
“Bugünkü “Turan Tovuz” ötən mövsümdəkindən daha güclüdür” – MÜSAHİBƏ
“Turan Tovuz”un İdarə Heyətinin üzvü Yaşar Soltanov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– “Turan Tovuz” yeni mövsümə istədiyi kimi başlaya bilmədi. Sizcə, bunun əsas səbəbləri nələrdir?
– Ötən mövsümə “Turan” çox möhtəşəm başlamışdı, 6-7 tur bir qol belə, buraxmamışdı. Xeyli müddət turnir cədvəlinin ilk pilləsində qərar tutmuşdu. Komanda sürətli, hücumyönlü oyun göstərirdi. Çempionatın ortalarından bu şiddət dayandı, “Turan Tovuz” aşkar şəkildə ritmik, dinamik futboldan uzaqlaşaraq, ortabab bir komandaya çevrildi. Bunun nəticəsində isə titul qazanmaq və avrokuboklara vəsiqə arzularımız puç oldu. Sonda bürünc mükafatçı ilə aramızda üç xal fərq qaldı. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, cəmi iki turdan sonra komandanın yekun proqnozunu vermək düzgün olmazdı. Səbrlə çempionatın axarını izləməliyik. Mənim nəzərimdə bugünkü “Turan Tovuz” ötən mövsümdəkindən daha güclüdür.
– Komandanın bu mövsüm qarşısına konkret hansı hədəflər qoyulub?
– Klubun İdarə Heyətinin və məşqçilərin birgə müzakirələrindən sonra vahid rəy budur ki, komandanın avrokuboklara vəsiqə alınması təmin edilməlidir. Düzdür, klubun prezidenti Ehtiram bəy (Quliyev) daha böyük iddia ilə birbaşa çempionluq arzusunda olduğunu bildirmişdi. Ümumi potensialı nəzərə alaraq, mən də bu iddiaya qoşuluram və komandaya bütün mərhələlərdə uğurlar arzulayıram!
– Tovuzlu azarkeşlər “Turan Tovuz”a hər zaman xüsusi dəstəyi ilə seçilib. Sizcə, bu mövsüm azarkeşlərin dəstəyi komandanın nəticələrinə nə qədər təsir edə bilər? Nəzərə alaq ki, komanda mövsümün əvvəlində ev oyunlarını Bakıda keçirməli olur.
– Tovuzda futbolu çox sevirlər. “Turan Tovuz” hər bir tovuzlunun sanki övladıdır. Komandanın ən pis durumunda, hətta birinci liqada çıxış etdiyi dövrdə belə, stadiona minlərlə azarkeş toplanırdı. Yenə də əminəm ki, komanda oynadığı məkandan asılı olmayaraq, azarkeş dəstəyindən mərhum olmayacaq. Bu isə obrazlı desək, 12-ci oyunçu, əlavə ruh və stimul deməkdir.
– İlk turda Premyer Liqada debüt edən “İmişli” üzərində son dəqiqə qolu ilə qələbə qazanmaq, ardınca isə “Araz-Naxçıvan”a məğlub olmaq fonunda çempionluq iddiası real görünürmü? Hər halda, “Turan Tovuz” rəhbərliyinin və azarkeşlərin çempionluq arzusu var.
– Ümumiyyətlə, cari mövsümün başlanğıcını uğurlu hesab etmək olmaz. Belə ki, hazırlıq dövründə komanda keçirdiyi 4 yoxlama oynununda cəmi 1 qol, Premyer Liqanın ilk iki qarşılaşmasında isə biri 90+8, digəri də penaltidən olmaqla cəmi 2 qol vurub. Bu hal, həyəcan təbili çalmağa əsas verir. Güman edirəm ki, bu vəziyyəti ən real şəkildə dəyərləndirən məhz baş məşqçimiz Kurban Berdıyevdir və yaxın gələcəkdə onun aparacağı islahatlar, təxirəsalınmaz tədbirlər sayəsində komanda özünəməxsus tərzdə öz dəst-xəttini müəyyənləşdirəcək.
– Mətbuatda, sosial şəbəkədə arabir baş məşqçi Kurban Berdıyevin istefaya göndərilə biləcəyi ilə bağlı xəbərlər dolaşır. Düzdür, bir neçə dəfə klub özü bu xəbərləri təkzib edib. Sualım başqadır: “Turan Tovuz” hansı halda Berdıyevlə yolları ayırmağı düşünə bilər?
– Kurban Berdıyevin istefası ilə bağlı dolaşan söz-söhbətlər tamamilə absurd və yersizdir. O, bir mövsüm öncə 6-cı yeri tutmuş komandanı turnir cədvəlinin 4-cü pilləsinə gətirdi. Yeni mövsümdə də ona böyük inam və dəstək var. Bu kimi xəbərləri yalnız qeybət saytları yaza bilərlər. Onların yazılarına diqqət yetirmək isə “bazar arvadları”nın qeybətinə qoşulmaq kimi bir şeydir. “Turan” doğru, inamlı yoldadır, Berdıyev isə onun yenilməz, mübariz bayraqdarıdır. “Turan”ın baş məşqçi ilə müqaviləsi var, yalnız bu müqavilə müddəti başa çatdıqdan sonra tərəflər sağlam və məntiqli qərar verə bilərlər.
– Son olaraq, Azərbaycan Premyer Liqasının ümumi səviyyəsini necə qiymətləndirirsiz, razısız?
– Çempionat maraqla izlənilir, kimin kim olduğu müəyyən edilir. Komanda sayının artırılması, əyalət futbolunun bərqərar olması müsbət haldır. Premyer Liqanın səviyyəsi yüksələ bilər, amma milli futbolun inkişafı ilə bağlı yox, çoxsaylı legioner toplumunun hesabına. Legioner limitini ləğv etməklə yerli futbolçular qarşısında əsaslı baryer yaradırıq və milli futbol koloritini itiririk. O halda legioner limiti ləğv oluna bilərdi ki, bizim ən aşağısı yüz futbolçumuz Avropada, keçmiş ittifaq məkanında legioner həyatı yaşayardılar. Bu gün Premyer Liqada cəmi 10-15 yerli futbolçu çıxış edirsə, mən maraqla gözləyirəm, cənab Fernandu Santuş (Azərbaycan millisinin baş məşqçisi) 25 oyunçunu hardan toplayacaq… Millidə oynamaq üçün hansı rəqabət var? Bu gün azərbaycanlı futbolçuların milli komandaya düşməmək şansları düşmək şanslarından dəfələrlə çətindir. Yaxın dövrlərdə daha çevik və işlək qərarlar qəbul edilməli, stadion və meydançalar əsaslı şəkildə artırılmalı, Azərbaycanın hər bir yaşayış məntəqəsi futbolla təmin olunmalıdır. Yalnız bu halda biz futbolumuzla ucala bilərik!
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



