Tural Əsgərov: “Onun “Dinamo”da oynamamağına əhəmiyyət vermək lazım deyil”
Azərbaycanın Premyer Liqa klublarından bəziləri qış transfer pəncərəsində aktivliyi ilə, bəziləri isə passivliyi ilə seçilir. Xüsusən, “Qarabağ”, “Neftçi” kimi klublar yeni transferləri ilə diqqət mərkəzindədir. Baxmayaraq ki, bu komandaları da tərk edən bəzi aparıcı futbolçuları var.
Klubların qış transferləri ilə bağlı tanınmış futbolçu meneceri Tural Əsgərovun fikirlərini öyrəndik. Əsgərov Komanda.az-a açıqlamasında klubların qış transfer pəncərəsindəki fəaliyyətini normal qiymətləndirdiyini deyib:
“Klublarımızın qış transfer pəncərəsindəki fəallığını normal, həmişəki kimi qiymətləndirirəm. Nə xüsusi fəallıq, nə də xüsusi passivlik oldu. Hər bir klub oyunçu axtarmağa çalışırdı. Doğrudur, qarşısında müəyyən məqsədləri olan klublar daha çox çalışdılar. Məsələn, “Qarabağ” Kadi Borgesi satdığı üçün mütləq heyətini gücləndirməli idi. Bunun üçün çalışdılar. “Sabah”ın işləri normal gedir. Onlar bir o qədər də canfəşanlıq göstərmədilər. Güman ki, çox xoşlarına gələn futbolçu olmadığı üçün heç kimlə müqavilə imzalamadılar. Transfer pəncərəsinin bağlanmasına qədər – 9 fevrala kimi iki həftədən çox müddət var. Buna görə, tam nəticə haqda da danışmaq düzgün deyil”.
Əsgərov “Qarabağ”ın qış fasiləsində etdiyi transferlərdən danışarkən, fransalı futbolçu Adama Diakabinin adını çəkib:
“Hansı klubun daha uğurlu transfer etdiyini qarşıdakı günlərdə, aylarda görəcəcəyik. İndidən bu barədə danışmaq düzgün deyil. Ad-san baxımından nəzərdə tutursuzsa, yenə də, “Qarabağ”ın etdiyi transferlər fərqlənir. Az-çox Adama Diakabinin adı daha məşhurdur. Futbolla dərindən maraqlananlar onu tanıya bilərlər. İstənilən halda, heç bir klub ulduz futbolçu transfer etməyib. Bu baxımdan da hansısa klubun uğurlu, hansısa klubun uğursuz olduğunu demək düzgün olmayacaq. Mən hesab edirəm ki, transferlərin uğurlu və ya uğursuz olduğunu görmək üçün gözləməliyik. Onlara meydanda qiymət vermək lazımdır.
Hamımız “Qarabağ”ın oyunlarında onların transferlərinin bacarığını görəcəyik. Ondan sonra həmin futbolçuların transferlərinin uğurlu və ya uğursuz olduqlarını söyləyə bilərik”.
Həmsöhbətimiz Ağdam təmsilçisinə keçidi gündəmdə olan Yassin Benzianın son durumu barədə də danışıb:
“Ad olaraq, maraqlı transferdir. Doğrudur, Yassin Benzia “Dijon”da olmasına baxmayaraq, bu mövsümün ilk yarısında rəsmi oyun keçirməyib. Onun indiyə qədər çıxış etdiyi futbol klubları həqiqətən, maraq doğurur. Yenə də deyirəm, hər şeyi meydanda göstərmək lazımdır”.
Əsgərov “Zirə”nin yeni transferi Vladislav Kulaçın “Dinamo”da (Kiyev) az oynadığını dilə gətirib:
“İnşallah, Vladislav Kulaç uğurlu olsun və “Zirə”yə köməyi dəysin. Doğrudur, “Dinamo”da çox az oynayıb, bilirəm. Amma orada daim oynayan oyunçunu Azərbaycana gətirmək çətindir. Ümumiyyətlə, bu, alınmayan söhbət olardı. Onun “Dinamo”da oynamamağına o qədər də əhəmiyyət vermək lazım deyil. Zədələnməsi ilə bağlı bir o qədər də məlumatlı deyiləm. Hər halda, hər şeyi burada görəcəyik. Yəni oynayacaq, yoxsa oynaya bilməyəcək? Oynayacağı təqdirdə, necə oynayacaq? Yenə də deyirəm, bu sualların hamısına cavab vermək üçün səbirli olub, gözləmək lazımdır”.
Tural Əsgərov “Neftçi”nin müdafiəçi Höccət Haqverdi və yarımmüdafiəçi Kilan Lebonla gücləndiyini demək olarmı” sualını aşağıdakı kimi cavablandırıb:
“Çox üzr istəyirəm, buna konkret cavab vermək düzgün deyil. Bunu yalnız oyun göstərəcək: Baş məşqçi nə düşünür, onlar hansı məqsədlə transfer olunub və s. Bir də, bəzən elə olur ki, sən istədiyin futbolçuları ala bilmirsən. Sonra məcburiyyətdən heyətdə rəqabət olsun deyə, başqa futbolçuları transfer edirsən. Bütün bunları bilmədən hansısa transferə qiymət vermək qətiyyən düzgün deyil. Ancaq oyunlarını gördükdən sonra biz müəyyən fikirlər yürüdə bilərik ki, “Bəli, gücləndirdi”, “Xeyr, gücləndirə bilmədi” və ya, “Bu oyunçu bu komandanın sisteminə, ruhuna uyğun deyil”, “Xarakteri böyük və çempionluğa oynayan komandada oynamağa yarayarmı, yaramazmı?” və s”.
Menecer “Sumqayıt”ın qanalı yeni oyunçusu Kərim Abubakar barədə fikir bildirərkən, “Qarabağ”dan ayrılan iki futbolçuya diqqət çəkib:
“Kərim Abubakarın “Sumqayıt”a kömək edə bilib-bilməyəcəyini də biz ən yaxşı halda yaxın günlərdə, yaxın turlarda görəcəyik. İstənilən oyunçu transfer olunarkən komandada müəyyən dəyişikliklər olur. Bu, komandanın xeyrinə də təsir edə bilər, ziyanına da. Məsələn, Kadi Borges “Qarabağ”a transfer olunanda bir çoxu bunu uğursuz və kluba yaraşmayan transfer olaraq dəyərləndirirdi. Sonda necə olduğunu gördük. Yenə də “Qarabağ”dan bir nümunə çəkim: Qaspar Panadero İspaniyanın elitasından, Premyerasından gəlmiş oyunçu idi. Çox olmasa da, orada az-maz oynayıb “Qarabağ”a gəlmişdi. Burada heç cür oynaya bilmədi. Nə qədər şans qazansa da, özünü sübut edə bilmədi. Bu baxımdan, sadəcə adı oxuyub, transferin uğurlu və ya uğursuz olduğunu demək mümkün deyil”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin