Türkiyə klubu “Milan”ın futbolçusunun transfer hüquqlarını da aldı

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi fransalı yarımmüdafiəçi Munir Şuyar, Fransada anadan olmuş əlcəzairli sol cinah müdafiəçisi Ahmed Tuba və türkiyəli mərkəz müdafiəçisi Eren Karaağacı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Munir və Karaağacla 3, Tuba ilə 3+1 illik müqavilə imzalanıb.

Munir Şuyar Fransanın “Lans” klubunun yetirməsidir. Müqavilə ilə “Dijon”a məxsus olan 23 yaşlı yarımmüdafiəçi, ötən mövsümü icarə əsasında Türkiyənin “Yeni Malatyaspor”da keçirib. O, bu komandada 26 oyuna 4 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Ahmed Tuba peşəkar karyerasına Belçikanın “Brügge” klubunda başlayıb. 2020-ci ildən Niderland “Valveyk”ində çıxış edən 24 yaşlı vinger, Belçikada “Leven” və Bolqarıstanda “Beroe”nin də uğurları üçün çalışıb. Belçikanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Tuba, Əlcəzairin əsas millisində də forma geyinib.

Eren Karaağac isə Fransanın “Loryan” klubundan transfer olunub. 18 yaşlı futbolçu ötən mövsüm bu komandada 2 oyuna çıxıb.

“Başakşəhər” 2021-ci ilin yanvarından İtaliyanın “Milan” klubundan icarəyə götürdüyü Leo Duartenin də transfer hüquqlarını alıb. 25 yaşlı mərkəz müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.

Leo Duarte peşəkar karyerasına Braziliyanın “Flamenqo” klubunda başlayıb. O, 2019-cu ildə “Milan”a transfer olunsa da, İtaliya klubunda möhkəmlənə bilməyib. Futbolçu ilyarımdır formasını geyindiyi İstanbul təmsilçisində bütövlükdə 54 matça çıxıb.

“Başakşəhər” öz oyunçularından Emre Kaplanın “Adanaspor”a, Ahmed Kutucunun isə Almaniyanın “Sandhauzen” klubuna icarəyə verildiyini də bəyan edib. Hər iki gənc futbolçu 2022/23 mövsümünün sonuna qədər bu klublarda çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button