Azərbaycan Premyer Liqasının qiyməti: Ən bahalılar və ən ucuzlar – Yazı+Siyahı
“Transfermarkt” saytına görə, Azərbaycan Premyer Liqasında çıxış edən klubların ümumilikdə dəyəri 69,74 milyon avrodur. 8 komandalı çempionatda çıxış edən klubların heyətinə görə ən dəyərlisi “Qarabağ”dır.
Azərbaycan futbolunun ən bahalısı – “Qarabağ”
Hazırda turnir cədvəlində ən yaxın izləyicisi – “Neftçi”ni 8 xal qabaqlayan “köhlən atlar”ın ümumi dəyəri 14,35 milyon avrodur. “Qarabağ”ın, eləcə də Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu Abdullah Zubirdir. 2018-ci ilin yayından Ağdam təmsilçisinin formasını geyinən yarımmüdafiəçinin qiyməti 1,6 milyon avrodur. Zubirin “Lans”dan “Qarabağ”a keçən zaman isə dəyəri 1 milyon avro idi.
“Qarabağ”ın digər ən dəyərli futbolçusu 1,3 milyonla Maksim Medvedev və Filip Ozobiçdir. Son transfer dönəmlərində adı xarici klublarla hallanan Mahir Emrelinin qiyməti isə 1,2 milyon avro olaraq müəyyənləşdirilib. “Qarabağ”ın ən ucuz futbolçusu isə 25 min avro ilə Toral Bayramlıdır.
“Neftçi”nin qiymətliləri
Premyer Liqada digər ən dəyərli klub isə “Neftçi”dir. Turnir cədvəlində olduğu kimi, dəyər baxımından da “Qarabağ”dan geri qalan “ağ-qaralar”ın heyətinin ümumi dəyəri 11,65 milyon avrodur. Paytaxt təmsilçisinin ən bahalı futbolçusu 1 milyon avro ilə Emin Mahmudov və Stiven Monrozdur. Transfer dəyəri baxımından onları izləyən isə qapıçı Səlahət Ağayevdir. Azərbaycan milli komandasının da üzvü olan Ağayevin qiyməti 900 min avro olaraq müəyyənləşdirilib. “Neftçi”nin heyətində ən ucuz futbolçu isə Kamran İbrahimovdur. Əsasən “Neftçi”nin 2-ci komandasının formasını geyinən qapıçının dəyəri 25 min avrodur.
“Sabah” yeni olsa da…
Azərbaycan Premyer Liqasında heyətinin dəyərinə görə 3-cü sıranı “Sabah” tutur. Yeni yaranmasına baxmayaraq, bir çox legionerlə güclənən “Sabah”ın ümumi dəyəri 9,48 milyon avrodur. Bakı təmsilçisinin ən dəyərli futbolçusu Ramil Şeydayevdir. Bir müddət əvvəl “Sabah”la 6 aylıq müqavilə imzalayan hücumçunun transfer qiyməti 900 min avrodur. Komandanın ən ucuz futbolçusu isə 50 min avro ilə Reza Biqdelo, Oleq Karnaux, Amirhosseyn Najafi, Raymond Qodstimdir. Sözügedən futbolçular adətən “Sabah-2”-də forma geyinirlər.
“Zirə”ni qiymətə mindirən Balayev
Premyer Liqada dəyərinə görə 4-cü sıranın sahibi isə “Zirə”dir. Qəsəbə təmsilçisinin heyətinin ümumi dəyəri 8,63 milyon avrodur. “Qartallar”ın ən dəyərli futbolçusu Emil Balayevdir. Bir müddət əvvəl “Zirə”ylə 6 aylıq müqavilə imzalayan qapıçının transfer dəyəri 1,2 milyon avrodur. Komandanın ən ucuz futbolçusu qapıçı Abdulla Seyidəhmədovdur. Nadir hallarda “Zirə”nin əsas komandasının formasını geyinən futbolçunun dəyəri 50 min avrodur.
“Keşlə”nin ən bahalısı azərbaycanlıdır
Azərbaycan Premyer Liqasında 5-ci ən dəyərli komanda “Keşlə”dir. Zaur Axundovun prezidenti olduğu komandanın heyətinin ümumi dəyəri 7,25 milyon avrodur. “Keşlə”nin ən bahalı futbolçusu Ruslan Qurbanovdur. Azərbaycan milli komandasının üzvü olan yarımmüdafiəçinin transfer qiyməti 600 min avrodur. Ən ucuz futbolçu isə 25 min avro ilə Emin Quliyev və Rəşad Sadiqovdur.
“Sumqayıt”ın 600 min avroluq futbolçuları
Premyer Liqada dəyərinə görə 6-cı sıranın sahibi “Sumqayıt”dır. “Kimyaçılar”ın heyətinin ümumi dəyəri 6,85 milyon avrodur. “Sumqayıt”ın ən bahalı futbolçusu Aleksey İsayev və Peyman Babayidir. Hər iki oyunçunun transfer qiyməti 600 min avrodur. Komandanın ən ucuz futbolçusu isə qapıçı Aydın Bayramovdur. 24 yaşlı futbolçunun qiyməti 50 min avrodur.
Dəyərdən düşən Essyen
Azərbaycan Premyer Liqasında ümumi dəyərinə görə 7-ci sırada “Səbail”dir. Ötən mövsümün sonundan başlayaraq maliyyə problemləri yaşayan Bakı təmsilçisi bir çox futbolçusu ilə yollarını ayırmalı olub. Komandanın heyətinin ümumi dəyəri 6,35 milyon avrodur. “Səbail”in ən dəyərli futbolçusu Lema Mabididir. Konqolu yarımmüdafiəçinin transfer qiyməti 600 min avrodur. “Səbail”in heyətində ən ucuz futbolçular isə Peyman Keşavarz və Murad Qayalıdır. Hər iki futbolçunun qiyməti 25 min avrodur. Bir zamanların məşhur ulduzu olan Maykl Essyenin qiyməti isə cəmi 250 min avrodur.
“Qəbələ” əvvəlki kimi bahalı deyil
Azərbaycan Premyer Liqasında ümumi dəyərinə görə sonuncu – 8-ci sırada “Qəbələ”dir. Ölkə çempionatının bölgə təmsilçisi olan komandanın ümumi dəyəri 5,18 milyon avrodur. Turnir cədvəlinin də sonuncusu olan “Qəbələ”nin ən bahalı futbolçuları İviça Zuniç, Amin Seydiyev və Fernan Lopesdir. Hər üç futbolçunun transfer dəyəri 400 min avrodur. “Qəbələ”nin ən ucuz futbolçusu isə 25 min avro ilə Xəyal Muradovdur.
Premyer Liqanın “qoca”sı
Azərbaycan Premyer Liqasında iştirak edən komandaların ümumi yaş ortalaması 26,2-dir. Ən gənc komanda 25,2 ilə “Qəbələ” və “Sumqayıt”, ən yaşlısı isə 27 yaş ortalaması ilə “Keşlə”dir. Premyer Liqada iştirak edən komandaların heyətində olan legionerlərin ümumi sayı isə 72-dir. Ən çox legioneri olan “Sabah”, ən az olanı isə “Sumqayıt”dır.
Ötən mövsümə nisbətən Azərbaycan Premyer Liqasının ümumi dəyərində artım hiss olunur. Belə ki, Premyer Liqa klublarının 2018/19 mövsümündə dəyəri 57,31 idisə, indi bu rəqəm 69,74-dür.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin