Trans vəziyyətində olan İbrahimov və “beyni çönən” Qədirov haqda bir neçə qeyd

Kürşad

Bir müddət əvvəl “Kəpəz” klubunda bir-birinin ardınca maraqlı əhvalatlar yaşanmışdı.

Əhvalatlardan biri bu idi ki, Gəncə klubunun İdarə Heyətinin yeni sədri Namiq Qədirov günlərin birində təcili iclas keçirmişdi və iddialara, mətbuatda yayılan xəbərlərə görə, “Kəpəz”in aşağı yaş qrupları üzrə komandalarına maliyyə ayrılmayacağını, bütün diqqətin əsas komandaya yönələcəyini bildirmişdi. Mətbuatın təpkisindən sonra “Kəpəz”in aşağı ranqlı rəsmiləri bu məlumatı təkzib etdilər, Namiq Qədirovun “beyninin çönmədiyini”, eyni “sevgi”ni və “qayğı”nı klubun akademiya səviyyəsində komandalarına da göstərəcəyini bildirdilər. Amma “Kəpəz”ə ayrılan pulları kimlərin yediyini, kimlərin cibinə getdiyini onsuz da zamanla biləcəyik. Vaxtı ilə dövlətin ayırdığı və AFFA vasitəsi ilə kluba ötürülən pulların başına nə gətirildiyi, elə AFFA-dakı bəzi şəxslərin o pula şərik olduğu barədə məlumatlar yaxın tarixə aiddir, unudulmayıb.

“Kəpəz”lə bağlı ikinci qəribə əhvalat isə klubun İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşaviri Erkin İbrahimovla bağlı idi. Ötən ayın ortalarında qəfildən xəbər yayıldı ki, bəs, Erkin müəllim yerini isitməmiş, kənardan Gəncənin üzərində üzükdəki qaş kimi görunən başı qarlı dağları göz dolusu seyr etməmiş klubdan ayrılır.

Özü də, İbrahimov elə belə yox ha, qəti qərar verib “Kəpəz”dən ayrılmışdı. Həmin vaxt səbəbkar məsələ ilə bağlı belə demişdi:

“Kağız üzərində hələ ki, klubdayam. Sadəcə, həftəsonu olduğu üçün rəsmi prosedurları həyata keçirə bilməmişdim. Rəhbərlik artıq bu barədə məlumatlandırılıb. Vəzifəmdən ayrılmaqla bağlı qərarım qətidir və birinci gün ərizəmi kluba təqdim etməyi planlaşdırıram.

Öz istəyimlə ayrılıram. “Kəpəz”də çalışmaq istəmirəm. Bəziləri düşünür ki, qərar verməkdə tələsmişəm. Amma mən düşünürəm ki, əslində gecikmiş qərardır. Həm futbolda, həm də həyatda öz prinsiplərim var və buna görə yaşayıram. Düşünürəm ki, verdiyim qərar “Kəpəz”də çalışan hər bir əməkdaşın, sıravi işçilərin xeyrinə olacaq”.

Amma sonra nə oldu? Erkin İbrahimovun “istefa ərizəsi” heç cür gedib klub rəhbərliyinin otağına çıxmadı. Sanki onun “istefa ərizəsi”ni rəhbərliyin qənşərinə “Poçt qutusu”ndakı Novruzəli aparmışdı…

Sonra… Elə həmin günlərdə Erkin müəllimdən ikinci açıqlama gəldi:

“Hələ klubdan ayrılmamışam. Razılığa gəldik ki, bir müddət susqunluq olsun. Tezliklə klubda müəyyən struktur dəyişiklikləri olacaq. Yeniliklərin kimləri əhatə edəcəyini gözləyirəm. Bundan sonra qərarımı verəcəm”.

Həmin vaxtdan bəri İbrahimov meditasiya ilə məşğul olanların trans vəziyyətinə girməsi kimi, necə susqunluq moduna giribsə, çıxa bilmir. Əldə etdiyimiz məlumata görə, “Kəpəz”in küsəyən, qırılğan, “gedirəm-getmirəm” havasında olan bu idman məsələləri üzrə müşaviri klubda artıq bəlli bir siyahı tərtib edib, o siyahını da rəhbərliyə və mətbuat xidmətinə təqdim edib ki, bundan sonra bu siyahıdan kənarda qalanlardan kim varsa, onların qarşısında hamımız mətinliklə və qətiyyətlə susmalıyıq, heç bir suallarına cavab verməməli, açıqlama vermək fikrinə düşməməliyik. Xülasə, İbrahimov və onun kimi Gəncə futboluna, “Kəpəz”ə hardan gəldikləri bəlli olmayan digərləri klubda artıq futbol ictimaiyyətinə, mediaya qarşı ikili standart siyasətinə start verib. Bu “siyasət”in sonu necə olacaq, onu da, yaşayıb, görərik, hörmətli küsəyən, qırılğan Erkin müəllim və “Kəpəz”ə beş-on manat pul ayırır deyə, tez-tez “beyni çönən” Namiq Qədirov yoldaş. Təki, itirən növbəti dəfə “Kəpəz”, Gəncə futbolu olmasın.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button