Topustan (5-ci hissə)
- Ortada bir top var idi, amma oyunlar onunla oynanılmırdı.
İştirakçılar
UEFA Elxan – 40-45 yaşlarında kişi
Çempionat Ramin – 50-55 yaşlarında kişi
Fağır Nikolay – 50-55 yaşlarında kişi
Mətbuat Firuz – 40-45 yaşlarında kişi
Jurnalist Yazarov – 30-35 yaşlarında kişi
Kadr Kamran – 45-50 yaşlarında kişi
Sinyor Roberto – 55-60 yaşlarında kişi
Çempion Qurban – 45-50 yaşlarında kişi
Katibə Firəngiz – 25-30 yaşlarında xanım
Mayor Qasımov – 55-60 yaşlarında kişi
Müəllim – Nə yaşı bilinir, nə özü görünür
Veteranlar, azarkeşlər, bir neçə klub rəhbəri, məşqçilər – Onların da yaşları bilinmir, amma ara-sıra adları çəkilir, hadisələrin içində olurlar
(4-cü hissəni oxumaq üçün link: https://komanda.az/topustan-4-cu-hiss%c9%99/)
“Qapılar bağlanır, növbəti stansiya…”. Vaqona yayılan bu səs onu sanki birdən ayıltdı. Başını telefondan çəkdi, ildırım sürətiylə düşünüb, özünü qapıya doğru atdı. Yolüstü özünü qapının ağzında dayanmış iki qıza da çırpdı. Qapıdan çıxdığı anda qızlardan hansınınsa “heyvərə, öküz!” deməsini eşitdi. Amma vecinə deyildi, qapılar bağlanmamış özünü çölə ata bilmişdu. Jurnalist Yazarova məhz bu stansiyada düşmək lazım idi. “Qarabağ”ın çempionatda keçirdiyi və növbəti dəfə qələbə qazandığı oyundan sonra təşkil olunan mətbuat konfransından gəlirdi. Çempion Qurbanın mətbuat konfransı başa çatan kimi otaqdan az qalaraq qaçaraq çıxmış, özünü metrostansiyaya atmışdı. “Qarabağ” çempionatda keçirdiyi bütün oyunları qələbə ilə başa vurmuşdu. Artıq bu komandanın oyunları da, oyunlardan sonra təşkil olunan mətbuat konfransları da sıxıcı olmağa başlamışdı. Görünən bu idi ki, “Qarabağ” bu il də rahatlıqla çempion olacaqdı.
- Qardaş, siqaretin olar? – Küçə lampasının sifətini işıqlandırdığı uzun, arıq bir oğlan idi. Başını yelləyib “yox” dedi, oğlanın məyus baxışları altında addımlarını sürətləndirib, ondan uzaqlaşdı. Bir qədər gedəndən sonra dönüb arxaya baxdı. Oğlan görünmürdü. Əlini şalvarının cibinə atıb, siqaret, alışqan çıxardı. Bir dənə siqaret yandırıb, yoluna davam etdi. Bu zəhrimara qalmış siqareti bir neçə dəfə tərgitmək istəsə də, hər dəfə cəhdləri uğursuz olmuşdu. Yenə də siqareti atmaq haqda düşünürdü. Bu dəfə onu buna məcbur edən təzəlikcə tanış olduğu bir xanım idi. Qısa kəsilmiş saçları yumru sifətinə yaraşan, dolu bədənli, qarayanız bu xanımla “instagram”da tanış olmuşdular. Artıq bir neçə dəfə görüşmüşdülər də. Ərindən bir neçə il əvvəl ayrılan bu qadına yalan deməli olmuşdu. Yalandan demişdi ki, o da boşanıb. Amma əslində, onu hər gecə evində gözləyən iki uşağı, həyat yoldaşı var idi. Hə, onun kimi qətiyyən yaraşıqlı olmayan biri üçün çox böyük fürsət olan bu xanımla son görüşlərində eşitdiyi “siqaret çəkən kişilərdən xoşum gəlmir” cümləsi beyninə saplanmışdı. Növbəti yalanını da elə orda demişdi: “Mən siqaret çəkən deyiləm, arada, toylarda, başqa məclislərdə bir dənə çəkərəm, ya çəkmərəm”. Gözünün içinə kimi yalan danışırdı, gündə azı bir qutu siqaret boşaldırdı.
