Totti məhkəmə qarşısına çıxacaq!
İtaliya yığmasının və “Roma”nın sabiq hücumçusu Françesko Totti “çirkli pullar”ın yuyulmasında şübhəli bilinərək məhkəmə qarşısına çıxarılacaq.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 46 yaşlı keçmiş futbolçunun “çirkli pullar”ın yuyulması ilə bağlı şübhəli əməliyyatlarda iştirak etdiyi iddia olunur. Tottinin bank hesablarını iki il yarım ərzində baş vermiş əməliyyatlarla, xüsusən də, bukmeker kontorları ilə maraqlanan müstəntiqlər araşdıracaq.
Qeyd olunan sövdələşmələrdən biri 2022-ci ilin avqust ayına aiddir. Totti qohumlarından birinə faizsiz 80 min avro borc verib. Məbləğ əvvəlcə dostunun arvadı və qızının birgə hesabına ödənilməli, sonra isə ər-arvadın birgə hesabından keçib dostunun şəxsi hesabına daxil olmalı idi.
2020-ci ilin iyun ayında Tottiyə məxsus iki bank hesabının da Monako, London və Las Veqasdakı kazinolarla şübhəli əməliyyatlar apardığı iddia edilir. Ekspertlər hesabatlarından birində yazır: “Müxtəlif beynəlxalq qumar evlərinə göndərilən pulların əsl məqsədi ilə bağlı böyük şübhələr var”.
Bizi Facebook-da izləyin