“Turan Tovuz”u Bakıdakı klubların gününə salmaq istəyirlər” – Asəf Namazov

Veteran futbolçu, futbol mütəxəssisi Asəf Namazov Komanda.az saytına müsahibə verib. Asəf bəy, mərhum futbolçu Əli Rəhmanovla bağlı da danışıb:

“1972-ci il Azərbaycan futbolunun ağır ili idi. “Neftçi” komandası Ələkbər Məmmədov, Kazbek Tuayev başda olmaqla güclülər dəstəsini tərk etdi. Nikolay Smolnikov, Rafiq Quliyev, Tofiq Abbasov, Əli Rəhmanov kimi futbolçularl növbəti il üçün Anatoli Banişevskini razı saldılar ki, oynasın, komandaya kömək etsin.

Əli Rəhmanov yaşasaydı, mayın 30-da onun 75 yaşı olacaqdı…

Biz Əli Rəhmanovla Bakı futbol məktəbinin yetirməsi olmuşuq. Əli “Spartak” (Bakı), mən isə “Dinamo”da (Bakı) oynayırdım. Bundan başqa, biz Rəhmanovla 35 il qonşu olmuşuq. Təəssüflər olsun ki, indi aramızda yoxdur. Mən də onun kimi haqsızlığı götürməyib, çox şeyi danışardım. Onun liderlik xarakteri var idi. 1974-cü ildə kapitanımız da seçildi”.

Namazov, “Turan Tovuz” və “Kəpəz”in Premyer Liqaya çıxarılmasına da münasibət bildirib. Veteran futbolçu “Turan Tovuz”da tovuzlu futbol adamlarının işləməli olduğunu deyir:

“Bu yaxınlarda “Turan Tovuz” və “Kəpəz” komandaları Premyer Liqaya çıxarıldı. Bu, AFFA-nın bu günə qədər verdiyi ən yaxşı qərardır. Halbuki, özü elə şərait yaratmışdı ki, “Turan Tovuz” və “Kəpəz” elitadan  çıxsın. Biz çox ümid edirik ki, Tovuz klubu Elxan Məmmədovun digər komandaları kimi AFFA-nın “filial”ına çevrilməsin.  Çünki AFFA İcraiyyə Komitəsinin yeni qərarı ilə Premyer Liqa klubları 12 yox, 14 legioner götürə bilər.

Tovuz və Gəncənin Azərbaycan futbolunda böyük tarixi var. Nədənsə, ora yenə də Bakıdan Müşahidə Şurası göndəririlər, məşqçi də göndərəcəklər. Halbuki, Tovuzda futbol olanda AFFA-nın indiki rəhbərliyinin futboldan xəbəri olmayıb. SSRİ vaxtı “Neftçi”yə futbolçular Tovuz və Gəncədən gələrdilər. Azərbaycan futbolunu FİFA reytinqində 129-cu yerə salan AFFA “Turan Tovuz”a nə xeyir verə bilər?

“Turan” Azərbaycanın ilk UEFA oyunlarına çıxan klubu olub. Vidadi Əhmədov kimi şəxslər öz imkanlarını təmənnasız olaraq bu kluba xərcləmişdi. Əhmədovdan soruşmaq olmazdımı ki, ay Vidadi müəllim, komandaya kimləri cəlb edək? Tovuzun tanınmış futbol adamları ilə məsləhətləşib, komandaya baş məşqçi götürmək, Müşahidə Şurasının tərkibini müəyyənləşdirmək olardı.

Milli komanda 129-cu yerdə yox, daha ön sıralarda olsaydı, AFFA rəhbərliyi nəyisə diqtə edə bilərdi. Amma onlar futbolu pis vəziyyətə salıb, indi də “Turan Tovuz”u Bakıdakı klubların gününə salmaq istəyirlər. Avropada heç kimə lazım olmayan legionerləri Azərbaycana gətirməyə çalışırlar”.

Namazov, Premyer Liqanın bombardirləri arasında bircə nəfər də olsun yerli futbolçunun olmamasına da toxunub:  

“Azərbaycan Premyer Liqasında bombardirlərin siyahısına baxın. Bu siyahıda yerli futbolçuların adı yoxdur. Futbolda o qədər təsadüfi adamlar oturub ki, onlar futbola maddi tərəfdən baxırlar, futbolun inkişafı onları maraqlandırmır.

Bu yaxınlarda mərhum AFFA prezidenti Fuad Musayevin vaxtında işləyən bir məşqçi utanmaz-utanmaz yazıb ki, “bizim futbol inkişaf edir”. Ağ saçından utanmır, bu yaşda da yaltaqlıq edir.

Hesab edin ki, Azərbaycanda olan 126 legionerin yarısından çoxu heç kimə lazım deyil və Bakıya gəliblər.

İranda işlədiyim vaxtda görmüşdüm, onların federasiyasının çox qəşəng qanunları var. Onlardan biri budur ki, qapıçının legioner olmasına icazə verilmir. Çünki qapıçı komandanın yarısıdır.

Axırda məcburam ki, “O olmasın, bu olsun” filminin əsas qəhrəmanı Məşədi İbadın sözünü yada salım: “Salasan bunları ayağının altına, vurasan ağızlarına-ağızlarına”. O gün gələcəkmi, biz futbola baxıb sevinək?”

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button