Addımlarını yavaşıdıb, ətrafına baxdı, yaxınlıqda zibil qutusu yox idi. Siqaretin kötüyünü yerə tulladı, ayağıyla əzib, yoluna davam etdi. Bu gün günorta saatlarında Mətbuat Firuzdan zəng gəlmişdi, “axşam boşsansa, oturub bir çay içək” demişdi. Görüş yerini, vaxtını müəyyənləşdirmişdilər. Hardasa iyirmi dəqiqə gecikirdi. Ancaq az qalmışdı, çatmaq üzrə idi. Bir neçə dəqiqə… və budur, çatdı. Kafenin qarşısında Mətbuat Firuzun avtomobilini görəndə başa düşdü ki, artıq gəlib, onu gözləyir. İçəri girdi, ətrafa boylandı. Küncdə oturmuş Mətbuat Firuzla eyni vaxtda bir-birlərini gördülər. Mətbuat Firuz ayağa durub, onunla öpüşüb-görüşdü.
- Bağışla, sən Allah, mətbuat konfransı gec qurtardı, ona görə…
Mətbuat Firuz güldü:
- Sənə dedim getmə də. Nə var e, gül kimi ömründən neçə saatını mənasız oyuna qurban verirsən.
İkisi də güldü.
- Aclığın var? – Mətbuat Firuz əliylə ofisiantı çağıraraq, ondan soruşdu.
Əslində, acından ölürdü. Günortadan bəri dilinə siqaretdən başqa heç nə dəyməmişdi. Amma beyninin bir küncündə Mətbuat Firuzun gündüz zəng edərkən “axşam boşsansa, oturub bir çay içək” deməsi qalmışdı, utandı “acam” deməyə. Çayın pulunu Mətbuat Firuz verəcəkdisə, yemək yeməli olsa, bunun da pulunu o ödəyəcəkdi. Ona görə də, “yox, sağ ol, elə çay içərəm” dedi.
Mətbuat Firuz ofisianta “bizə yaxşı dəmlənmiş, kəkotulu çay gətir” deyib, ona tərəf çevrildi:
- Necə gedir işlər? “Qarabağ”ı yenə çempion edirsiz?
İkisi də gülümsədi:
- Əşşi, olsunlar da. Mənim də komandamda o cür bahalı futbolçular olsa, hər il çempion olaram.
- Mən səni başqa bir şey üçün çağırmışam e. Əvvəlcə deyim ki, milli komanda haqda yazdığın yazılar əla idi. Elxan məllim də oxudu, bəyəndi. Sənə təşəkkürünü çatdırmağımı xahiş etdi. Dedi Jurnalist Yazarovun nə problemi olsa, çəkinmədən desin. Özün də bilirsən, milli komandaların bütün səfərlərində hamıdan əvvəl sənin adın olur. Belə də olacaq, nə qədər ki, biz AFFA-dayıq, sənin kimi yaxşı qardaşlara dəstək olacağıq.
Jurnalist Yazarov söhbət nədər gedirdi, bunu bilirdi. Milli komandanın Bakıdakı növbəti məğlubiyyətindən sonra UEFA Elxan ondan stadionda “istefa” qışqıran azarkeşlərin öyrədilmiş adamlar olmasını yazmasını və bəzi futbolçuların zəif oynadığını qabartmasını xahiş etmişdi. O da bunu canla-başla etmişdi.
Ofisiant çayı gətirdi. Mətbuat Firuz özünə də, ona da çay süzdü:
- İndi başqa bir problem çıxıb ortaya.
- Veteranları deyirsən? – Jurnalist Yazarov qoz mürəbbəsindən qabağındakı zərif naxışları olan qaba doldurub, Mətbuat Firuzun üzünə baxdı.
- Həə, bunlar dinc dayanana oxşamır. Yığışıb bir neçə uğursuz adam bir yerə, ağızlarına gələni danışırlar. O gün onların sədrinin verdiyi açıqlamanı oxudun?
