Tovuzda film kimi futbol
Fəxri Rüstəmli
“Kəpəz” dünən Azərbaycan Premyer Liqasının 19-cu tur matçında stadionunun qapılarını onların üzünə “öz evin kimi” açan “Turan Tovuz”a futbol dərsi keçdi. Qonşusunu hər cəhətdən üstələyən gəncəlilər acımadı rəqibinə dünənki oyunda. Kurban Berdıyevin dediyi kimi, layiq idilər qələbəyə.
“Kəpəz” dünən qələbəyə layiq olmaqdan daha artığını etdi, fərq yaratdı, həmişəkindən daha güclü oynadı. Azər Bağırov necə kökləmişdisə komandasını, sanki final matçına çıxmışdılar. Gənc mütəxəssis bəndənizə verdiyi son müsahibəsində qış hazırlığının yaxşı keçdiyini vurğulamışdı, amma bu qədər yaxşı olacağını təsəvvür etməmişdim. Bağırov bu komandaya başçılıq edəndən bəri, aşağı-yuxarı, demək olar ki, hər mətbuat konfransında iştirak etmişəm və o, yeni gələndə hər dəfə “yaxşı olacaq”, “düzələcək” deyirdi. Deyəsən, artıq dediklərini icra etməyə başlayıb.
Qərb derbisi o qədər maraqlı və gərgin mübarizə şəraitində keçdi ki, adam oyundan gözünü ayırmaq istəmirdi. Tovuz stadionunda hər şey var idi: mübarizə, qarşılıqlı hücumlar, gərginlik, tribunadakı atmosfer, qarşıdurma, münaqişə, hər şey… Bir sözlə, möhtəşəm, əsl Avropa futboluna xas olan atmosfer… Ötən həftəsonu insanlar əsl futbol həyəcanını Tovuzda yaşadı.
Məyus ayrıldı tovuzlu azarkeşlər stadiondan dünən. Çünki rəqib aşkar üstünlüyə malik idi. Çünki “Kəpəz” acımasız olmuşdu dünən. Gəncəlilər doymurdu qola. Beş qola doymayan oyunçular son dəqiqələrdə altıncı qolun axtarışına çıxmışdılar. Amma bəxti gətirdi “Turan Tovuz”un həmin epizodda. Çempionata uğurlu start verən, cari mövsümdə iki oyuna “Qarabağ”dan (vahid lider) 4 xal qoparan komandanı “Kəpəz” “nokaut” etmişdi. Vuruşub, alınlarının təri ilə 3 xalı 5 qolla qazandılar.
Bizi Facebook-da izləyin