Türk hakim Avropa çempionatlarının tarixinə düşdü
AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Xorvatiya – İspaniya matçı türkiyəli hakim Cüneyt Çakır üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, 44 yaşlı FİFA referisi Avropa çempionatları tarixində ən çox oyun idarə edən hakimə çevrilib. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Sözügedən qarşılaşma Çakırın karyerasında Avropa çempionatlarında idarə etdiyi 9-cu matç olub. O, daha öncə AÇ-2012-də və AÇ-2016-da da üç oyun idarə etmişdi. Hazırda davam edən qitə birinciliyində də üç oyuna təyinat alan türkiyəli referi, artıq bu baxımdan rekordçudur. Lakin istisna deyil ki, Çakır növbəti mərhələlərdə də hansısa oyuna təyinat alsın.
Avropa çempionatlarında indiyə qədər ən çox oyun idarə etmiş hakim Anders Frisk idi. O, bu qitə birinciliyinə qədər AÇ-də ən çox – 8 oyun idarə etmiş hakim hesab olunurdu.
Bizi Facebook-da izləyin