Topustan (8-ci hissə)

  • Ortada bir top var idi, amma oyunlar onunla oynanılmırdı.

İştirakçılar

UEFA Elxan – 40-45 yaşlarında kişi

Çempionat Ramin – 50-55 yaşlarında kişi

Fağır Nikolay – 50-55 yaşlarında kişi

Mətbuat Firuz – 40-45 yaşlarında kişi

Jurnalist Yazarov – 30-35 yaşlarında kişi

Kadr Kamran – 45-50 yaşlarında kişi

Sinyor Roberto – 55-60 yaşlarında kişi

Çempion Qurban – 45-50 yaşlarında kişi

Katibə Firəngiz – 25-30 yaşlarında xanım

Mayor Qasımov – 55-60 yaşlarında kişi

Müəllim – Nə yaşı bilinir, nə özü görünür

Veteranlar, azarkeşlər, bir neçə klub rəhbəri, məşqçilər – Onların da yaşları bilinmir, amma ara-sıra adları çəkilir, hadisələrin içində olurlar

(7-ci hissəni oxumaq üçün link: https://komanda.az/topustan-7-ci-hiss%c9%99/)

UEFA Elxanın uzatdığı əlini sıxıb, “yaxşıyam, siz necəsiz” deyə, soruşdu Çempion Qurban.

“Yaxşıyıq!” –  UEFA Elxan gülümsəməyə davam edərək, cavab verdi:

  • Sizdən nə əcəb biz tərəfə gəlmisiz?

Çempion Qurban UEFA Elxanın qapıdan birinci çıxmasına imkan verib, özü də onun arxasınca AFFA-nın qapısından çölə çıxdı:

  • Ramin müəllimə baş çəkməyə gəlmişdim.

Çempion Qurban elə bu dəqiqə burdan ayrılıb getmək istəyirdi. Amma UEFA Elxanın ayaq saxladığını görüb, məcburiyyətdən o da dayanmalı oldu:

  • Komandanızı izləyirik, pis deyil. Ancaq bilirsiz, qrupdan çıxa bilməsəz, mətbuat, azarkeşlər yenə sizə hücum çəkəcək.

Çempion Qurban dərhal başa düşdü ki, UEFA Elxan “qrupdan çıxa bilməsəz, mətbuat, azarkeşlər yenə sizə hücum çəkəcək” deyərkən, milli komanda ilə Millətlər Liqasında uğursuz çıxışdan sonra ona yönələn tənqidləri nəzərdə tutur.

  • Narahat olmayın, Allahın köməyi ilə qrupdan çıxarıq. İnşallah, milli komandanın da qrupdan çıxdığı bir gün olar – Çempion Qurban zorla hiss olunan istehza ilə gülümsədi.

Onun soz sözləri UEFA Elxanın üzünə sillə kimi yapışdı, bir anlığa üzündən təbəssüm yoxa çıxdı. Bu adam seçmə mərhələdə cəmi bir xal toplamış milli komandanı xatırladıb, onu ələ salırdı?

Özünü toparlayıb, yenə gülümsədi:

  • Görək də, yaxşı olar hər şey. Siz də yolunuzdan qalmayın. Hələlik.

Əl sıxışıb, ayrıldılar.

…“Kipriklərin oxdur, qaşın kamandır. Ay qız, məndən üz döndərmə, amandır, gözəl, məndən üz döndərmə, amandır… Alagöz, alagöz, alagöz” – Jurnalist Yazarovun ciyiltili səsi binanın qapısının ağzında əvvəlcə azaldı, sonra tamamilə kəsildi. Bu gün kefi əla idi. Dünən gecə 2-3 saatı “instagram”da tanış olduğu xanımın yanında keçirmişdi. Öz evinə gecə yarısı qayıtmışdı. Evdəkilər onun gecə yarısı qapını döyməsinə çoxdan alışmışdılar. Bu gün isə “Neftçi” klubunun mətbuat xidmətindən zəng edib demişdilər ki, Kadr Kamran təcili olaraq onu görmək istəyir. Bəli, təcili! Onu bu dünyada vacib adam olduğunu hiss etdiyi anlardan çox xoşbəxt edən heç nə yox idi. Ona zəng edirdilər, “UEFA Elxan səninlə görüşmək istəyir, Kadr Kamran təcili olaraq səni görməlidir!” Bütün bunlar onu göyün yeddinci qatına qaldırırdı. Az əvvəl zümzümə etdiyi mahnını indi fit çalaraq ifa etməyə çalışıb, dayanacağa üz tutdu. Dünən gecədən bəri kefi ala buludda idi, bu gün marşruta minməyəcəkdi! Dayanacaqdan azca aralıda dayanmış taksiyə yaxınlaşdı, başını açıq pəncərədən içəri uzadıb, gedəcəyi ünvana neçəyə aparacağını soruşdu. Qiymət elə qane etməsə də, özünü sındırmadı, qapını açıb, şəstlə sürücünün yanındakı oturacağa əyləşdi.

