“Turan Tovuz” “işığ”a nə vaxt çıxacaq? – AÇIQLAMA
2023-cü ilin fevralında “Turan Tovuz” klubu və “Huner Group” arasında sponsorluq və əməkdaşlıq haqqında müqavilə bağlanıldı.
Bu münasibətlə təşkil edilən tədbirdə klubun avtobusunun olmadığı, eyni zamanda, stadionda hesab tablosunun və işıqlandırma sisteminin yer almadığı xüsusi vurğulandı. Təxminən bir aydan sonra qərb bölgəsi təmsilçisinə 200 min manat dəyərində olan yeni nəqliyyat vasitəsi alındı. Bu barədə Futbolun İnkişaf Fondunun rəhbəri Tural Piriyev açıqlamasında bildirmişdi ki, məbləğin yarısını fond, yarısını isə “Turan Tovuz”un əsas sponsoru olan “Huner Group” ödəyib.
Avtobusla bağlı problem aradan qalxsa da, hesab tablosu və işıqlandırma sistemi ilə bağlı problemlər hələ də qüvvədə qalır. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev Komanda.az-a açıqlamasında bildirib ki, hesab tablosu qısa müddət ərzində hazır olacaq:
“Tablo qısa müddət ərzində hazır olacaq. Lakin işıqlandırma sistemi çox güman, növbəti mövsümün əvvəlinə hazır ola bilər”.
“Turan Tovuz” Premyer Liqada 27 oyundan sonra 28 xalla 6-cı pillədə qərarlaşıb.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin