“Tottenhem”dən “Vilyarreal”a – rəsmi
İngiltərənin “Tottenhem” klubu yarımmüdafiəçisi Covani Lo Çelso ilə vidalaşıb.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi argentinalı oyunçunu İspaniyanın “Vilyarreal” klubuna icarəyə verib. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 26 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi La Liqa klubunun uğurları üçün çalışacaq.
Covani Lo Çelso 2019-cu ilin avqustundan “Tottenhem”də forma geyinirdi. O, London təmsilçisində 84 oyuna çıxıb, 9 qol vurub. Argentinalı yarımmüdafiəçi daha öncə “Rosario Sentral”, PSJ və “Betis”də də forma geyinib. O, Argentina yığmasında 39 oyuna çıxıb, 2 qol vurub.
“Vilyarreal” öz yarımmüdafiəçisi Dieqo Kolyado ilə də yeni müqavilə bağlayıb. İspaniyadan olan 21 yaşlı vinger 3 illik sözləşməyə imza atıb.
Lo Çelsonu icarəyə verən “Tottenhem” gənc hücumçusu Kayon Eteteni də “Kardiff Siti” klubuna satıb. Çempionşip təmsilçisi 20 yaşlı forvardın keçidi üçün London klubuna 600 min avro ödəyib. “Tottenhem” Eteteni 2019-cu ildə “Notts Kaunti”dən transfer etmişdi. O, əvvəlki mövsümlərdə “Northempton Taun” və “Çeltnem Taun” klublarına icarəyə də verilmişdi.
Yeri gəlmişkən, “Tottenhem”in sabiq hücumçusu Cermeyn Defo Premyer Liqa təmsilçisində məşqçi kimi fəaliyyətə başlayıb. O, komandanın futbol akademiyasında çalışacaq, həmçinin London klubunun səfiri olacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Defo 2004-2008, həmçinin 2009-2014-cü illər aralığında məhz “Tottenhem”də forma geyinib. O, bu komandanın heyətində meydana çıxdığı 363 oyunda 143 qol vurub. İngiltərə yığmasının sabiq üzvü “Vest Hem”, “Bornmut”, “Portsmut”, “Toronto”, “Sanderlend” və “Reyncers”də də forma geyinib. Sonuncu iş yeri bu ilin əvvəlində keçdiyi “Sanderlend” olan Defo, klub karyerası ərzində bütövlükdə 762 oyun keçirib, 305 qola imza atıb. Bu yay futbolçu karyerasını başa vuran 39 yaşlı keçmiş hücumçu, İngiltərə yığmasında da 57 oyunda 20 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin