“Turan Tovuz”un yeni inzibati futbol binasının açılışı oldu – FOTO

Martın 28-də Tovuz şəhər stadionunda yeni inşa olunmuş əsas korpus binasının açılış mərasimi keçirilib.

Komanda.az-ın Tovuza ezam olunmuş əmakdaşının verdiyi xəbərə görə, mərasimdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, PFL-in texniki-idman direktoru Elgiz Abbasov, FİF-in icraçı direktoru Tural Piriyev, “Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyev və idarə heyəti üzvləri, futbol ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış edib. O, bunun çox vacib tədbir olduğunu bildirib:

“AFFA rəhbərliyi adından sizi salamlayıram. Gördüyünüz bu uşaqlar Tovuz futbolunun gələcəyidir. Əminəm ki, bu uşaqlardan və bundan sonrakı nəsillərdən ulduz futbolçular yetişəcək. Hər kəsi təbrik edirəm. Bu çox vacib tədbirdir. İnanıram ki, belə hadisələrin davamı olacaq. Ehtiram müəllim sağ olsun ki, futbola böyük dəstək olur”.

Ardınca “Turan Tovuz”un idarə heyətinin sədri Ehtiram Quliyev çıxış edib:

“Bu gün bölgə futbolu adına əlamətdar hadisədir. Gələcək nəsillərə göstərmək istəyirik ki, Tovuz futbolun irsidir. Ali baş komandanımız İlham Əliyev də daim futbola öz dəstəyini göstərir. Bundan başqa, AFFA-ya təşəkkür edirəm ki, yanımızdadırlar”.

“Turan Tovuz”un baş sponsoru “Huner Group”un maliyyə vəsaiti hesabına tikilən binanın təməli 2023-cü ilin iyul ayında atılıb.

Binanın ümumi ərazisi 3 min kvadrat metrdən çoxdur. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət bina 30 otaqdan ibarətdir. Fitnes zalı, toplantı, həkim və fizioterapiya otaqları ilə yanaşı, məşqçilər, həkimlər və inzibati işçilər üçün ayrıca otaqlar ayrılıb.

Burada futbolçuların asudə vaxtlarını maraqlı keçirmələri üçün stolüstü tenis, bilyard, video oyun avadanlıqları ilə təmin olunmuş böyük istirahət guşəsi yaradılıb.

Bütün otaqlar ən müasir və zəruri avadanlıqlarla təchiz edilib.

Yeni binanın istifadəyə verilməsi ilə birlikdə 24 otaqdan ibarət olan 2 korpuslu akademiya binası bütövlükdə “Turan Tovuz” Futbol Akademiyasının ixtiyarına veriləcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button