“Qardaşımın transferində bir faiz də olsa, mənim rolum var” – Müsahibə
Azərbaycan Premyer Liqasının debütantı “Sabah”da hər tur meydana eyni vaxtda iki qardaş çıxır – Kərim və Coşqun Diniyev. Azərbaycan millisinin keçmiş baş məşqçisi Şahin Diniyevin övladları “Sabah”ın əsas oyunçularından hesab olunurlar.
Komanda.az yaşca daha böyük olan qardaşla – Kərimlə müsahibəni təqdim edir:
- Əvvəlcə “Sabah”a keçidin haqda danışardın…
- Ötən mövsüm “Səbail”dən ayrıldıqdan sonra Elşad müəllimdən (“Sabah”ın baş məşqçisi Elşad Əhmədov) təklif gəldi və heç düşünmədən qəbul etdim. Çünki Elşad müəllimlə bir yerdə işləmişik və bir-birimizi yaxşı tanıyırıq.
- Başqa klublardan təklif olmuşdu?
- Bəli, təkliflər var idi, ancaq düşünmədən “Sabah”la müqavilə bağladım.
- Hansı klublardan təklif gəlmişdi?
- Bu haqda danışmağın mənası yoxdur.
- Qış fasiləsində qardaşın Coşqun Diniyev də “Sabah”a transfer olundu. Keçidində sənin rolun nə qədərdir?
- Yalan olmasın, məsləhətləşdik. Komanda, komandadaxili ab-hava, bir sözlə, hər şey haqda danışdıq. Qardaşımın transferində bir faiz də olsa, mənim rolum var. Ancaq əsas olan Coşqunun oynamaq istəyi idi.
- Qardaşınla bir komandada oynamağının hansı üstünlükləri var?
- Üstünlükləri çoxdur. Bir-birimizi yaxşı tanıyırıq deyə, anlaşmağımızda problem olmur. Bir-birimizə dayaq dururuq.
- “Sabah”ın hazırkı durumunu necə dəyərləndirirsən?
- 23 xalımız var və 5-ci pillədəyik. Bu mövsüm çempionatda ilk ilimizdir. Əsas məqsədimiz Azərbaycan Premyer Liqasında qalmaqdır. İnanıram ki, bunu da bacaracağıq.
- Son turlarda demək olar ki, hər oyunda azlıqda qalırsız. Buna səbəb nədir?
- Səbəblər müxtəlifdir. Bəzən sərt oyun, bəzən haqsızlıqlar, bəzən çılğınlıq olur deyə, belə alınır. Bunun qarşısını almalıyıq.
- Marko Deviç iki dəfə simuliyasiyaya görə qırmızı vərəqə ilə cəzalandırılıb. “Sabah”ın əsas qol ümidi olsa da, komandasını meydanda azlıqda qoyur. Vitse-kapitan olaraq bu haqda nə düşünürsən?
- Marko təcrübəli futbolçudur. Bu haqda ona heç nə demək lazım deyil. Bu, Marko üçün də çətindir. Biz də istəmərik qırmızı vərəqə alaq, ancaq belə alınır.
- Premyer Liqanın son turunda, “Qəbələ” ilə matçda vaxtı uzatdığın üçün qırmızı vərəqə ilə cəzalandırıldın…
- Mən topu meydandan kənarlaşdıranda reklam taxtalarına dəyib, üstümə qayıdırdı. Topu uzaqlaşdırdım mən də. Bu, meydandan kənarda olan bir şey idi, vaxtı uzatmaq üçün edilmiş bir şey deyildi.
- Coşqun Diniyevin epizodu bəs necə?
- Coşqunun epizodu göründüyü qədər təmiz penalti idi, ancaq hakim fərqli qərar verdi.
- “Sabah”ın əsas hədəfi nədir?
- Əsas hədəfimiz Premyer Liqada qalmaq və növbəti mövsümə yaxşı hazırlaşmaqdır.
- Həftəsonu “Səbail”lə qarşılaşacaqsız. Bu komandaya öz meydanınızda 0:4 hesabı ilə məğlub olmusuz. Oyuna qisas hissi ilə çıxacaqsızmı?
- Hər oyuna 3 xal üçün çıxırıq. İnşallah, qələbə qazanaraq, məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq.
- Kərim, futbolçu kimi qarşına hansı məqsədləri qoymusan?
- Bugünkü gün üçün reallıqla danışmaq lazımdır, şükür Allaha, komandanın əsas oyunçusu və vitse-kapitanıyam. Hazırkı hədəfim komandama faydalı olmaq və Azərbaycan millisinə dəvət almaqdır.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin