“Onları da, onlara bu bayrağın dəyərini anlada bilməyənləri də iti qovan kimi qovmaq lazımdır” SORĞU
Tokioda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları bir neçə gündür müxtəlif yarışlar üzrə mübarizəyə başlayıblar.
Komanda.az xəbər verir ki, Azərbaycanın artıq 21 idmançısı olimpiadanı medalsız başa vurub. Cüdo üzrə yığmanın 7 üzvü Tokio-2020 ilə vidalaşıb. Azərbaycanın turnirdəki bayraqdarları, cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova da yarışı medalsız başa vurub. Boks yarışlarında Azərbaycanı təmsil edən legioner idmançı və ölkənin medal ümidlərindən olan Lorenzo Sotomayor da ilk mərhələdəcə mübarizəni dayandırıb.
Tokio-2020-də Kosovo, San Marino, Küveyt, Türkmənistan, Gürcüstan, İran kimi ölkələrin təmsilçiləri artıq medal qazana biliblər. Lakin idman ölkəsi adlandırılan və bu sahəyə böyük pullar xərclənən Azərbaycanda isə hələ medal üzünə həsrət qalınıb.
Bəs Azərbaycan təmsilçilərinin Olimpiya Oyunlarında uğursuz çıxışının səbəbi nədir? Əksəriyyəti uğur qazanmayan əcnəbi idmançıların milliləşdirilməsinə nə ehtiyac var? Bununla bağlı idman yazarlarına müraciət etdik.
Səbuhi Musayev, (“oxu.az”)
“Artıq 21 idmançı yarışlarla vidalaşıb. Elələri var idi ki, onlara medal ümidimiz yox idi. Bəzilərindən də əksinə, medal gözləyirdik. Məni ən çox yandıran onların medalsız qalması deyil, yəni idmanda hər şey ola bilər. Məni ən çox yandıran bu qədər çəkilən əziyyətin və xərclənən pulların qarşılığında idmançıların yarışla belə tez vidalaşmalarıdır. Məsələn, Milad Beiqi Hərçəqanidən qızıl medal gözlənirdi. Ancaq o, gözlənilməz şəkildə məğlub oldu. Digər taekvondoçu Fəridə Əzizova daim olimpiadalarda çıxış etsə də, nəticə olmur. Bayraqdarımız idi və məsuliyyət hissi onda daha çox olmalı idi. Amma ilk görüşündə məğlub oldu. O, daha əvvəl üç dəfə olimpiadada çıxış edib. Özü də bildirmişdi ki, artıq daha təcrübəlidir və səhvlərindən dərs çıxarıb. Amma biz tam əksini gördük. Cüdoçular haqda da bu fikirləri demək olar. Kəramət Hüseynov və Murad Fətiyev hələ gəncdir və onlardan medal gözləmirdim.
Legionerlərdən Anna Basta (sablyaçı) açıqlama verib ki, ikinci mərhələdə uduzmuşam. Hərçəqani də həmçinin. Sanki Olimpiadada çıxış etmək böyük qəhrəmanlıqdır. Düşünmürlər ki, erkən məğlub olmaları Azərbaycan xalqını qıcıqlandırıb. Bunların fonunda belə açıqlama vermək düzgün deyil. Bəzi legionerlər var ki, ümidləri doğrultmur. Obyektiv olmaq lazımdırsa, bu, təkcə legionerlərə deyil, yerli idmançılara da aiddir. Ümumilikdə, Azərbaycan idmanına yenilənmə vermək lazımdır. Bundan sonra gənclərə şans vermək və bildirmək lazımdır ki, müəyyən müddət üçün Azərbaycan idmanından nəticələr gözləməyin. Gəncləşdirmə siyasəti aparılmalı, ardıcıl böyük yarışlara aparılan və nəticə verməyən idmançılar yığmadan kənarlaşdırılmalı, onların yerinə gənclər gətirilməlidir. Həmin də gənclərdən bir müddətlik nəticə gözlənilməməlidir”.
Sənan Abdullayev, (“Xəzər” TV)
“Yeganə səbəb illərdir maliyyə qalxanı altında gizlənən federasiyalardakı bərbad idarəçilikdir. İndi gördüyümüz nəticələr idmanımızın real simasıdır. Cüdo istisna olmaqla, hər yerdə əvvəlki maliyyənin cüzi bir hissəsi qalıb. Hələ 2016-cı ildə gələn olimpiadada cüdomuzda fiasko olacağını yazmışdım. Falçı və ya ekstrasens deyildim. Sadəcə, indiki heyətin “Neftçi”dəki idarəçiliyini analiz etmək bəs edirdi. Bu federasiya Rio olimpiadası daxil, sabiq rəhbərliyin yetişdirdiklərini xərclədi. O da tükənməli idi. Digər medal ümidi taekvondoda da durum fərqli deyil. 12 il ərzində bir nəfər dünya səviyyəli idmançı yetişdirilmədi. Çünki pul var idi və ən rahatı xaricdən gətirib nəticə qazanmaq idi. Pul bitəndə isə reallıq üzə çıxır. 14 ildir qadın güləşi deyəndə Mariya Stadnikdən başqa ad çəkə bilmirik. Bəs bu qədər pul hara getdi, kim xərclədi? Legioner gətirilməsinə qarşı deyiləm. Çünki bu, cüzi də olsa, bizimkilərin özündən razılığının qarşısını alır. Amma Mariya Stadnik, Xetaq Qazyumov, Şərif Şərifov kimi legionerlər daha gəlmir. Səbəb maliyyə və məşq şəraitidir. Bir adam ölkəsini iki şey üçün tərk edir: maliyyə və şəraitə bağlı gələcək olimpiya çempionluğu şansı. Bunu da verməyəcəksənsə, gələnlər də, qalanlar da elə bu olimpiadadakı kimi olacaq. Niyə həmin legionerlər zəif çıxış edir? Çünki illərdir yerlərinə kimsə qoyulmur, yetişdirilmir. Məsələn, Azərbaycan çempionatında bir əllə qələbə qazanırlar. Həm də, bu, legionerlər üçün əziyyətsiz pul qazanmaq imkanıdır. Yerli rəsmilər onları öz adlarına yazdırıb nəticələrdən gəlir əldə edirlər.
Bəzən bir legioner bir federasiyanın varlığının, dolayı yolla, onlarla bu ölkəyə nəsə qazandıracaqları şübhəli olan adamların iş və qazanc səbəbidir. Mən legionerə qarşı deyiləm, amma bayrağım altında çıxış edən adam Milad Hərçəqani, Lorenzo Sotomayor kimi, uduzandan sonra da həyasızcasına gülürsə, onları da, onlara bu bayrağın dəyərini anlada bilməyənləri də iti qovan kimi qovmaq lazımdır. Bir sözlə, Azərbaycan idmanında köklü idarəçilik inqilabına ehtiyac var”.
Sahib Əsədbəyli, (“fanat.az”)
“Tokio-2020-nin 5 il əvvəlki Rio Olimpiadası səviyyəsində keçməyəcəyi əvvəlcədən məlum idi. Heyət heç London-2012 qədər ümidverici deyil. Çünki qeyd olunan illərlə müqayisədə əksər federasiyaların maliyyə dayaqları xeyli zəifdir. Braziliyada medal “boğça”mıza bir gümüş, bir bürünc qatan avarçəkmə adlı idman növü isə sanki heç yox imiş.
Bununla belə, yarısı yerli, yarısı da legionerlərin hesabına 6-7, ən yaxşı halda 10 medalın qazanılacağı proqnozlaşdırılırdı. Çıxışlarını başa vuran idmançılardan xüsusən, taekvondoçu Milad Beiqi Hərçəqani və cüdoçu Rüstəm Orucov mükafata iddialı təsir bağışlayırdı. Həmçinin cüdodan Kəramət Hüseynov, Orxan Səfərov, Məmmədəli Mehdiyevin də imkanları az dəyərləndirilmirdi. Qalanların əksəriyyəti onsuz da “əsas iştirakdır” prinsipiylə Oyunlara qatılmışdı. Ümumi götürəndə, Miladın medalsız qalmağı və cüdonun 7 cəhdin hamısını boşa verməsi böyük uğursuzluq kimi diqqət çəkir. Qarşıdakı günlərdə güləş, karate, həmçinin boksdan üst-üstə bir neçə medal götürmək olar. Sadəcə, qızıl medalın olması çox qaranlıqdır.
Tokio Yay Olimpiya Oyunlarına lisenziya yarışları və hazırda yaşanananlar mənzərənin sadəcə hamıya görünən tərəfi oldu. Hər şeyi pandemiyanın doğurduğu məhdudiyyətlərin, bir müddət zalların bağlı qalmasının üstünə atmaq məsuliyyətdən yayınma cəhdindən başqa bir şey deyil. Səbəblər dərindədir.
Uzun illərdir idmana yanaşmadakı pərakəndəliyin, gələcəyə hesablanmamış addımların ilk fürsətdə bura gətirib çıxaracağı gün kimi aydın idi. Tokio oyunlarını qoyaq bir qırağa, yaxın illərlə bağlı ümidli danışmağa bir səbəb görünmür. Bu gedişlə üç il sonra keçiriləcək Paris Olimpiadasında vəziyyət daha pis olacaq. Çünki ayrı-ayrı növlər üzrə yerli gənclərin də durumu ürəkaçan deyil. Ölkədə uşaq-yeniyetmə idmanı heç vaxt yaxşı vəziyyətdə olmayıb, son illər isə ümumiyyətlə, yox dərəcəsindədir. Anarxiya, kütləvi milliləşdirmə “işbazlığ”ı çox perspektivli idmançının, işinə can yandıran idman adamının əlini-qolunu bağlayıb işindən soyutdu və ya axına qoşulub “üzməyə” vadar etdi.
Dövlət idmanın həqiqi inkişafında maraqlıdırsa, yaxın zamanda inqilabi addımlar atılmalıdır. Yox, “yuxarılar”ın razılığı ilə Tokiodan sonra daha çox nəzərə çarpacaq boşluqlar milliləşdirmə hesabına doldurulacaqsa, heç nəyə nail olmayacağıq, zamanla daha geri gedəcəyik və bir gün idman hamının yadından çıxacaq”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin