Topustan (4-cü hissə)
- Ortada bir top var idi, amma oyunlar onunla oynanılmırdı.
İştirakçılar
UEFA Elxan – 40-45 yaşlarında kişi
Çempionat Ramin – 50-55 yaşlarında kişi
Fağır Nikolay – 50-55 yaşlarında kişi
Mətbuat Firuz – 40-45 yaşlarında kişi
Jurnalist Yazarov – 30-35 yaşlarında kişi
Kadr Kamran – 45-50 yaşlarında kişi
Sinyor Roberto – 55-60 yaşlarında kişi
Çempion Qurban – 45-50 yaşlarında kişi
Katibə Firəngiz – 25-30 yaşlarında xanım
Mayor Qasımov – 55-60 yaşlarında kişi
Müəllim – Nə yaşı bilinir, nə özü görünür
Veteranlar, azarkeşlər, bir neçə klub rəhbəri, məşqçilər – Onların da yaşları bilinmir, amma ara-sıra adları çəkilir, hadisələrin içində olurlar
(3-cü hissəni oxumaq üçün link: https://komanda.az/topustan-3-cu-hiss%c9%99/)
- Alo! Salam, necəsiz, cənab mayor?.. Şükür, mən də yaxşıyam… Bəli, bəli… Bilirəm… Siz narahat olmayın, 3-4-nü aparıb içəri bassaz, bir də o qələti eləməzlər… Aha… Problem deyil, siz heç narahat olmayın – “Neftçi” klubunun bazasının üzərinə çökmüş səssizliyə dağılan bu səs Kadr Kamranın səsi idi. Şər qarışan vaxt idi, klubun bazasında mühafizəçidən və Kadr Kamranın özündən başqa heç kim yox idi. Mühafizəçi də yəqin indi həmişəki kimi, balaca “budka”sında oturub, qulağına keçirdiyi qulaqcıqlarla telefonda hansısa axmaq filmə baxırdı. Kadr Kamranın bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq, mühafizəçi iş vaxtı film izləmək şakərindən əl çəkmirdi. Ondan olsaydı, bir gün də saxlamazdı, atardı işdən. Ancaq ata bilmirdi, çünki bu cavan oğlanı AFFA-da yüksək vəzifədə olan bir tanışının xahişi ilə işə götürmüşdü.
- Mən sizi başa düşdüm, cənab mayor. Siz zəhmət olmasa, öz əməkdaşlarınıza deyin, əsas mən dediyim həmin o sektoru nəzarətdə saxlasınlar. Hə… Hə, hə… Ay sağ olun, siz nəsə öyrənsəz, mənə də deyərsiz… Çox sağ olun. Aha… Aha… Hələlik – Kadr Kamran telefonu söykədiyi sağ qulağından çəkib, cibinə qoydu. Sonra nə düşündüsə, əlini cibinə atıb, telefonu təkrar çıxardı, ekrana baxıb, narazılıqla deyindi: “Harda qaldı e bu daaa”.
Yenicə başlayan çempionatda Kadr Kamranın prezidenti olduğu “Neftçi” klubunun işləri heç yaxşı getmirdi. Komanda ilk turlarda uduzmuş, bir dəfə də heç-heçə etmişdi. Elə bil komanda lənətlənmişdi. Avropa Liqasında sonuncu biabırçı oyunlardan sonra klubun azarkeşləri dayanmadan onun istefasını tələb edirdilər. Amma Kadr Kamran həmin adamların kimlərsə tərəfindən öyrədildiyinə inanırdı. Az əvvəl telefonda danışdığı Mayor Qasımova həmin “istefa manyakları”nın stadionda əsasən hansı sektorda olduqlarını demişdi. Növbəti dəfə də “istefa” şüarı səsləndirilsə, Mayor Qasımovun polisləri o səsləri kəsəcəkdi, özü də bölmədə!
Siqnal səsi eşidildi. Kiçik bir pauzadan sonra səs təkrarlandı. Kadr Kamran dərhal anladı ki, siqnal verən Sinyor Robertodur. Mühafizəçi ilk siqnalın fərqinə varmamış, ikinci dəfə təkrarlananda, qapını açmışdı.
- Axx, çağırardım otağıma, deyərdim ki, şələ-şüləni yığışdır, rədd ol burdan. İti qovan kimi qovardım. Heyf ki, “dayday”ından keçə bilmirəm – Kadr Kamran beynində mühafizəçini qovmağın həzzini yaşayırdı ki, Sinyor Roberto bir az aralıda saxladığı avtomobilindən düşdü. Seyrəlməkdə olan saçları gicgahlarına doğru ağarmış bu italiyalının saqqalına da çoxdan ağ dən düşmüşdü. Azərbaycanda olduğu bir ildən bir az çox müddətdə yerli dili öyrənmişdi. O qədər də yaxşı danışa bilmirdi, amma fikirlərini çatdırmağa bəs edirdi.
- Axşamız xeyir, Kamran mallim – yaxınlaşıb, Kadr Kamrana əl uzatdı.
