“Bəs indi bunlar onların üzlərinə necə baxacaqlar, nə deyəcəklər?” – Müsahibə
“Turan Tovuz” klubunun sabiq icraçı direktoru və AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Sultanovun Komanda.az saytına müsahibəsi:
- Uzun müddət “Turan Tovuz”da icraçı director kimi çalışmısız. Bu yaxınlarda komandanın 7 futbolçusunun adının danışılmış oyunlarda hallanmasına münasibətiniz necədir?
- Bu xəbər bizim üçün son dərəcə sarsıdıcı oldu. Hələ də özümüzə gələ bilmirik. Təsəvvür edin ki, ölkənin ağır günlərində – 90-cı illərdə, müharibə zamanı rayonun bomba yağışına məruz qaldığı halda, heç kim stadionu tərk etmirdi, “Turan”ı dəstəkləyirdi. İndi o anları gözümün qabağına gətirirəm. İndiki bu hal bütün tovuzlu azarkeşlərə ağır xəyanətdir, daha doğrusu, onların mənəviyyatına arxadan vurulan zərbədir. Təsəvvür edirsizmi, tovuzluların böyükdən-kiçiyə, ən böyük mənəvi sərvətləri “Turan”dır. Futbolu sevdikləri qədər ikinci bir idman növü yoxdur. “Turan” onlar üçün hər şeydir. Bunun qarşılığında onlara belə xəyanət etmək düzgün deyil. Azarkeşlər mənliklərinə belə zərbəni bağışlamayacaqlar. Çox ağır bir şeydir. Kaş yalan, səhv olardı. Bir tərəfdən də baxırsan ki, əsaslı məlumat olmasaydı, UEFA bunu belə təqdim etməzdi. Sındırılmış insanları geri qaytarmaq çətin olacaq. Bu gün “Turan Tovuz”un birinci divizionda olmasına baxmayaraq, oyunlarına Premyer Liqadan daha çox azarkeş gəlir. Bəs indi bunlar onların üzlərinə necə baxacaqlar, nə deyəcəklər?
- Sizin vaxtınızda da belə şeylər vardımı?
- Şahin, nə danışırsan, kim deyə bilər bunu? Bu, absurd bir şeydir. Heç ağlınıza belə gətirməyin. Bunun adı yoxdur.
- Bu məsələnin “Turan Tovuz”un gələcək oyunlarına hansı təsiri olacaq?
- Bundan sonrakı vəziyyətin necə olacağını bilmirəm. Məsələ haqda hüquq-mühafizə orqanlarının araşdırmalarının nəticələrini gözləyirik. İnanırsan, nə qədər zənglər gəlir, deyirlər ki, “Yaşar müəllim, bu nədir, nə məsələdir belə”. Hamı bununla maraqlanır. İstəyimiz odur ki, kaş bunlar yalan olardı. Özüm uzun illər bu klubda işləmişəm. Çox pis təsir edir mənə, çox incidici haldır. Nə bilim, gözləyək, görək sonu necə olacaq.
- Özünüz əvvəl AFFA İcraiyyə Komitəsində də olmusuz. Komitənin hazırkı fəaliyyətini necə dəyərləndirirsiz? Hazırda komitənin üzvləri, işiylə bağlı xeyli narazılıq var.
- Necə dəyərləndirə bilərəm ki… Hazırda məsələ ölkədə futbolun pis vəziyyətdə olmasıdır. Futbol çox pis hala düşüb.
- Azərbaycan futbolunun problemi nədir? Nə üçün inkişaf yoxdur?
