“Mançester Yunayted”lə danışıqlar aparmışdıq, amma…” – Eriksen
Qış fasiləsində “Tottenhem”dən “İnter”ə transfer olunan Kristian Eriksen açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Tottenhem”dən ayrılığı haqqında danışan danimarkalı futbolçu, “Mançester Yunayted”dən təklif aldığını da bildirib:
“Bu barədə onlarla danışığımız olmuşdu, amma bu keçidin mümkünlüyü heç vaxt real olmayıb. “Mançester Yunayted”lə danışıqlar aparmışdıq, amma dəyişiklik istəyirdim. Premyer Liqada qalmaq mənim üçün asan həll yolu idi. “Tottenhem”də də qala bilərdim, lakin yeni ölkədə çıxış etmək istəyirdim.
Çempionlar Liqasının finalı çox özəl bir an idi. “Tottenhem” tarixində ilk dəfə bu mərhələdə yer aldı. Çox gözəl anlar idi, amma biz finalda “Liverpul”a məğlub olduq (0:2). Bundan sonra hər şey çətinləşdi. Yeni mövsüm başlayanda insanlar hələ də Çempionlar Liqası finalının təsirində idi. Bir neçə dəfə uğursuz nəticə ilə üzləşdikdən sonra vəziyyətdən çıxmaq daha da çətin olur.
Yanvar ayında yeni komandaya keçmək heç də asan deyil. Burda hər kəs eyni səviyyədədir, çünki mövsümboyu birlikdə məşq ediblər. Komandanın oyun sisteminə uyğunlaşmağım və öyrənməyim lazımdır”.
Bizi Facebook-da izləyin