Toğrul Əsgərov: “Hər bir gəncəli futbol azarkeşi kimi istəmişəm ki…”
Gəncədə “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində olimpiya çempionu Toğrul Əsgərov haqqında çəkilən film nümayiş olunub.
Komanda.az xəbər verir ki, filmdə güləşçinin həyatı əks olunub. Filmin nümayişinə Gəncənin idman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, “Kəpəz” klubunun rəsmiləri də dəvət alıb. Filmin təqdimatından sonra Əsgərov çıxış edərək, “Kəpəz” klubu haqda fikirlərini bildirib:
“Güləşi seçməsəydim, mütləq futbolçu olardım. Bütün gəncəli futbol azarkeşləri kimi “Kəpəz” mənim də uşaqlığımın komandasıdır. Səkkiz yaşımdan başlayaraq stadiona gedib doğma komandamıza dəstək verdiyim günlər heç vaxt yadımdan çıxmaz.
Həmişə istəyirəm ki, klubumuz zirvələrdə olsun, bu yolda müəyyən addımlar atılsın. Mən də əlimdən nə gəlirsə, etməyə çalışıram. Hərdən bazaya gedib, futbolçulara mənəvi dəstək verirəm.
Bu klubun rəhbərliyində təmsil olunan bütün insanlarla münasibətim daim yaxşı olub. Bu gün də belədir. “Kəpəz”in yaxşı oyunlar göstərməsini, irəliləməsini, uğur qazanmasını arzulayıram. Hər bir gəncəli futbol azarkeşi kimi istəmişəm ki, Gəncə klubu Premyer Liqada yarışsın, “Qarabağ” və “Neftçi” ilə eyni cərgədə dursun. Ümid edirəm ki, gələn il komanda elitada mübarizə aparacaq”.
Bizi Facebook-da izləyin