- Əsas məsələ futbol coğrafiyasının geniş olmamasıdır. Bölgələrdə stadionlar yoxdur. Bu uşaqlar gözünü açıb, top, stadion görmürsə, futbola necə maraq yaradasan? Bölgələrimizə baxın, əksəriyyətində yararlı stadion yoxdur. Avropada adicə bələdiyyələrin də komandaları var. Bir müddət əvvəl Türkiyənin “Başakşəhər” klubu Avroliqada 1/16 final mərhələsinə yüksəldi. Haranın komandasıdır? Bələdiyyə komandasıdır da. Onunla yanaşı, Avropada hələ nə qədər belə komandalar var. Bizdə bələdiyyə futbola aid heç nə etmir. Bunları düzəltmək lazımdır. Bölgələrdə stadionlar tikmək, uşaqlarda futbola maraq oyatmaq lazımdır. Futbol coğrafiyasının tez bir zamanda genişlənməsi vacibdir. Şəhərdə hansısa binanı bir də görürsən, dərhal tikib, hazır elədilər. Ancaq stadionun inşası illərlə davam edir, hazırlanıb qurtarmır. Futbolçuların əksəriyyəti legionerlərdir. Gürcüstan, Ermənistan çempionatlarına baxırsan, komandalarının sayı bizdən çoxdur. Bizdə 8-dir, onlarda 10. Vəziyyəti düzəltmək üçün futbol coğrafiyası genişlənməlidir.
- Azərbaycan futbolunun hazırkı durumuna görə AFFA-nın baş katibi Elxan Məmmədov tənqid olunur. Sizcə, Məmmədovun istefasıyla vəziyyət düəzələcəkmi?
- Bu haqda heç nə deyə bilmərəm. Amma tez-tez görüşlər keçirilməlidir, bölgələrdə vəziyyətlə tanış olmaq lazımdır. İcra nümayəndələri ilə görüşülməli, futbola maraq yaratmağın yolları müzakirə olunmalıdır. Tək futbol adamlarının deyil, digər qurumların da bu sahəyə marağını artırmaq, birlikdə iş görmək lazımdır ki, futbolumuz da inkişaf etsin. Futbolun sevilməsi üçün şərait yaradılmalıdır.
- Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsini 1 xalla başa vurdu və baş məşqçi Nikola Yurçeviçlə yollar ayrıldı. Komandanın “sükan”ının yenidən Robert Prosineçkiyə tapşırılacağı deyilir.
- Milli komandanın son turnirdə əldə etdiyi nəticədən hər şey bəlli olur. Vallah, mənim yadıma gəlmir ki, nə vaxtsa hansısa seçmə mərhələni belə başa vuraq. Prosineçki nəyə lazımdır axı? Onsuz da əlindəki “məhsul” bu olacaq. Ondansa, yerli olması daha yaxşıdır. Futbolçularla dil tapa bilir. Yığmanın heyətinə baxanda nə qədər milliləşdirilmiş futbolçu görürsən. Yəqin ki, onlarla dil tapmaq üçün xariciləri gətirirlər.
- Azərbaycan Premyer Liqasının durumu haqda nə düşünürsüz?
- İki komanda çempionluğa oynayır – “Qarabağ” və “Neftçi”. “Qarabağ” da artıq neçə illərdir çempion olur. “Neftçi”də Roberto Bordinin işini bəyənirəm, yaxşı baş məşqçidir, işinə də peşəkar yanaşır. Digər 6 komanda da eyni gücdədir. Bizim vaxtımızda “Kəpəz”, “Turan”, “Xəzər Lənkəran” və daha neçə komanda var idi ki, avrokuboklara yer uğrunda oynayırdı. İndi o rəqabət də yoxdur.
- “Qarabağ”ın bu il Avropa Liqasında qrupdan çıxmaq şansı çox olsa da, dəyərləndirə bilmədi…
- Vallah, bu, məni çox kədərləndirir. Hər il Avroliqada oynayırlar, ancaq qrupdan çıxa bilmirlər. Çox pis haldır. “Qarabağ” bu il “Düdelanj”ı da, APOEL-i də hər iki oyunda udmalı idi. Amma məsuliyyətsizliklərindən bunu edə bilmədilər.
- Məsuliyyətsizlik dedikdə, bunu futbolçulara, yoxsa məşqçilər heyətinə şamil edirsiz?
- “Qarabağ”ın məsuliyyətsizliyi. Buna futbolçular da daxildir, məşqçilər də. Futbolçular oyunlar zamanı əllərinə düşən nə qədər imkanı dəyərləndirə bilmədilər. Nəticədə də, qrupdan çıxa bilmədilər.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin