“Məncə, bu çempionat çox ciddi, amansız mübarizə şəraitində keçəcək” – MÜSAHİBƏ

PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

2025/26 mövsümünün ilk turunun oyunlarını necə qiymətləndirirsiz? Ümumilikdə, çempionatın startı barədə düşüncələriniz nələrdir?

– Artıq 2025/26 mövsümü start götürüb. Təkcə bu il deyil, bütün mövsümlərdə ilk turun oyunlarına komandalar tam hazır olmurlar. Bu da başadüşülən bir şeydir, onlar ağır təlim-məşq toplanışlarında olurlar. Fiziki yüklənmələri yüksək keçir. Və bütün çempionatlarda olduğu kimi, bu il də komandalarımız 60-70 faiz müəyyən qədər hazır olur. Düzdür, avrokuboklarda iştirak edən komandalar müəyyən qədər üstün olurlar, hazırlıqlara daha erkən başlayırlar, oyun taktikaları daha çox olur. Amma istənilən halda, komandanın tam hazır olması üçün müəyyən vaxta ehtiyac var. Məncə, müəyyən turlardan sonra artıq komandalarımız kifayət qədər, deyərdim ki, tam şəkildə çempionata hazır olacaqlar. İlk turun baş tutan bütün oyunlarını izlədim. Bu gün sonuncu qarşılaşma baş tutacaq. “Araz-Naxçıvan” avrokuboklarda çıxış etdiyinə görə, ölkəyə gec qayıtmışdı. Digər oyunlar barədə onu deyə bilərəm ki, indidən çempionatımızın maraqlı və gərgin keçəcəyi görünür. Məncə, bu çempionat çox ciddi, amansız mübarizə şəraitində keçəcək. İstər avrokuboklara getmək, yəni, mükafatçılar siyahısına qatılmaq uğrunda, istərsə də, turnir cədvəlinin aşağı pillələrində – Premyer Liqada qalmaq uğrunda çox ciddi qarşılaşmalar bizi gözləyir. Düşünürəm ki, çempionatın sonu çox maraqlı olacaq.

– Hazırda Premyer Liqada çıxış edən dörd klub “məcburi köçkün” statusundadır. Sizcə, bu problemin həlli nə qədər uzana bilər və PFL-in bu məsələdə rolu nədən ibarətdir?

– Bəli, qeyd etdiyiniz kimi, dörd komandada stadion problemi var. Amma bunlar bir az fərqli problemlərdir. Məsələn, “Turan Tovuz”un problemi xoş olan bir problemdir. Çünki komanda süni örtüklü meydançanı dəyişib, təbii örtüklü meydança ilə əvəzləyir. Və bunun da başqa yolu yoxdur. Hansı mövsümdə etməsindən asılı olmayaraq, komanda öz meydançası hazır olana kimi başqa meydançada oynamalı idi. Və bundan əvvəlki mövsümlərdə işıqlandırma sistemini düzəltmişdilərsə, bu mövsüm də meydançanı təbii örtüklə əvəz edirlər. Buna görə də, kənarda oynamaq məcburiyyətindədir.

Digəri “Kəpəz”dir, hansı ki, Gəncədə yeni stadion inşa olunur MDB oyunları ilə bağlı və buna görə də, bölgə təmsilçisinin stadion problemi bu mövsüm artıq həll olunacaq. Artıq “Kəpəz” müasir, yeni stadionda rəqiblərini qəbul edəcək.

Digər iki komanda (“Karvan-Yevlax və “İmişli”) ilə bağlı məsələ bəlli idi. Onsuz da İcraiyyə Komitəsi bu komandalara lisenziyalaşma ilə bağlı güzəşt nəzərdə tutmuşdu ki, çıxış edə bilsinlər və bu güzəştlərin biri də elə infrastrukturla bağlı məsələ idi. Artıq burada qaranlıq bir məqam yoxdur. Yevlax şəhər stadionunda meydança dəyişdirilir. “İmişli” də oyunlarını Quba Olimpiya stadionunda keçirməsi ilə bağlı bizə müraciət etmişdi. Biz də stadionu təftiş etmişdik və orda olan çatışmazlıqları – hansı ki, Premyer Liqa oyunlarının keçirilməsi üçün müəyyən stadion kateqoriyaları olmalıdır – onları yoluna qoyması üçün kluba məlumat vermişik. Düşünürəm ki, “İmişli” bu problemləri yoluna qoyduqdan sonra rəqiblərini standartlara cavab verən Quba Olimpiya stadionunda qəbul edəcək.

PFL-in bu məsələdə rolu yalnız belə deyək, standartlara cavab verən stadionlarla bağlıdır və biz də çalışırıq ki, klublara bununla bağlı müəyyən dəstək olaq, müəyyən xırda güzəştlər edək. Amma tam şəkildə stadionla bağlı güzəşt etmək mümkün deyil. Ən azı çempionat uzun bir marafondur. Ona görə, stadionla bağlı müəyyən tələblər var ki, onlar yerinə yetirilməlidir. Xüsusilə, meydançanın durumu normal vəziyyətdə olmalıdır ki, həm ev, həm səfər komandasının futbolçuları zədələnməsinlər.

