“Trabzonspor”da bir ayrılıq, bir yeni futbolçu

Türkiyə çempionu “Trabzonspor” hücumçusu Andreas Korneliusla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi 29 yaşlı hücumçunu Danimarkanın “Kopenhagen” klubuna satıb. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Kopenhagen” bu transfer üçün Türkiyə klubuna 6 milyon avro ödəyəcək.

Andreas Kornelius ötən ilin yayında İtaliyanın “Parma” klubundan 5.2 milyon avroya transfer olunmuşdu. O, bu komandanın heyətində 49 oyuna 20 qol vurub.

Danimarkalı hücumçu məhz “Kopenhagen”in yetirməsidir. O, əvvəllər bu komandanın heyətində bütövlükdə 6 mövsüm keçirib. Kornelius “Kardiff Siti”, “Atalanta” və “Bordo”da da oynayıb. Hücumçu Danimarka yığmasında da 41 oyun keçirib, 9 qola imza atıb.

Korneliusu “Kopenhagen”ə satan “Trabzonspor” Niderlandın “Ayaks” klubunun yarımmüdafiəçisi Naci Ünüvarı icarəyə götürüb. 19 yaşlı vinger mövsümün sonuna kimi Trabzon klubunda forma geyinəcək. Bir mövsümlük icarə üçün “Ayaks”a 150 min avro ödəniləcək. Futbolçunun özü isə yeni klubunda bütövlükdə 7 milyon 280 min TL gəlir əldə edəcək.

Naci Ünüvar “Ayaks”ın öz yetirməsidir. O, sözügedən klubun əsas komandasında cəmi 2 oyun keçirib, 1 qol vurub. Niderlandda dünyaya göz açmış Türkiyə əsilli Ünüvar, bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında oynayıb. Yarımmüdafiəçi hazırda Niderlandın U-19 yığmasında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button