“Türkiyə və Azərbaycan çempionatları daha da inkişaf etməlidir” – Şenol Günəş
“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş “Sabah”a qarşı keçirilən yoldaşlıq oyunundan sonra (3:3) fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
“Dostluq oyunu üçün buraya gəldik. “Sabah” klubuna, azarkeşlərə minnətdarıq! Nəticə olaraq heç kim üzülmədi. Hər iki tərəf açıq oynadı. 3:3 hesabı dostluğu özündə əks etdirir. Bütün futbolçularıma şans verməyə çalışdım. Çox isti münasibət gördük. Hər kəsə təşəkkür edirəm!
Hər kəsin dediyi kimi, “tək millət, iki dövlət” anlayışını bir daha gördük. Azarkeşlərə əla oyun izlətmək hamımız üçün sevindiricidir. Futbol adına “Qarabağ” da, “Sabah” da avrokuboklarda çox yaxşı çıxış edəcəklər. “Qarabağ” onsuz da Avropada adını geniş şəkildə yayıb.
Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlər üçün yaxşı bir mesaj verdik: onları tək buraxmadığımızı bildirdik. Matç ərzində həyəcan var idi. Hesabda geri düşdüyümüz epizodlar oldu. Bütün Azərbaycan futbol klublarına təşəkkür edirəm.
Onur Bulutun başında ağrılar var idi. Xəstəxanada onun durumu ilə bağlı yekun qərar veriləcək. Bu, hazırlıq matçı idi. Qələbə qazansaq və ya uduzsaq belə, fərq etməzdi. Futbol matçında hər zaman qol vurular. Onu gözəlləşdirən də məhz qollardır.
“Beşiktaş” böyük klubdur. Azərbaycanda azarkeşlərimizin olması bizi qürurlandırır. Məncə, klub olaraq düzgün işlər görmüşük. İndi də onun nəticələrini görməkdəyik.
Oyunun əsas məqamı dostluq matçı adına yönəlmişdi. Ən gözəl məqam qolların olması, azarkeşlərin dəstəyi idi. Bir futbolçunu önə çıxarıb, digəri haqda danışmamaq düzgün olmaz. Türkiyə və Azərbaycan ölkə olaraq bir-birilə yaxın əlaqədədir. Çalışacağıq ki, bu, idmanda da davamlı olsun.
Oyunun əvvəlində ötürmə xətaları etdik və qollar buraxdıq. Daha çox qollar vura bilərdik. Futbolda hər şey ola bilər. Azərbaycan çempionatını izləyirəm. Avropadan səs gətirən oyunları var. “Sabah” yeni qurulsa da, yaxşı çıxış edir. Həm Türkiyə, həm də Azərbaycan çempionatı daha da inkişaf etməlidir.
Hazırda Türkiyə çempionatında üçüncü yerdəyik. Qarşıda 3 matçımız var. Sıralamada şanslar özünü göstərir. “Adana Dəmirspor”la oyunumuz var. Həmin oyuna köklənəcəyik”.
Xatırladaq ki, bilet satışından əldə olunan gəlir Türkiyədə zəlzələdən əziyyət çəkənlər üçün təsis edilmiş yardım fonduna köçürüləcək.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin