“Trabzonspor” Çempionlar Liqasına buraxılmadı – RƏSMİ
İdman Arbitraj Məhkəməsi (CAS) Türkiyənin “Trabzonspor” klubunun apellyasiya şikayətinə baxıb.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, UEFA tərəfindən avrokuboklardan bir illik kənarlaşdırılan Super Liqa təmsilçisinin cəzası qüvvədə qalıb.
CAS, “Trabzonspor”un dəlillərini yetərsiz, UEFA-nı haqlı sayıb. Bu isə o deməkdi ki, sözügedən komanda qarşıdakı mövsümdə avrokuboklarda iştirak edə bilməyəcək. Halbuki Super Liqada mövsümü ikinci pillədə başa vuran trabzonlular UEFA Çempionlar Liqasına vəsiqə qazanmışdılar.
Bu qərardan sonra “Trabzonspor”un əvəzində ÇL-də Super Liqanın bürünc mükafatçısı “Beşiktaş” mübarizə aparacaq. İstanbul klubu mübarizəyə təsnifat, çempion “Başakşəhər” isə qrup mərhələsindən başlayacaq. Avropa Liqasında mübarizə aparmalı olan “Beşiktaş”ı isə “Qalatasaray” əvəz edəcək. “Sarı-qırmızılar” bu turnirdə Türkiyənin digər təmsilçiləri “Sivasspor” və “Alanyaspor”la birgə mübarizə aparacaq.
Xatırladaq ki, UEFA “Trabzonspor”u maliyyə feyr-pleyi qaydalarına əməl etmədiyi üçün iyunda 1 illik avrokuboklardan kənarlaşdırdığını açıqlamış, Türkiyə klubu isə məsələni CAS-a daşımışdı.
Bizi Facebook-da izləyin