Azərbaycanlılar Azərbaycan Premyer Liqasını niyə stadionlardan izləmirlər? SORĞU

Keçən həftənin sonunda Azərbaycan Premyer Liqasında növbəti turun oyunları keçirildi. 18-ci tur çərçivəsində keçirilən 4 oyunu ümumilikdə 2550 azarkeş stadiondan izləyib. Son illərdə Premyer Liqada rəqabətin olmaması, klubların vəziyyətinin dəyişməsi, azarkeşlərin də tribunaya, oyunlara münasibətinə təsir göstərir. Ölkə futbolunda yeganə müsbət məqam azarkeşlərdir ki, artıq bunu da itirdiyimizi deyə bilərik. Bəs buna səbəb nədir? Niyə azarkeşlər stadiona getməkdən imtina edirlər? Dəstəkləri, sevgiləri tribunada lazım olan bu insanları stadiondan uzaqlaşdıran amillər nələrdir?

Bu suallara cavab tapmaq üçün səsi stadionlardan eşidilən və ya eşidilməli olan azarkeşlərə müraciət edib, onların fikirlərini öyrəndik.

Elnur Quliyev (“İmarət” azarkeş qrupunun idarə heyətinin üzvü)

“Ən vacib məsələ odur ki, bölgələrdə – Tovuzda, Şəmkirdə, Lənkəranda və əhalinin sıx məskunlaşdığı başqa yerlərdə əvvəllər futbol var idi, amma indi bu bölgələrdə futbol yoxdur. Digər vacib məsələ isə odur ki, çempionada rəqabət yoxdur. Şəxsən mən də son vaxtlar “Qarabağ”ın oyunlarına getməkdə çətinlik çəkirəm. Əvvəllər nə yolla olur-olsun, oyunlara gedirdim, amma indi fikirləşirəm ki, onsuz da “Qarabağ” qələbə qazanacaq. Rəqabət olmadığına görə, insanlarda futbola maraq azalır. Bir müddət əvvələ qədər “Xəzər Lənkəran”, “Kəpəz”, “Simurq”, “Bakı”, “İnter” kimi klublar vardı və bu komandalarla oyunlarda da rəqabət olurdu, “Qarabağ”ın rahat qələbə qazanacağını düşünmürdün. Bölgələrdə futbol olsa, rəqabət olsa, oyunlara daha çox azarkeş gələr. Biz özümüz iki avtobus azarkeşlə Lənkərana, Gəncəyə, Zaqatalaya, hətta Naxçıvana da gedirdik. Bir az maliyyə məsələləri də var, düzdür, az rol oynayır, amma bu da səbəblərdən biridir”.

Azad Əzizov (“Red-Black Army” azarkeş qrupunun üzvü)

“Biz komandamızın hər vəziyyətində yanındayıq, məğlub olanda da, qələbə qazananda da. O ki qaldı azarkeşlərin stadiona getməməsinə, səbəb yəqin ki, komandanın vəziyyəti ilə bağlı olar. Biz “Qəbələ”nin adı olan hər yerdəyik. 32 yaşım var, nə qədər ki, “Qəbələ” var, mən də qocalıb ölənə qədər stadionlarda azarkeşliyimi edəcəm. Stadionlara azarkeşlərin az gəlməsi tək “Qəbələ”yə deyil, bütün komandaların oyunlarına aiddir. Hazırda bütün klublarımız azarkeş problemini yaşayır. Dünənki “Qarabağ” – “Sumqayıt” oyunu da buna sübutdur. AFFA-da dəyişiklik olarsa, hər komandanın vəziyyəti daha da yaxşılaşar”.

