
“Turan Tovuz”un çempionluq iddiası: İllüziya, yoxsa, reallığa söykənən istək?
“Mənim həyat fəlsəfəm ondan ibarətdir ki, bir yerdə yarış varsa, orada qalib olmaq da var. Nə qədər çətin, nə qədər mümkünsüz görünsə də, 2025/26 mövsümünü qalib kimi başa vurmaq istəyirik. Azarkeşlərdən istəyimiz odur ki, klubun və futbolçuların yanında olsunlar, onları dəstəkləsinlər. “Turan Tovuz” klubunun qarşısına çempionluq hədəfi qoyulub”.
Bu sözləri “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev bir müddət əvvəl klubun rəsmi saytına verdiyi açıqlamasında səsləndirib.
Bəs görəsən, “Turan Tovuz” həqiqətənmi cari mövsümdə çempionluq uğrunda yarışa bilər?
Ehtiram bəyin səsləndirdiyi sözlər sadəcə bir arzu deyil, böyük iddianın açıq elanıdır. Komanda baş məşqçisi Kurban Berdıyevlə yeni mövsümə çempionluq hədəfi ilə start verib. Amma sual ortadadır: bu hədəf reallığa çevrilə bilərmi?
Berdıyev amili
Türkmənistanlı mütəxəssis futbol dünyasında prinsipial və intizamlı məşqçi obrazı ilə tanınır. Onun taktiki yanaşmaları, futbolçulardan maksimum fayda alma bacarığı danılmazdır. Bu bir faktdır ki, o, daha əvvəl Rusiyada “Rubin”i çalışdırarkən komandasını çempionluğa daşımış və UEFA Çempionlar Liqasında “Barselona” kimi top-komandaya qalib gəlməyi bacarmışdı. Komandada belə bir liderin olması ən böyük üstünlüklərdən biridir.
Komandanın heyəti
“Turan Tovuz” ötən mövsümdə yaxşı imic formalaşdırdı. Xüsusilə də, “Qarabağ”dan ən çox xal alan komanda olmaları onların potensialını sübut etdi.
Komanda cari mövsüm üçün də yay təlim-məşq toplanışını plana uyğun həyata keçirdi və transfer bazarında da digərlərindən geri qalmadıqlarını göstərdilər. Belə desək, baş məşqçi, Ehtiram Quliyevin səxavətindən maksimum yararlanmağa çalışdı. Amma bunlara baxmayaraq, bölgə təmsilçisi yeni mövsümün ilk oyununda o qədər də inamlı təsir bağışlamadı. Şamaxı şəhər stadionunda Premyer Liqaya yeni gələn “İmişli” ilə qarşılaşmada oyunboyu qeyri-adi heç nə ilə yadda qalmayan tovuzlular son dəqiqə qolu ilə 3 xalı qazandılar. Bu matç onu göstərdi ki, komanda belə oynamağa davam etsə, nəinki çempionluğa, heç avrokuboklara iddia edəcək gücdə deyil. Çempionluğa iddia edən komandanın startda zəif təsir bağışlaması, bəzən tərəddüdlü oyunu ciddi suallar doğurur. Heyət ad baxımından güclü sayıla bilər, amma bu güc bütün mövsümboyu sabit performansa çevrilməsə, zirvəyə iddia reallıqdan uzaq görünür.

“Qarabağ” əngəli
Azərbaycan futbolunun lideri hələ də meydandadır. Onların avrokubok təcrübəsi, oturuşmuş heyəti və Qurban Qurbanov kimi sabitliyi qoruyan baş məşqçisi var. “Qarabağ”la müqayisədə “Turan Tovuz” hələ yolun başlanğıcındadır. Düzdür, keçən mövsüm Ağdam klubunun qəniminə çevrilmələri çox şey ifadə edir, amma çempionluq yarışı təkcə bir rəqibdən xal almaqla qazanılmır.
Hə, söz yox ki, ötən mövsümün əvvəlində “köhlən atlar”ın başı UEFA Avropa Liqası matçlarına qarışmışdı, ölkə çempionatını atmışdılar ikinci plana və tovuzlular da bundan maksimum yararlanmışdılar.
Nəticə etibarilə, “Turan Tovuz” bu mövsümün sürpriz komandası ola bilər, amma çempion olmaq üçün yalnız inam və emosiyalar kifayət etmir. Onların qarşısında həm güclü rəqiblər, həm də öz daxilində həllini tapmalı olduqları problemlər dayanır. İlk turdakı oyunda görünən qeyri-inamlı tablo, hələ çox işin qabaqda olduğunu göstərir.
Bəlkə də, çempionluq hədəfi bu mövsüm reallığa çevrilməyəcək. Amma bir həqiqət var: Tovuzun sevimlisi haqda artıq böyük arzuları olan iddialı komanda kimi danışılır. Və bu özü belə, Azərbaycan futbolunda yeni nəfəs deməkdir.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



