Bundesliqada klubunu dəyişdi – türk futbolçu
Futbol üzrə Türkiyə milli komandasının müdafiəçisi Ozan Kabak Almaniyanın “Şalke” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, 22 yaşlı mərkəz müdafiəçisi bundan sonra “Hoffenhaym”ın uğurları üçün çalışacaq. Bu barədə onun yeni klubu məlumat yayıb.
Tərəflər 4 illik müqaviləyə imza atıblar. “Hoffenhaym”ın bu transfer üçün “Şalke”yə 5 milyon avro ödədiyi bildirilir. Bonuslarla bu məbləğ 7 milyon avroya çata bilər. Türkiyəli futbolçu yeni komandasında 5 nömrəli formanı geyinəcək.
Ozan Kabak “Qalatasaray”ın yetirməsidir. 22 yaşlı futbolçu 2019-cu ildən Almaniyaya üz tutub. O, həmin il əvvəlcə “Ştutqart”da forma geyinib, daha sonra isə “Şalke”yə transfer olunub. Helzenkirhen təmsilçisində 42 matça çıxan futbolçu, 6 qolla yadda qalıb. Ozan 2021-ci ildə İngiltərənin “Liverpul” klubunda icarədə oynayıbsa, geridə qalan mövsümdə də “Norviç Siti”də çıxış edib. Kabak Türkiyə millisində də 17 oyuna çıxıb.
Ozanın gəlişi ilə yanaşı, Bundesliqa təmsilçisi öz müdafiəçisi Kasim Adams Nuhunu da İsveçrənin “Bazel” klubuna icarəyə verib. Mərkəz müdafiəçisi mövsümün sonuna kimi “Bazel”də çıxış edəcək. O, 2018-ci ildən formasını geyindiyi “Hoffenhaym”da 37 oyuna çıxıb. Qana yığmasının da üzvü olan futbolçu, daha öncə Düsseldorf “Fortuna”sında icarədə oynayıb. 27 yaşlı oyunçu “Yanq Boyz”, “Malyorka”, “Leqanes”, “Medeama” klublarında da çıxış edib, Qana yığmasında 8 oyuna 1 qol vurub.
“Hoffenhaym” hücumçusu Sarkis Adamyanı da “Köln”ə satıb. Erməni futbolçunun transferi yeni klubuna 1.5 milyon avroya başa gəlib. O, “Köln”lə 4 illik müqaviləyə imza atıb. Hücumçu “Hoffenhaym”da meydana çıxdığı 53 oyunda 11 qolla yadda qalıb.
Bizi Facebook-da izləyin