“Türkiyə klubları “Qarabağ”a baxıb, pulun hər şey olmadığını görsünlər”

“Qarabağ” dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşdı. Oyun “köhlən atlar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşdı.

“Qarabağ”ın çıxışı ilə bağlı “Turan Tovuz”un sabiq baş məşqçisi, türkiyəli mütəxəssis Naci Şensoyun fikirlərini öyrəndik. Şensoy Komanda.az-a açıqlamasında “Qarabağ”ın möhtəşəm bir geridönüş etdiyini bildirdi:

“Qarabağ” “Ferentsvaroş”la matçda hesabda geri düşməsinə baxmayaraq, oyun intizamından qopmadı və möhtəşəm bir geridönüş etdi.

Qurban Qurbanovun ən böyük uğuru futbolçularını mental olaraq ən yüksək səviyyəyə qaldırmasıdır. Yəni, oyunçularına özlərinə inamlarını heç vaxt itirməmələrini öyrətməsidir. Onun meydanın kənarında möhkəm durması isə futbolçularına pozitiv enerji ötürürdü. Belə mövqe yalnız böyük liderlərdə olur. Bu da “Qarabağ”ın üç qol vurması ilə öz təsirini göstərdi. Amma cavab matçında diqqətli olmaq lazımdır. “Ferentsvaroş”un gözlənilməz anda qol vurmaq potensialı olan futbolçuları var. Amma məncə, “Qarabağ” bu böyük üstünlükdən necə istifadə etməli olduğunu bilir.

“Qarabağ” Çempionlar Liqasında əsas mərhələyə qatılmaq üçün hər şeydən əvvəl macarları mübarizədən kənarlaşdırmalıdır. İşin nə qədər çətin olduğunu bilmədən tələsik addım atmaq olmaz. Futbol belədir. Bəli, “Qarabağ” səfərdə qazandığı qələbə sayəsində ciddi üstünlük əldə etdi, amma bu matçın ikinci yarısı da var. Unutmayaq ki, indi səfərdə və ya evdə oynamaq əvvəlki kimi böyük üstünlük vermir. Bu, əvvəllər belə idi. Təsadüfi deyil ki, FİFA-nın qərarına əsasən, səfərdə vurulan qolun üstünlüyü ləğv edilib. Buna görə də, çox diqqətli olmaq lazımdır. Həm də, “Ferentsvaroş” təcrübəli komandadır. Yenə də, “Qarabağ”ın böyük üstünlüyü var və ondan təcrübəli məşqçisi ilə istifadə etməyi biləcək”.

Şensoy hesab edir ki, Türkiyə komandaları da “Qarabağ”dan nümunə götürməlidir:

“Türkiyə klubları “Qarabağ”dan nümunə götürməlidir. Minimal investisiyalarla maksimum uğur necə əldə edilir, görsünlər. Yəni, pulun hər şey olmadığını görsünlər. “Qarabağ”ın qrup (liqa) mərhələsində Türkiyə komandaları ilə qarşılaşmasını məhz bu səbəbdən istərdim”.

“Qarabağ”la “Ferentsvaroş” arasında cavab matçı avqustun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Rəşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button