Topustan (9-cu hissə)
- Ortada bir top var idi, amma oyunlar onunla oynanılmırdı.
İştirakçılar
UEFA Elxan – 40-45 yaşlarında kişi
Çempionat Ramin – 50-55 yaşlarında kişi
Fağır Nikolay – 50-55 yaşlarında kişi
Mətbuat Firuz – 40-45 yaşlarında kişi
Jurnalist Yazarov – 30-35 yaşlarında kişi
Kadr Kamran – 45-50 yaşlarında kişi
Sinyor Roberto – 55-60 yaşlarında kişi
Çempion Qurban – 45-50 yaşlarında kişi
Katibə Firəngiz – 25-30 yaşlarında xanım
Mayor Qasımov – 55-60 yaşlarında kişi
Müəllim – Nə yaşı bilinir, nə özü görünür
Veteranlar, azarkeşlər, bir neçə klub rəhbəri, məşqçilər – Onların da yaşları bilinmir, amma ara-sıra adları çəkilir, hadisələrin içində olurlar
(8-ci hissəni oxumaq üçün link: https://komanda.az/topustan-8-ci-hiss%c9%99/)
Qara rəngli, “Mercedes” markalı avtomobil döngəni dönüb, sürətlə AFFA-nın həyətinə girdi. Avtomobil dayanandan sonra sürücünün yanında əyləşmiş kişi qapını açıb, yerə düşdü. Bakının payızının soyuğu və küləyi onu sürətlə yeriməyə məcbur etdi. Az qala qaça-qaça özünü binanın giriş qapısına çatdırdı. Küləyin dağıtdığı seyrək, amma uzun saçlarını əliylə səliqəyə saldı. Sonra qapıda dayanan oğlanla salamlaşıb, liftə doğru addımladı.
Katibə Firəngiz onu görən kimi dodaqlarındakı pomadanı təzələmək üçün çıxardığı kosmetika çantasını masanın üzərinə qoydu. Gülümsəyərək: “Bir dəqiqə, mən indi Elxan müəllimə xəbər edərəm” deyib, ayağa qalxdı, UEFA Elxanın otağına doğru getdi. Az sonra qayıtdı: “Buyurun, müəllim sizi gözləyir”. Fağır Nikolay katibəyə gülümsəyib, UEFA Elxanın otağına keçdi.
UEFA Elxan otağında tək deyildi. AFFA Məşqçilər Komitəsinin sədri Sadıqov, komitə üzvlərindən Mircavadovla Diniyev də yanında idi.
Fağır Nikolay otaqda olanların hamısına başı ilə salam verib, “günaydın” dedi. O, az-çox rus dilində və Türkiyə türkcəsində danışa bilirdi. Vətəninin – Xorvatiyanın ən məşhur məşqçilərindən birinin köməkçisi kimi Türkiyədə işləmişdi. Elə o vaxt da bu dildə danışmağı öyrənmişdi. Sonra Türkiyə seriallarını izləməyə başlamışdı. Bu, ona dili daha yaxşı öyrənməyə çox kömək etmişdi. Ona Azərbaycan millisində işləmək təklifi gələndə, dil baxımından ciddi problemi olmayacağını biləndə, xeyli sevinmişdi. Ümumiyyətlə, AFFA-nın milli komandada baş məşqçi işləmək təklifi onu çox sevindirmişdi. Fağır Nikolay çox yaxşı bilirdi ki, o nə Qvardiola deyil, nə də Klopp, heç vaxt ola bilməyəcəyini də bilirdi. Məşqçilik karyerasının çox hissəsi məşhur həmyerlisinin köməkçisi kimi keçmişdi. O isə artıq özünü göstərmək, qərarları özü vermək istəyirdi. Bu baxımdan AFFA-nın təklifi onun üçün göydəndüşmə olmuşdu. Düzdür, ona elə də fantastik müqavilə təklif etməmişdilər. Amma olsun! O buna razı idi. Baş məşqçi kimi qərarlar vermək, oyun vaxtı futbolçuları əvəzləmək, telekanalların, fotokameraların obyektivinin mərkəzində olmaq üçün çox şeyə razı idi. Öz ölkəsinin milli komandasına qarşı Bakıda keçirdikləri oyunda heç-heçə etmələri təkcə Azərbaycanda yox, Xorvatiyada da böyük əks-səda doğurmuşdu. O bütün məşqçilik karyerası ərzində bunu arzulamamışdımı? Gecələr yuxusuna da girən Xorvatiya mətbuatının günlərin birində onun haqqında ağızdolusu yazması deyildimi? Hə, onun baş məşqçisi olduğu komanda seçmə mərhələdə cəmi bir xal qazanmışdı, onu da elə həmvətənləri ilə oyunda. Amma qazanılan bu bir xal onu göyün yeddinci qatına qaldırmışdı.
Fağır Nikolayın komitə üzvlərinin arasında özünə yer edib oturmasından sonra UEFA Elxan telefonun dəstəyini götürüb, zəng etdi: “Zəhmət olmasa, bizə çay gətirin”.
Otaqdakılar UEFA Elxanın “necəsiz, işləriniz necə gedir” suallarına cavab verib qurtarana kimi çayları da gəldi. Otağa xoş ətir qoxusu yayan Katibə Firəngiz Fağır Nikolayın onun nazik baldırlarına dikilən baxışları altında çay dolu stəkanları stolun üzərinə yerləşdirib, nazlana-nazlana otaqdan çıxdı.