Bir azdan artıq “Neftçi” klubunun bazasının qapısı ağzında idi. Qulağında qulaqcıq olan qapıçı oğlan onu görən kimi, əli işarəsiylə hara getdiyini soruşdu. Qapıçı oğlana yaxınlaşdı, uca səslə “Kamran müəllim çağırıb, onun yanına gedirəm” dedi. Qapıçı qulaqcıqları çıxarıb, kiməsə zəng etdi. Bir neçə saniyə keçdi, sonra başıyla Jurnalist Yazarova “gedə bilərsən” işarəsi verib, yenidən qulaqcıqları qulaqlarına keçirdi.

Kadr Kamran onu öz otağında qarşıladı. Otaqda klub prezidentindən başqa, Sinyor Roberto da var idi. Kadr Kamran onu görəndə nəinki ayağa qalxdı, heç əlini uzadıb salamlaşmadı da. Eləcə, başıyla salamını alıb, “buyur, keç otur” dedi. Klub rəhbərinin masasının qarşısında, Sinyor Roberto ilə üz-üzə oturdu.

Kadr Kamran dodaqucu onunla hal-əhval tutdu, onu Sinyor Robertoya tanıtdı. Əslində, Sinyor Roberto ilə mətbuat konfranslarında tez-tez qarşılaşırdılar. Amma Kadr Kamran deməsəydi, bu italyan onun ölkənin ən yaxşı, ən obyektiv, ən vicdanlı jurnalistlərindən biri olduğunu hardan bilə bilərdi? Kadr Kamran onu təriflədikcə, Jurnalist Yazarov xoşallanırdı, xoşallandıqca da irişirdi. Nəhayət, Kadr Kamran əsas məsələyə keçdi:

  • Qardaş, niyə bizim kluba diqqət ayırmırsız? Niyə imkan verirsiz ki, bizi təkləsinlər?

Kadr Kamranın ciddiləşdiyini görən Jurnalist Yazarov özünü yığışdırdı:

  • Necə yəni, məllim? Nə kömək lazımdır?
  • Görmürsən başımıza nə oyun açırlar? Azarkeşlər hər oyunumuzda “istefa” qışqırır. Xəbərin olmadı keçən dəfə “istefa” qışqıran fanklub üzvlərini stadiondan qovmağımızdan? Mətbuat Firuz mənə dedi ki, sən bizə dost adamsan. O məsləhət gördü ki, səninlə görüşüm. Bu adamlar kimdir, nəçidir, bunları kim öyrədir – hamısı haqda məlumat toplayıb, yazı yazmağını xahiş edirəm.

Kadr Kamranın son sözlərindən sonra Jurnalist Yazarovun üzünə sanki qara bir kölgə çökdü. Onu çox istismar edirdilər, bəli, bəli, məhz istismar. AFFA rəhbərliyini, milli komandaları onları söyən adamlardan müdafiə etdikcə, onun özünü də söyməyə başlamışdılar. Keçən dəfə “feysbuk”da bir paylaşımının altına “Sizin kimi satılmış jurnalistlərə görə futbolumuz bu gündədir” yazmışdı biri. İndi durub “Neftçi” rəhbərliyini, bu Sinyor Robertonu da müdafiə edən yazılar yazsa, nə olacaqdı? Özü də bilirdi ki, “Neftçi”nin bəzi fanatları söyüş söyməyi, təhqir etməyi sevirlər. Amma onu da bilirdi ki, bu ölkədə sadə insanlara yox, rəhbərlərə, məmurlara qalxan olub, onları qorumağın qarşılığı söyüşdür.

  • Nə fikrə getdin, qardaş?

Kadr Kamranın səsi qulaqlarında cingildədi:

  • Heç… Bir şey fikirləşərik. Firuz qardaşdır, o deyibsə, sizi müdafiə etmək borcumuzdur.
  • Ay sağ ol! Elə də bilirdim. Sən bizim klubla əməkdaşlıq edirsən də, hə?

Jurnalist Yazarov başını yelləyib “hə” dedi.

Kadr Kamran nəhayət, gülümsədi:

  • Əla! Narazılığın yoxdur ki, bizdən?

Onun cavab verməsini gözləməyib, davam etdi:

  • Nəsə problem olsa, bizim mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxla. Narahat olma e, sən bizə dəstək ol, biz də sənin üçün əlimizdən gələni edərik.

Özünü gülümsəməyə məcbur etdi Jurnalist Yazarov:

  • Sağ olun, Allah razı olsun, heç bir problem yoxdur, narahat olmayın.

Ayağa qalxdı, əvvəlcə Kadr Kamrana, sonra da Sinyor Robertoya əl uzadıb, sağollaşdı. Ona elə gəldi ki, Sinyor Robertonun baxışlarında özünə qarşı ikrah hissi gördü. Bəlkə də, elə deyildi, ona elə gəlmişdi. Bayaq özünü həddən artıq lazımlı adam kimi hiss edərək açdığı qapıya doğru addımladı. İndi o, ayaqlarını az qala sürüyə-sürüyə gedirdi. Arxadan Kadr Kamranla Sinyor Robertonun səsi eşidilirdi, nə barədəsə danışırdılar. Amma onun qulaqlarının aydın eşitdiyi səs onlarınkı yox, heç tanımadığı birinin dediyi “sizin kimi satılmış jurnalistlərə görə futbolumuz bu gündədir” sözləri idi.

(davamı olacaq)

Kürşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button