Toğrul Eratın komandası pley-offda
Futbol üzrə Türkiyə 2-ci liqasında sonuncu – 34-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” klubu da bu gün növbəti matçına çıxmalı idi.
Sözügedən kollektiv doğma meydanda autsayderlər qrupunda qərarlaşan “Tokatspor”la üz-üzə gəlməliydi. Amma liqanı tərk etməsi dəqiqləşən sözügedən komanda bu oyuna gəlmədiyindən, matç baş tutmayıb.
Böyük ehtimalla bu oyuna görə TFF “Tokatspor”a texniki məğlubiyyət verəcək. Beləcə, çempionatın əsas hissəsini 65 xalla 18 kollektiv arasında 2-ci pillədə başa vuran “Fatih Karagümrük” baş tutmayan oyuna görə əldə edəcəyi növbəti 3 xal sayəsində liderlə xal ehtiyatını bərabərləşdirəcək. Amma istənilən halda çempion ola bilməyəcək “Fatih Karagümrük” TFF 1-ci liqaya vəsiqə qazanmaq üçün pley-off oyunlarında qüvvəsini sınamalıdı. Eratın komandası bu yolda öncə “Şanlıurfaspor”a qalib gəlməlidi. Sözügedən rəqiblə ilk oyun mayın 9-da səfərdə, cavab görüşü isə ayın 13-də evdə baş tutacaq.
Bizi Facebook-da izləyin