– Son illərdə komandalar süni örtüklü meydançalardan imtina etməyə çalışır. “Karvan-Yevlax” isə bu istiqamətdə indi addımlar atır – süni örtüklü meydança salmaq istəyir…

– Təbii ki, süni örtüklü meydançanı təbii örtüklü ilə müqayisə etmək yersiz olar. Hər kəs istəyər ki, təbii örtüklü meydança olsun. Burda oynamaq da rahatdır, oyundan sonra futbolçuların bərpa prosesi üçün az müddət kifayət edir. Belə deyək, təbii örtüklü meydançaların üstünlükləri daha çoxdur. “Karvan” komandasında isə süni örtüklü meydança salmaq məsələsi düşünürəm ki, mailiyyə ilə bağlı olan bir prosesdir böyük ehtimal. Çünki komandanın təbii örtüklü meydançası varsa və orda oynayırsa, bundan əlavə bir ədəd məşq üçün meydança lazımdır, hansı ki, məşqlərini orda etsin. Çünki təbii örtüklü meydançada həm məşq edib, həm oyunları keçirmək mümkün deyil. Məşq meydançasından əlavə bir ədəd süni örtüklü neydança lazımdır ki, orda da uşaq komandaları və əvəzedicilər çıxış etsinlər. Yəni, belə deyək, bir komandanın ən azı üç meydançası olmalıdır ki, çempionat oyunlarını keçirə bilsin. Və bunları da etmək üçün kifayət qədər ciddi məbləğ lazımdır. Yəni, meydançanı salmaq və sonra da bir il ərzində onu saxlamağın aylıq müəyyən xərcləri var. Onlar da xırda məbləğ deyil. Düşünürəm ki, sırf maliyyə ilə bağlı olan bir məsələdir. Ona görə də, Yevlax komandası yüksək səviyyəli süni örtüklü meydança salıb, həm məşqlərini, həm oyunlarını, həm də uşaq komandalarının matçlarını orada keçirmək istəyir.

Süni örtüklü meydançanın olması ilə bağlı hansısa bir qadağ yoxdur. Nə FİFA, nə də UEFA hansısa bir qadağa qoyub. Avrokubok oyunlarının bəziləri də görürük ki, süni örtüklü meydançalarda keçirilir. Amma istənilən halda, biz komandalarla görüşəndə onlara tövsiyə olaraq bildiririk ki, təbii örtüklü meydança eləsəz, sizin özünüz üçün də yaxşı olar.

– Yay transfer pəncərəsi kifayət qədər aktiv keçir. Yeni mövsümdə legioner limitinin təsiri barədə nə düşünürsüz? Sosial şəbəkədə bəzi fikirlər var ki, aşağı büdcəli klublar “yanacaqdoldurma məntəqələri”ndən əcnəbi oyunçular tapıb gətirilər…

– Bəli, yay transfer pəncərəsi kifayət qədər aktiv keçir. Bu da legioner limitinin götürülməsi ilə bağlıdır. Legioner limitinin təsiri ilə bağlı, bilirsiz, əslində bütün dünya, bütün çempionatlar bununla bağlı axtarışdadır. Bəzi çempionatlarda limit götürülür, bəzən müəyyən qadağalar qoyulur, müəyyən hədlər olur. Ona görə də, rahat bir düstur yoxdur ki, biz onu tətbiq edək və hansısa bir uğurlu nəticə qazanaq. Bir növ, bütün çempionatlar kimi Azərbaycan çempionatı da bununla bağlı müəyyən axtarışlardadır. Legioner limitinin tam götürülməsinin də müsbət və mənfi məqamları var təbii ki. Amma legioner limiti tam götürülsə də, əcnəbi futbolçunu oynatmaq üçün klublar müəyyən qədər rüsum ödəyir və o rüsumlar da məncə, kifayət qədər ciddi məbləğlərdir. Düşünmürəm ki, klublar istədikləri sayda legioner gətirə biləcəklər. Və özüm klubda çalışdığım dönəmlər olub ki, müəyyən dövrlərdə legioner limiti götürülüb. Amma hansısa rüsum tətbiq olunmadığına görə və yaxud da güzəştlər edildiyinə görə klublar istədiyi legioneri gətirirdilər. Hətta bəzən elə legioner olurdu ki, mövsümboyu heç meydançaya da çıxmırdı. Sadəcə olaraq sifariş olunurdu, ancaq oynamırdı. Bəzən 1-2 oyuna çıxırdı. Amma indiki halda artıq üzvlük haqqı tətbiq olunub və inanmıram ki, klublarımız da boş yerə bu pulu ödəsinlər.

