Topustan (3-cü hissə)

  • “Ortada bir top var idi, amma oyunlar onunla oynanılmırdı”.

İştirakçılar

UEFA Elxan – 40-45 yaşlarında kişi

Çempionat Ramin – 50-55 yaşlarında kişi

Fağır Nikolay – 50-55 yaşlarında kişi

Mətbuat Firuz – 40-45 yaşlarında kişi

Jurnalist Yazarov – 30-35 yaşlarında kişi

Kadr Kamran – 45-50 yaşlarında kişi

Sinyor Roberto – 55-60 yaşlarında kişi

Çempion Qurban – 45-50 yaşlarında kişi

Katibə Firəngiz – 25-30 yaşlarında xanım

Mayor Qasımov – 55-60 yaşlarında kişi

Müəllim – Nə yaşı bilinir, nə özü görünür

Veteranlar, azarkeşlər, bir neçə klub rəhbəri, məşqçilər – Onların da yaşları bilinmir, amma ara-sıra adları çəkilir, hadisələrin içində olurlar

(2-ci hissəni oxumaq üçün link: https://komanda.az/topustan-2-ci-hiss%c9%99/)

Bakının küləyi yayın istisində dərman kimidir. Boşuna yerə bu şəhərə “Küləklər şəhəri” deməyiblər ki… İlin hər fəslində burda külək əsir. İndi də, yay fəsli olmasına baxmayaraq, güclü külək əsirdi. Külək əsdikcə Çempionat Raminin otağının pəncərəsindəki pərdəni yellədir, sonra da tapdığı boşluqdan sivişib otağa dolurdu. Çempionat Ramin gözündə eynək, geniş stolunun arxasındakı yumşaq oturacağa yayxanaraq, ölkədə bağlanmayan, zar-zor ayaq üstdə qalan yeganə idman qəzetini vərəqləyirdi. Bu otaq artıq uzun illərdir onun iş otağıdır. O, futbol sahəsinə ölkənin köklü klublarından birinin vitse-prezidenti olaraq gəlmişdi. Sonra isə bir gün Müəllim onu yanına çağırdı, “çempionatı sənə tapşırsaq, necə olar” deyə, soruşdu. Çempionat Ramin AFFA-nın baş katibi olmağı arzulayırdı, həmişə də bir gün bu istəyinin reallaşacağına özünü inandırmışdı. Ondan çempionatı təşkil edən quruma rəhbərlik etməsini istəyəndə əvvəlcə duruxmuşdu, amma razılaşmaqdan başqa əlacı olmamışdı. Həm Peşəkar Futbol Liqasının prezidenti olmağın nəyi pisdir? Qollarını çırmaladı, işə başladı. Klubda işləyəndə çempionatda hansı işlər çevrildiyini, kimin hansı əməl sahibi olduğunu öyrənmişdi keçən illər ərzində. Odur ki, ona çox da çətin olmadı. Düzdür, son 1-2 ildə çempionatın səviyyəsi xeyli aşağı düşmüşdü, bunun da əsas səbəbi komanda sayının azlığı idi. Çempionat Ramin bir neçə dəfə komanda sayı ilə bağlı fikirlərini bildirmək üçün Müəllimlə təkbətək görüşməyə çalışmışdı, amma bu istəyi baş tutmamışdı. UEFA Elxanın bəzi çempionat oyunlarının “qumar”a qoyulmasında əsas günahkarın Çempionat Ramin olduğunu Müəllimə deməsindən sonra münasibətləri daha əvvəlki kimi deyildi. Hə, Çempionat Raminin bəzi yarıtmaz qohumlarının ölkə çempionatının oyunlarını xarici bukmeker kontorlarına “daşıması” yalan deyildi, amma onun özünün bu işdə heç bir əli yox idi. Di gəl ki, UEFA Elxan onun haqqında Müəllimə nələr danışmışdısa, ondan sonra münasibətləri 180 dərəcə dəyişmişdi. İndi Çempionat Ramin özünü bu geniş otaqda əvvəlki kimi lazımlı, əzəmətli hiss etmirdi. Heç nə istədiyini bilməyən, ilk fürsətdəcə adamı satmağa hazır olan mətbuatın da ona əvvəlki kimi böyük marağı yox idi. Elə hansısa tədbirdən-tədbirə mətbuatın qarşısına çıxır, suallarını cavablandırır, özünün lazımsızlığını bir daha hiss edirdi…

Çempionat Ramin həmişə yaxın çevrəsinə “ondan məşqçi olanda məndən də kosmonavt olacaq” dediyi baş məşqçinin qəzetdəki müsahibəsini oxuyaraq, bitirmək üzrə idi ki, qapı döyüldü. Başını aşağı əyib, eynəyin üzərindən qapıya baxaraq “gəl” dedi. Gələn Kadr Kamran idi. Salam verib, oturmaq təklifi gözləmədən masanın qarşısındakı boş stullardan birinə əyləşdi:

  • Ay məllim, belə olmaz da… Yenə bizim oyuna həmin hakimi göndərirsiz.

