Türkiyə millisinin yoxlama oyunu ləğv olundu
Futbol üzrə Türkiyə milli komandasının Şimali İrlandiya yığması ilə yoldaşlıq oyunu ləğv olunub.
Komanda.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Şenol Günəş yerli mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, koronavirusun Türkiyədə geniş yayılması səbəbindən Şimali İrlandiya qardaş ölkəyə getmək istəməyib. Sözügedən görüş mayın 31-də keçirilməli idi. Böyük ehtimalla Türkiyə Futbol Federasiyası həmin gün üçün başqa bir rəqib tapacaq.
Qeyd edək ki, Türkiyə millisi mayın 27-də Alanyadakı “Oba” stadionunda Azərbaycanla yoxlama oyununa çıxacaq. Qardaş ölkə təmsilçisi qarşıdakı Avropa çempionatında iştirak edəcək. “Ay-ulduzlular”ın AÇ-2020-dəki iki oyunu Bakıda baş tutacaq.
AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
Bizi Facebook-da izləyin