı geyinəcək.

“Ştutqart”ın yetirməsi olan Berkay “Hamburq”a bu mövsümün əvvəlində 1,5 milyon avroya transfer olunub. Türkiyə millisinin üzvünun sözügedən klubla 2023-cü ilin yayına qədər müqaviləsi mövcuddur.

“Başakşəhər” öz heyətindəki oyunçulardan da bəzisini icarəyə verib. Klubun rəsmi saytının yaydığı məlumata görə, bu mövsümün əvvəlində transfer olunan Məhəmməd Dəmir və Furkan Soyalp Super Liqanın digər təmsilçisi “Qazişəhər”ə bir illik icarəyə verilib. Alican Özfesli isə 1-ci liqa təmsilçisi “Hatayspor”a bir mövsümlük icarəyə göndərilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button