Qaldı ki qeyd etdiyiniz “yanacaqdoldurma məntəqəsi”ndən əcnəbi oyunçular tapıb gətirmə məsələsi – mən bu fikirlə razı deyiləm. Bu, doğru bir ifadə deyil. Ancaq qeyd etdiyiniz kimi, “yanacaqdoldurma məntəqəsi”ndən gələn hansısa əcnəbi futbolçu bizim çempionatda heyətə düşə bilirsə, yerli oyunçu düşə bilmirsə, bu, gələn legionerin günahı deyil. Həmin yerlinin günahıdır ki, heyətə düşə bilmir, amma kənardan gələn düşə bilir. Deməli, daha çox məşq və daha çox rejimə diqqət etmək, daha peşəkar olmaq lazımdır. Bizdə əslində ilk dəfə deyil ki, legioner limiti götürülür. 2008/09, 2009/10 mövsümündə də legioner sistemi tətbiq olunub. Statistikaya baxmışam, Rahid Əmirquliyev demək olar ki əksər oyunlarda oynayıb. Gənc olmasına baxmayaraq, oyunlarda çıxış edirdi. Niyə? Çünki yaxşı futbolçu idi. Çalışıb yaxşı futbolçu olmaq lazımdır. Futbolda güclü var, zəif var. Güclü olan oynayır, zəif olan isə əksinə. Digər məsələlər klubların özündən də asılıdır. Daha keyfiyyətli, daha perspektivli olan legionerləri cəlb etsinlər ki, həm ödədikləri rüsum boşuna getməsin, həm də o futbolçunu sata bilsinlər. Bununla bağlı kifayət qədər nümunələrimiz var ki, az məbləğə gəlmiş futbolçunu 1-2 mövsüm oynatdıqdan sonra kifayət qədər ciddi məbləğə başqa komandalara sata bilirlər.

– Avrokuboklarda çıxış edən 4 klubumuzdan üçü yay bitmədən mübarizəsini artıq dayandırıb. Buna münasibətiniz necədir?

– Təəssüf ki, xoş deyil. Hamı kimi mən də istəməzdim ki, komandalarımız çıxışını dayandırsın. Çox istərdim ki, heç olmasa, iki komandamız əsas mərhələyə qatıla bilsin. Amma ilk turda məncə, bir az püşk baxımından da bəxtimiz gətirmədi. Həm də, avrokuboklarda komadalarımızın uğurlu çıxış etməsi çempionatın reytinqini də artırır. Bilirsiz, dünyada çempionatların reytinqi var, hansı ki, neçənci yerdə qərarlaşması ilə bağlı tez-tez xəbərlər qarşımıza çıxır. Və bu, əsasən komandalarımızın avrokuboklardakı çıxışı ilə bağlıdır. Əlbəttə ki, hər bir futbol azarkeşinin, hər bir şəxsin ən böyük arzusu olar ki, komandalarımız maksimum irəli getməyi bacarsınlar. Deməli, bunun üçün də daha diqqətli olmaq, daha yaxşı komanda formalaşdırmaq lazımdır. Və sabit komanda formalaşdırmaq vacibdir. Mövsümün sonunda dəyişikliklərə getmək, məşqçi dəyişmək lazım deyil, heyəti qorumaq lazımdır. Heyətdə hansı ki, yaxşı futbolçular var, onların komandanı tərk etməsinin qarşısını almaq lazımdır. Yeni cəlb olunanlar heyətdəkilərdən daha üstün olmalıdır. Bunun üçün də ilk növbədə büdcə artırılmalıdır. Ən azı 30 faiz büdcə artırılmalıdır ki, bu dediklərimi etmək mümkün olsun. Çünki hansısa futbolçu yaxşı çıxış edirsə, onu transfer etmək istəyənlər də çoxalır və hansısa oyunçu komandanı tərk edirsə, artıq oyun planı pozulur. Məncə, bunları etdikdə növbəti mövsümdə bir neçə komanda ilə əsas mərhələdə çıxış edə bilərik.

– PFL-in təşkil etdiyi çempionat klublarımızın beynəlxalq oyunlara hazırlaşması baxımından nə dərəcədə rol oynayır?

– Məncə, siz bunu klublardan soruşsaz, daha yaxşı olar. Onlar bu suala cavab versə, daha düzgün səslənər. Mən Peşəkar Futbol Liqasının əməkdaşıyam və düşünürəm ki, bütün çempionatlar kimi bizim çempionatın da təşkilində hansısa bir ciddi problem yoxdur. Yəni, əlimizdə olan imkanlar daxilində maksimum keyfiyyətli, rəqabətli çempionat təşkil etməyə çalışırıq. Bundan əvvəlki suallarda da müəyyən problemlər qeyd olundu. Bura infrastruktur, işıqlandırma sistemi, meydançanın durumu ilə bağlı olan məsələlər daxildir. Belə deyək, əlimizdə olan imkanlar daxilində hər şeyin ən yaxşısını etməyə çalışırıq və mən düşünürəm ki, bizim çempionatımız heç də zəif deyil. Xüsusilə, bir neçə mövsümdür idman prinsipi qorunduqdan sonra kifayət qədər ciddi, maraqlı çempionat izləyirik.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button