Topustan (7-ci hissə)

  • Ortada bir top var idi, amma oyunlar onunla oynanılmırdı.

İştirakçılar

UEFA Elxan – 40-45 yaşlarında kişi

Çempionat Ramin – 50-55 yaşlarında kişi

Fağır Nikolay – 50-55 yaşlarında kişi

Mətbuat Firuz – 40-45 yaşlarında kişi

Jurnalist Yazarov – 30-35 yaşlarında kişi

Kadr Kamran – 45-50 yaşlarında kişi

Sinyor Roberto – 55-60 yaşlarında kişi

Çempion Qurban – 45-50 yaşlarında kişi

Katibə Firəngiz – 25-30 yaşlarında xanım

Mayor Qasımov – 55-60 yaşlarında kişi

Müəllim – Nə yaşı bilinir, nə özü görünür

Veteranlar, azarkeşlər, bir neçə klub rəhbəri, məşqçilər – Onların da yaşları bilinmir, amma ara-sıra adları çəkilir, hadisələrin içində olurlar

(6-cı hissəni oxumaq üçün link: https://komanda.az/topustan-6-ci-hiss%c9%99/)

Çempionat Ramin ona bir neçə gün əvvəl zəng etmişdi. Səsindən giley hiss olunurdu:

  • A Qurban, arada vaxt elə, mənə baş çək.

Çempion Qurban hələ “Neftçi”də oynadığı vaxtdan dostlaşdığı bu adamı qıra bilməzdi. Onunla yalan olmasın, tonlarla çörək kəsmişdi. Çempionatda və avrokuboklarda fasilə yarandığını fürsət bilib, bu gün köhnə dostunun görüşünə getməyi qərara almışdı.

AFFA-nın qapısından girən kimi gələnə-gedənə nəzarət edən qapıçı oğlanın maraq dolu baxışları ilə qarşılaşdı. Başı ilə salam verib, keçib getdi. Çempion Qurbanın əvvəllər bu binaya yolu daha tez-tez düşərdi. Onda həm AFFA İcraiyyə Komitəsinin üzvü idi, həm də bir ara milli komandanın baş məşqçi postunda çalışmışdı. Çempion Qurban hər dəfə milli komandanı xatırlayanda qanı qaralırdı. Ona qarşı düz etdilərmi? Heç bir il şans vermədilər ona. Halbuki “nemes” Berti Foqtsa 6 ilə yaxın vaxt vermişdilər Azərbaycan milli komandasında. Axırda nə oldu? Nə oldu da, nə oldu? Heç nə, getdi Xorvatiya yığmasına səfərdə biabırçı hesabla uduzdu, sonra aradan çıxdı. Amma ona… Nə yatdı ki, nə də yuxu görsün? Azərbaycan futbolu adına ən böyük uğurların altında imzası olan Çempion Qurbana ediləcək şey idimi bu? Ona e, ölkənin ən yaxşı məşqçisinə. Xatırladıqca, tüstüsü təpəsindən çıxırdı. Milli komandada işlədiyi o qısa müddətdə dostunu da, düşmənini də tanıya bildi. Başda UEFA Elxan olmaqla AFFA İcraiyyə Komitəsində yer alan Cavadov, Tuayev, Sadıqov kimi adamların onun ən kiçik uğursuzluğuna belə, necə sevindiklərini gördü, hiss etdi. Onu milli komandadan qovanda başa düşdü ki, bu adamlarla İcraiyyə Komitəsində qalmağın mənası yoxdur. Onları hər dəfə görəndə mədəsi bulanırdı. Çempion Qurbanı aldatmışdılar, ona bütün futbol karyerasının ən böyük hörmətsizliyini etmişdilər. Bütün bunları da bu şəxslər – qalstuklu adamlar etmişdi. Elə ona görə də, milli komandanın baş məşqçi postundan uzaqlaşdırılanda İcraiyyə Komitəsinə tüpürüb çıxdı.

Çempionat Raminin otağının qapısını döyüb, heç bir cavab gözləmədən içəri girdi. Otaqda Çempionat Ramindən başqa, biri də var idi. Çempion Qurban bu adamı tanıdı, arada stadionlarda, məşq meydançalarında görmüşdü, uşaq məşqçisi idi. Əl uzadıb, görüşdü. Çempionat Ramin uşaq məşqçisinə “çıxa bilərsən” deyib, ayağa qalxdı. Köhnə dostlar qucaqlaşıb, görüşdülər.

  • Buyur, ürəyin harda istəyir, orda otur – Çempionat Ramin ona əliylə öz masasının qarşısındakı stulları göstərdi.

Keçib, stullardan birində oturdu.

  • Çaydan, sudan nə istəyirsən? – Çempionat Ramin kreslosunda yerini rahatlayaraq soruşdu.
  • Sağ ol, heç nə lazım deyil. Elə gəldim səni görüm.

