
“Turan Tovuz”un Berdiyevlə bağlı apellyasiya şikayəti təmin edilmədi
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevlə bağlı apellyasiya şikayəti təmin edilməyib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin aprelin 16-da mütəxəssislə bağlı çıxardığı qərarı qüvvədə saxlayıb.
Qurum 1-ci Liqanın təmsilçisi “Difai”nin şikayətini isə qismən təmin edib.
“Difai” Futbol Klubu barəsində verilən qərardan şikayətə baxılmasına dair
- “Difai” tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
- 1-ci Liqada 20-ci tur çərçivəsində keçirilən “Difai” – “Karvan” oyunu ilə əlaqədar olaraq liqanın Əsasnaməsinin tələblərinin pozulmasına (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 70.1-ci maddəsi) görə klubun 50 AZN, oyun günü planının pozulmasına görə (həmin Məcəllənin 77.1-ci maddəsi) isə 100 AZN cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 8 aprel 2025-ci il tarixli qərarları ləğv edilsin.
- İntizam Komitəsi tərəfindən tətbiq olunan AFFA İntizam Məcəlləsinin müvafiq maddələrinə uyğun işin halları nəzərə alınaraq düzgün hüquqi qiymət verilməsi üçün iş yenidən baxılmasından ötrü İntizam Komitəsinə qaytarılsın.
- Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
- Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev barəsində verilən qərardan şikayətə baxılmasına dair
- “Turan Tovuz” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
- Premyer Liqanın 30-cu tur çərçivəsində keçirilən “Turan Tovuz” – “Sabah” oyununun 19-cu dəqiqəsində “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdiyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün baş məşqçinin 3 oyun şərti olmaqla 5 oyun cəzalanması, klubun 4000 AZN məbləğində cərimə olunması və şərti cəzaya dair 3 ay sınaq müddəti təyin olunması (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 43.4-cü və 32-ci maddələri) barədə AFFA İntizam Komitəsinin 16 aprel 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
- Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