Üz cizgilərinə görə ilk baxışdan adamda elə də xoş təəssürat yaratmayan bu adamın da son vaxtlar günü qara idi. Mətbuat, azarkeşlər Kadr Kamranla yanaşı, onu da “Neftçi”nin uğursuzluğunda əsas günahkarlardan bilirdi. Komandanın baş məşqçisi olduğu üçün bütün bu tənqidlərin, təzyiqlərin həm də ona yönəlməsi normal idi. Sinyor Robertonun son vaxtlar sosial şəbəkədə, stadionda ən çox eşitdiyi “rədd olun bu klubdan” sözü idi. O, “Neftçi”də keçidiyi ilk mövsümündə elə də pis təsir bağışlamamışdı, hətta komanda çempionluğa da yaxın idi. Amma necə oldusa, çempionatın axırına yaxın Çempion Qurbanın “Qarabağ”ı gəlib onları keçdi, tozunda qoydu. Buna görə Sinyor Robertonu mətbuatda tənqid edənlər tapıldı, ancaq komandada ilk ili olduğu üçün çox da dərinə getmədilər. İndi isə…
- Axşamınız xeyir, buyurun, keçək mənim otağıma – Kadr Kamran Sinyor Robertonun uzatdığı əlini sıxıb, salamlaşandan sonra qabağa düşüb, otağına tərəf addımladı.
Kadr Kamran ölkə rəhbərinin divardan asılmış böyük portretinin düz altında olan kreslosunda oturub, Sinyor Robertonun da masanın qarşısındakı yumşaq dərili oturacaqlardan birində əyləşməsini gözlədi:
- Dünən Çempionat Raminlə də, UEFA Elxanla da görüşüm oldu, hakim məsələsinə görə etirazımı bildirdim. Ancaq məncə, biz hakimdən daha çox, özümüzə diqqət etməliyik. Komanda bir neçə oyun da qələbə qazana bilməsə, heç birimizin işi yaxşı olmayacaq.
Sinyor Roberto sözləri ağzında əzə-əzə:
- İş? Ne iş?
- Bilirsiz, mənə təzyiqlər var. Xüsusən də, sizinlə bağlı…
Kadr Kamranın sözləri ağzında gəvələyərək deməsi Sinyor Robertonun hövsələsini daraltmağa başladı:
- Tazyiq? Ne tazyiq? Man heç ne anlamır. Siz daha aydın danışa bilar?
- Özünüz də gördüz, o gün klubun iclasında Müşahidə Şurasının üzvləri narazılıqlarını bildirdilər. Əsasən də, idman direktorundan və sizin işinizdən narazıdırlar.
- Man bunu bilir. Amma manim heç bir günah yox. “Qarabaq” komandası çok güclü, bizde o futbolçular yok.
Sinyor Robertonun simasındakı təbəssümü sərtliyin əvəz etdiyini görən Kadr Kamran gülümsəməyə məcbur oldu:
- Mən bütün bunları bilirəm. Müşahidə Şurasının üzvlərinə də, UEFA Elxana da dedim ki, bizim heyətimiz “Qarabağ”ın heyəti qədər güclü deyil. Amma…
- Ne amma?
- Hm… Bilirsiz, mənə dedilər ki, bir neçə oyunda da uğursuz olsaq, sizinlə…
- Ne manimla? – indi Sinyor Robertonun üzündə Kadr Kamranla salamlaşarkən olan o yumşaq, həlim ifadədən əsər-əlamət qalmamışdı.
Kadr Kamran nəhayət, cəsarətini toplayıb, bayaqdan demək istədiyini dedi:
- Dedilər ki, sizinlə yollarımızı ayıraq.
Sinyor Roberto yüngülcə çiyinlərini çəkdi:
- Manimla? Kim dedi?
- Müşahidə Şurasının üzvlərindən də məsləhət görən oldu, UEFA Elxan da dedi.
Sinyor Roberto ayağını ayağının üstünə aşırıb, istehzalı şəkildə gülümsədi:
- Man gedar. Gedar man, problem yok. Amma siz bilir, manim tazminatı bilir. Na zaman istasaz, man gedar.
Kadr Kamran Sinyor Robertonun özündən çıxdığını görüb, ortamı yumşaltmağa çalışdı:
- Bu dəqiqə sizinlə yollarımızı ayırmırıq e, sadəcə, vəziyyətimizi izah etməyə çalışdım. Hamımız toparlanıb, bu vəziyyətdən çıxmalıyıq. Siz özünüz də görürsüz ki, hər oyunda istefamızı istəyirlər. Məni başa düşün, çıxış yolu tapmasaq, mənim üçün də, sizin üçün də, hamımız üçün də yaxşı olmayacaq. Sizə bunu deməyə çalışıram.
Sinyor Roberto Kadr Kamranın danışa-danışa stolun üzərindən teleofonu götürüb cibinə qoymasından anladı ki, söhbət bitmək üzrədir. Ayağa qalxdı:
- Man har şeyi başa düşür, çok gozal başa düşür. Amma siz da mani başa düşür. Bu futbolçularla “Qarabaq”la oynamaq çok çatin. Saq olun, man gedir.
Sinyor Roberto bu dəfə sağollaşmaq üçün əlini uzatmadı, əsəbi şəkildə otaqdan çıxdı. Aradan heç beş dəqiqə keçməmiş, gecənin qaranlığının bağrını yaran siqnal səsi eşidildi. Bir neçə saniyə sonra siqnal təkrarlandı.
- Axx, səni nə qovardım, heyf ki… – Kadr Kamran idi, öz-özünə deyinirdi – ancaq Sinyor Robertonun, yoxsa mühafizəçinin qarasınca deyinirdi, bax, bu, bilinmədi.
(davamı olacaq)
Kürşad
Bizi Facebook-da izləyin