- Hə, oxudum, biabırçılıq idi.
- Elxan məllim dəhşət əsəbiləşdi oxuyanda. Müəllim UEFA Elxana zəng edib, deyib ki, veteranlarla görüşsün, dərdləri nədirsə, öyrənsin, çox hay-küy salmasınlar. Bilirsən, bu aralar Müəllimin özü barədə də mətbuatda, sosial şəbəkədə qaralama kampaniyası gedir.
- Hə, bilirəm – Jurnalist Yazarov cavab verib, qoz mürəbbəsi ilə doldurduğu qaşığı ağzına apardı.
- Özləri üçün gic-gicə bir dənə təşkilat da yaradıblar, düşüblər ortaya. Bizi narahat edən bilirsən nədir?
Jurnalist Yazarov çaydan bir qurtum alıb, cavab verdi:
- Nə?
- Bizi narahat edən odur ki, bunlar yığışıb ölkə rəhbərliyinə müraciət edər. Baxma, aralarında tanınmış adamlar da var. Ölkə rəhbərliyinə bizdən şikayət etsələr, yaxşı olmaya bilər. Ona görə də, mətbuatda sənin kimi dostların köməyinə ehtiyacımız var.
- Necə?
- Bax, kimdir bu adamlar? Hansı uğurları olub son illərdə, nəyə nail olublar? Guya bunların yaratdığı təşkilatın nə xeyri olacaq? Hamısının bir dərdi var, bizdən pul qoparmaq.
Mətbuat Firuz son cümləni deyəndən sonra duruxdu. Başa düşdü ki, uğursuz cümlə qurub. Axı elə bir neçə gün əvvəl Jurnalist Yazarovun bank hesabına xeyli məbləğdə pul köçürmüşdülər. Hələ bunun milli komanda ilə səfərləri, o səfərlərə görə ödənilən ezamiyyət pulları var idi.
- Sənin kimi dostlara, qardaşlara can qurbandır e, səhv başa düşmə. Mən bu veteranları, bizim ən kiçik uğursuzluğumuzdan fil düzəldənləri nəzərdə tuturam.
Jurnalist Yazarov qoz mürəbbəsindən bir qaşıq da içəri ötürüb, təsdiq mənasında başını yellədi:
- Bilirəm, başa düşürəm, narahat olma. İndi məndən istədiyin nədir, yıxım-sürüyüm bunları?
Mətbuat Firuz gülümsədi:
- O sehrli qələminlə bunlara kim olduqlarını göstər. Amma elə yaz ki, bizim bu məsələyə dəxlimiz olmasın. Yəni… Elə yaz ki, oxuyanda heç kim fikirləşməsin ki, yazını kiminsə istəyi ilə yazmısan. Mən sənə onların sədrləri və bir neçə üzvləri barədə yaxşı məlumatlar verərəm. Onları da birləşdirib, yaxşı bir yazı çıxara bilərsən ortaya. Danışmışam, bizim telekanaldan da dəstək oldular bəlkə.
Jurnalist Yazarov gözlərini bərəldib, təəccüblə Mətbuat Firuza baxdı:
- Necə dəstək? Verilişdə açıq-aşkar veteranları vuracaqlar?
Mətbuat Firuz hiyləgərcəsinə gülümsədi:
- Yox, elə alınmır. Səni, bir də başqa qardaş jurnalistləri verilişə çağıracaqlar. Orda ya aparıcı bu mövzunu açacaq, ya da sən özün…
Qoz mürəbbəsi sanki bir anda daşa dönüb, Jurnalist Yazarovun boğazında ilişib qaldı. Yazmaq, pozmaq başqa, verilişə çıxıb, futbol ictimaiyyəti arasında yetərincə hörməti olan adamları yıxıb-sürümək başqa. Özü də, bu adamların mətbuatda xeyli dəstəkçiləri də var.
- Hə, nə deyirsən? – Mətbuat Firuz sualı verib, diqqətlə onun üzünə baxdı.
(davamı olacaq)
Kürşad
Bizi Facebook-da izləyin