- Bilirsiz ki, qarşıda seçmə mərhələnin son iki oyunu qalıb. Bu gün sizi çağırıb, toplantı etməyimizin səbəbi də budur – UEFA Elxan qaynar çayla dolu stəkanı qabağına çəkib, baxışlarını Fağır Nikolaya dikdi.
Fağır Nikolay baş katibin məhz onun danışmasını istədiyini başa düşdü:
- Kolay olmayacak, ama biz elimizden gelenin en iyisini yapmaya hazırız. Takımımız mücadile edecek, iyi oynayacak, buna söz vere bilirim.
Mircavadovun Sadıqova pıçıltı ilə deməyə çalışdığı “Bu nə danuşur, alə? Bizə yaxçı oyun yox e, nətücə lazumdur, nətücə” sözlərini hamısı eşitdi. Fağır Nikolay onun nə dediyini tam başa düşmədi, Kadr Elxan isə üzündəki narazı ifadəylə Mircavadova baxdı:
- Bizə bu dəqiqə yaxşı oyun yox, nəticə lazımdır. Siz məni başa düşürsüz? Tsikli cəmi bir xalla başa vursaq, bunu bizə heç kim bağışlamayacaq. Mən isə sizi qoruya bilməyəcəm.
Fağır Nikolay sual dolu baxışlarla UEFA Elxana baxdı:
- “Sizi koruya bilmeyecem” ne demek? Kovacakmısınız beni? Benim zaten sizinle anlaşmam bir yıllık. Yeni anlaşma isteyip-istemediyimi ben söylerim.
Yenə Mircavadovun pıçıltılı səsi eşidildi. Bu dəfə ağzını Diniyevin qulağına tutmuşdu: “Bu nə deyir, alə? Bunu gətürəndə deməyüblər ki, bostandan xiyar yığmağa yox, milli komandaya gedürsən? Bu nə danuşur, alə?”
UEFA Elxanın narazı, sərt baxışları Mircavadovu özünü yığışdırmağa məcbur etdi, ağzını Diniyevin qulağından çəkdi, stəkanı qaldırıb, hortultu ilə çaydan bir qurtum aldı.
Otağa sakitlik çökəndən sonra UEFA Elxan yenə üzünü Fağır Nikolaya çevirdi:
- Baxın, biz sizdən sadəcə, qarşıdakı iki oyundan birində qələbə qazanmağınızı istəyirik. Sizdən əvvəlki baş məşqçini ona görə qovduq ki, nəzərdə tutulan hədəfə çata bilmədi, nəticə qazanmadı. Milli komanda tsikli bir xalla başa vursa, bu, hamımız üçün çox pis olacaq. Siz bəlkə də, oxumursuz, xəbəriniz olmur, amma mətbuatda, sosial şəbəkədə düşmənlərimiz çoxdur, mənim istefamı tələb edirlər. Nəticə qazana bilməsək, hamımız üçün pis olacaq.
- Sizi anlıyorum, hak veriyorum. Ama siz de beni anlayın, lütfen. Bu takımla başara bildiyim en iyi şey Hırvatistanla beraberliye kalmak idi. Bundan sonrası artık kader.
Fağır Nikolay sözünü bitirən kimi Mircavadov “partladı”: “Kader nədür, alə? Mən bu yaşumda baş məşqçülüyə başlasam, bundan daha yaxşı “rezultatım” olar. Nə danuşur, bu, alə? Gəldüm, bir xal qazandum, gedürəm? Belə şey olar, alə? Belə olacaqdusa, elə özümüzdən birümüz baş məşqçülük edərdük də… Elə dögül?” Əvvəlcə Sadıqova, sonra Diniyevə baxdı, onlardan sualına təsdiq işarəsi almayınca “Əgübdür, alə” deyib, stəkanın dibində qalan çayı hortultu ilə başına çəkdi.
Mircavadov sözünü bitirən kimi UEFA Elxan əsəbi baxışlarını ondan çəkib, başını Fağır Nikolaya çevirdi:
- Görünür, biz bir-birimizi anlamırıq. Biz sizdən çox şey istəmirik, sadəcə, qarşıdakı iki oyunda üç xal qazanmağınızı istəyirik. Bu olmasa, mətbuatdakı düşmənlərimiz statistikaları tökəcək ortaya, əvvəlki tsikllərlə müqayisələr başlayacaq. Siz başa düşürsüz bizi hansı təhlükələr gözləyir? Nə lazımdır, mən öz tərəfimdən etməyə hazıram. Böyük pul mükafatı da olacaq, amma bizə xal lazımdır, xal. Xal olmasa…
- Xal olmasa, ne olacak? Asacakmısınız beni? – Fağır Nikolay diqqətlə UEFA Elxana baxdı.
- Yox, amma bütün günahların, məsuliyyətin sizin üzərinizdə olduğunu deyib, yollarımızı ayıracağıq.
Fağır Nikolay istehza ilə gülümsədi:
- Ben dünya ikincisi olmuş Hırvatıstanla beraberliye kalmış hocayım. Bana bu da yetər. Karşıdakı matçlarda da elimizden geleni edip, iyi oynamaya, mücadile etmeye çalışacağız. Şimdi bana müsade.
Fağır Nikolay toplantıda olanlarla sağollaşmadan, otaqdan çıxdı. Mircavadovun arxasınca “Alə, bu dəlüdür ki…” deməsini eşitmədi.
(davamı olacaq)
Kürşad
Bizi Facebook-da izləyin