“Trabzonspor”da 2 ayrılıq, 2 yeni futbolçu

Türkiyənin “Trabzonspor” klubu iki futbolçusu ilə yolları ayırıb.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi iranlı yarımmüdafiəçisi Vahid Amiri, həmçinin türkiyəli mərkəz müdafiəçisi Mustafa Yumlu ilə vidalaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2018/19 mövsümünün əvvəlində “Persepolis”lə müqaviləsinin müddəti başa çatdığı üçün azad agent kimi transfer olunan Amiriyə yeni mövsümdə ehtiyac duyulmayıb. Bu üzdən də 31 yaşlı futbolçu yola salınıb. Amma 2020-ci ilin yayına kimi müqaviləsi olan oyunçuya 150 min avro təzminat da ödənilib.

Yumlu isə “Trabzonspor”dan ayrılaraq yeni mövsümdən Super Liqada mübarizə aparmaq hüququ qazanan “Dənizlispor”a keçib. 31 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqavilə bağlayıb.

Trabzon klubu heyətinə yeni futbolçular da cəlb edib. Bunlardan biri Almaniyada anadan olan, bu ölkənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış, hazırda isə Kosovo milli komandasının şərəfini qoruyan Donis Avdiyaydı. Hollandiyanın “Villem II” klubundan transfer edilən hücumçu ilə 1+3 illik müqavilə imzalanıb. 22 yaşlı forvard qarşıdakı mövsümdə “Trabzonspor”da 274 min avro gəlir əldə edəcək. Gələn il müqavilənin müddəti uzadılsa, 2020/21 mövsümündə məbləğ 375 min, 2021/22 ve 2022/23 mövsümlərində isə 500 min avro olacaq. Karyerası ərzində “Şalke”, “Roda” kimi klublarda da forma geyinmiş Avdiyay, geridə qalan mövsümdə “Villem II” klubunda 19 oyuna çıxıb, 8 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

“Trabzonspor” klubun öz akademiyasının yetirməsi olan Ahmet Baha Bilginlə də peşəkar müqavilə imzalayıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button