Çempionat Ramin onun nazik kurtkanın altından belə, hiss olunan qollarının əzələlərinə göz gəzdirib gülümsədi:

  • Məşq eləyirsən yenə? “Malades”! Arada “Qarabağ”ın oyununu izləyəndə, qol vurmağa çətinlik çəkdiyinizi görəndə, öz-özümə deyirəm “indi Qurban özü çıxa meydana, qol vura”.

İkisi də güldü.

  • Sənin işlərin necədir? – Çempion Qurban soruşdu.
  • İşlərdir də, gördüyün kimi. Əvvəlki kimi deyiləm mən daha, tez yoruluram. Elə bir iş də yoxdur e, hakimlərə nəzarət etmirəm, bir şey. Əslində elə belə yaxşıdır. Nə istəyirlər, eləsinlər.
  • Lap yaxşı, sən də dincəl də. Belə çempionatı sənsiz də keçirmək olar. Çempionatdır ki, bu?

Çempion Qurban haqsız deyildi. Son illərdə Azərbaycan Premyer Liqasında həm komanda sayının azalması, həm də çempionatın səviyyəsinin aşağı düşməsi göz önündə idi. Onun baş məşqçisi olduğu “Qarabağ” son illərdə asanlıqla çempion olurdu. Bu il isə ümumiyyətlə, onlara müqavimət göstərən komanda yox idi.

  • Elə mən də səninlə o barədə danışmaq istəyirdim – Çempionat Ramin kreslosunda qurcalanıb, diqqətlə onun üzünə baxdı.
  • Nə barədə?
  • Çempionat barədə.
  • Hmm… Buyur.
  • Sənin komandan Avropa Liqasında da oynayır. Deyirəm nəyinə lazımdır çempionatda hər oyunu udmaq? Vallah, sənin komandan oyuna yox, məşqə də çıxsa, qalan bütün komandaları udar.

Çempion Qurbanın üzündə azacıq təəccüb ifadəsi əks olundu:

  • İndi mən nə etməliyəm, uşaqlara deyim ki, meydana çıxın, amma oynamayın?
  • Lap o cür də demə e… Sən neçə illərin məşqçisisən, bu işləri məndən yaxşı bilirsən. Nə bilim, ehtiyatda qalan futbolçuları, ikinci heyəti burax meydana. Özlərinə də denən, çox qaçıb, özlərini yormasınlar.
  • Hmm… – Çempion Qurban bilmədi nə desin.
  • Amma bir dənə “Neftçi”yə güzəştə getməyə bilərsən. Nə qədər bacarırsız, vurun onlara. Yeyib-dağıdırlar klubu.
  • Kim yeyir?
  • Elə hamısı. Onların baş məşqçisi var e, Sinyor Roberto, bax, o, Kadr Kamran, bir də, onlarda transfer işlərinə baxan Sultanov birləşib, klubu çapıb-talayırlar. Bildiyimə görə, baş məşqçinin məvacibinə də şərikdirlər, transferlər üçün nəzərdə tutulan pula da.
  • Əşşi, indi çox klubda belə işlər olur da – Çempion Qurban etinasızlıqla əlini yellədi.
  • Yox, onlarda başqa cürdür, əməlli-başlı pul yeyintisi var. Sən dediyimi elə, başqa komandalarla oyunlarda uşaqları çox yorma, amma bunlara nə qədər bacarırsız, vurun.

Çempion Qurban gülümsədi:

  • Yaxşı, bu barədə fikirləşərəm. İşin yoxdursa, gedək hardasa oturaq.
  • Yox, bir az da söhbət edək, sonra sən çıx, mənim qonağım gələcək.

Bir qədər də evdən-eşikdən danışdılar. Sonra Çempionat Ramin ayağa durdu. Köhnə dostuna yaxınlaşıb, qucaqladı:

  • Arada görün, heç olmasa, zəng elə. Bilirəm, işin çox olur. Amma məni yaddan çıxarma, a Qurban. Söhbətimizi də yaddan çıxarma ha.

Çempion Qurban neçə illik dostu ilə sağollaşıb, otaqdan çıxdı. Sifətindən düşüncəli, qayğılı olduğu görünürdü. Pilləkənlərə tərəf getdi. Çempionat Raminin dediklərini fikirləşə-fikirləşə pilləkənləri enməyə başladı. O da bilirdi ki, çempionata maraq hədsiz azalıb, azarkeşlər stadionlardan uzaq qaçır. Nəsə etmək lazımdır. Həm də, köhnə dostunun – Çempionat Raminin xahişini yerə salmaq da istəmirdi.

  • Necəsüz?

O qədər fikirli idi ki, AFFA-nın çıxış qapısına nə vaxt çatdığını bilməmişdi. Başını çevirib, sol tərəfinə baxdı, UEFA Elxan idi, ona baxıb, həmişəki kimi, hiyləgərcisənə gülümsəyirdi.

(davamı olacaq)

Kürşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button