İlqar Həmzəyev (azarkeş)

“Hazırda vəziyyət elədir ki, klublarımız avrokuboklarda nəticə göstərsələr belə, yenə çempionatda stadiona az azarkeş gedəcək. Buna sübut olaraq “Qarabağ” klubunu göstərə bilərəm. “Qarabağ” avrokuboklarda uğurlu çıxış etsə belə, yenə stadionu dolmur. Bunun yeganə yolu var: bütün klublar regionlara getməli, Bakıda cəmi bir komanda – “Neftçi” qalmalıdır. Yeri gələndə, “Qarabağ” da oyunlarını Quzanlıda oynamalıdır. Futbol Gəncəyə, Zaqatalaya, Tovuza, Mingəçevirə, Sabirabada aparılmalıdır. İnanın ki, bundan sonra stadionlar dolu olacaq. Komandalar turnir cədvəlində sonuncu yerdə olsalar belə, yenə stadionlarda azarkeş olacaq. Bakıda “Neftçi” olacaq, onun da oyunlarına paytaxtda yaşayanlar, “Neftçi”nin öz azarkeşləri gələcək. Çempionatda derbilər olacaq. Bunun yolunu ancaq komandaları regionlara aparmaqda görürəm.

“Xəzər Lənkəran” sonuncu yerdə olsa da, həmişə stadionu dolu olub. Eyni zamanda, Zaqatalada, Gəncədə, Tovuzda stadion dolu olub. Orda azarkeş öz komandasını stadiondan dəstəkləyir. Amma indki halda, elə bil Bakı çempionatıdır. Bakıda əhali İstanbul, Moskvadakı kimi çox deyil. Fikrimcə, hazırda Azərbaycan çempionatı maraqlı keçir. Yaxşı oyun sərgiləyən komandalar var. “Sumqayıt”, “Keşlə” kimi yaxşı oyun göstərən komandalar var. Sadəcə, bu komandalar bölgələrdə olsalar, öz azarkeşlərini tapacaqlar. Çempionatın marağı artır. Azarkeş sayını artırmağın yolunu isə mən bunda görürəm”.

Məsələylə bağlı PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevin də fikirlərini öyrəndik:

“Çempionatımızın ən gərgin keçən dövrlərində – çempionluq uğrunda 5-6 komanda mübarizə aparanda, bir sözlə, gərginlik pik həddə olan vaxtlarda da paytaxt komandalarının azarkeş baxımından bəxti gətirməyib. Paytaxtı təmsil edən “Şəfa”, “Bakı”, “İnter”, MOİK, “Standard”, “Karat”, “Bakılı”, “Ədliyyə”, AZAL, “Rəvan” komandaların heç birinin oyunlarına azarkeş marağı istənilən səviyyədə olmayıb, anşlaq yaşanmayıb. Ənənə bu gün də davam edir. Hesab edirəm ki, səbəb eynidir. Region komandalarının sayəsində say artsa, azarkeş artımının şahidi ola bilərik.

Burda da bir “əmma” var: komanda regionu təmsil etsə belə, iddialı olmalıdır. Bizim azarkeş bir az fərqli düşünür. Təbii ki, bütün azarkeşlərə aid deyil. Bizim azarkeş “gəlim, ud” demir, “ud, gəlim” deyir. Misal üçün “Karvan”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Turan” kimi  komandalar zəif çıxış edəndə, iddiası zəifləyəndə, turnir cədvəlində sonuncu pillədə qərarlaşanda bu komandaların da oyunlarına azarkeş marağı azalırdı. Hətta avrokubok oyunlarında da belə olur. “Qarabağ”ın oyunlarında dəfələrlə bunun şahidi olmuşuq.

Düşünürəm ki, digər problem futbolumuzda sabitliyin olmamasıdır. Komandaların uzunömürlü olmaması, Premyer Liqanı tərk edən komandaların bunu faciəyə çevirməsi, özündə güc tapıb yenidən Premyer Liqaya qayıtmaması və dağılması, 1-ci diviziondan çempion olan komandanın Premyer Liqada çıxış edə bilməməsi kimi məsələlər də azarkeş marağına təsir edir. Eyni zamanda, mətbuatda futbolumuz barədə həddindən artıq neqativ informasiyanın getməsinin də təsir etdiyini düşünürəm”.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button