Çempionat Ramin söhbətin hansı hakimdən getdiyini bilirdi:

  • Bajoğlu, mən Hakimlər Komitəsinin sədriyəm? Komitə var, onun sədri var, gedin nə sözünüz var, ona deyin də.

Çempionat Ramin əslində haqsız da deyildi. Hakimlər Komitəsinin əvvəlki sədrinin dövründə o, çempionat oyunlarına hakim təyinatlarını, daha doğrusu, komitənin sədrini idarə edə bilirdi. Ancaq elə ki, UEFA Elxan əvvəlki komitə sədrinin “başını yeyib”, onu postundan uzaqlaşdırıb, əvəzinə Avstriyadan birini gətirib komitənin başına qoydu, işlər dəyişdi. İndi Çempionat Ramin əvvəlki kimi hakimlərin təyinatına müdaxilə edə bilmirdi. Əksinə, onun qılıncının dalı da, qabağı da kəsən dövrdə hakimlikdən uzaqlaşdırdığı adamların hamısı geri qaytarılmış, hərəsinə bir vəzifə verilmişdi. İndi bu Kadr Kamran gəlib onu oyunlarına istəmədikləri hakimin təyinatında suçlayanda, özündən çıxmasın, neynəsin?

Kadr Kamran təmiz qırxılmış üzündə görünən xırda tər damcılarını cibindən çıxardığı yaylıqla silib, narazılıqla deyindi:

  • Mən bilmirəm, indi burdan çıxıb UEFA Elxanın yanına gedəcəyəm. Ona da öz narazılığımı bildirəcəyəm. Görürsüz ki, komandamızda vəziyyət pisdir, mətbuat bir yandan, azarkeşlər o yandan hücum edirlər. Belə kritik vaxtda oyunumuza bizim komandamızı sevməyən hakimi göndərirsiz.

Kadr Kamran UEFA Elxanın ən üzdə olan kadrlarından biri sayılırdı. O, əvvəlcə “Sumqayıt” klubunun prezidenti təyin olunmuş, amma orda yarıtmamışdı. Ancaq bir gün UEFA Elxan bu yarıtmaz kadrını gözlənilmədən ölkənin ən köklü klubu olan “Neftçi”nin prezidenti postuna gətirdi. Kadr Kamranın başında dayandığı kluba hər il böyük məbləğdə büdcə ayrılsa da, o, burda da yarıtmırdı. Komandası çempionluq mübarizəsində “Qarabağ”a açıq-aşkar uduzurdu. Bu azmış kimi, Avropada da işlər yaxşı deyildi. İndi “Neftçi”nin az qala hər oyununda azarkeşlərin “Kamran, istefa” səslərini eşitmək olardı. Bütün bunlar Kadr Kamranı hövsələdən çıxarırdı. O, günahı özündə, yarıtmazlığında axtarmaq əvəzinə başqalarına hücuma keçirdi.

Çempionat Ramin bayaq Kadr Kamran otağa girəndə çıxardığı eynəyi yenidən gözlərinə taxıb, qəzeti vərəqlədi:

  • Get, bajoğlu, get, kimin yanına istəyirsən get. Mən Hakimlər Komitəsinin sədri deyiləm, ünvanı səhv salmısan.

Kadr Kamran Çempionat Raminin etinasızlıqla qəzeti vərəqlədiyini görüb, özündən çıxdı:

  • Mənim istefamı tələb edən azarkeşlərin də kimlər tərəfindən öyrədildiyini yaxşı bilirəm! Bu barədə də ölçü götürüləcək. Artıq Mayor Qasımova bu barədə məlumat vermişəm, o öyrədilmiş adamların hamısı stadiondan əli-qolu bağlı polis bölməsinə aparılacaq!

Çempionat Ramin bu dəfə gözlərini qəzetdən ayırmadan “yaxşı edəcəksən, bajoğlu, yaxşı edəcəksən” deməklə kifayətləndi. Amma az sonra qapının möhkəmcə çırpılmasının yaratdığı səs başını qəzetdən qaldırmağa səbəb oldu. Deyəsən, Kadr Kamran bütün hirsini qapıdan çıxmaq istəmişdi.

(davamı olacaq)

Kürşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button